RU

"Gəlib dedi ki, sevgilini aparmaq istiyrəm, mən də dırnaqtutanla vurdum"

Naxçıvanda kafedə sevgilisini aparmaq istəyən tanışını dırnaqtutanın iti hissəsi ilə bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb. Naxçıvan Şəhər Məhkəməsi amnistiya aktını tətbiq edərək təqsirləndirilən Amil barəsindəki cinayət işinə xitam verib.

Hadisə ötən il iyulun 12-də gecə saat 3 radələrində Naxçıvan şəhərindəki kafelərdən birində baş verib. Mübahisəyə səbəb kafedə tərəflərdən birinin digərinə yaxınlaşaraq yanındakı qadını aparmaq istədiyini bildirməsi olub. Tərəflər arasında yaranan münaqişə qısa müddətdə davaya çevrilib.

İstintaq materiallarına görə, Amil kafedə sevgilisi Günel və dostları ilə əyləşdiyi vaxt sərxoş vəziyyətdə olan Elçin onlara yaxınlaşıb və musiqi sifarişi vermək istəyib. Daha sonra Elçinin Güneli aparmaq istədiyini deməsi Amilin xoşuna gəlməyib və tərəflər məsələni aydınlaşdırmaq üçün kafenin həyətinə düşüblər.

Kafenin qarşısında, avtomobilin yanında dava davam edən zaman Amil cibindəki açar bağlamasında olan dırnaqtutanın iti, kəsici hissəsini açaraq Elçinin qarın nahiyəsinə zərbə endirib. Spirtli içkinin təsirindən yaralandığını dərhal hiss etməyən Elçin avtomobilinə minib ərazidən uzaqlaşıb. Bir qədər getdikdən sonra bədənindən qan gəldiyini görən zərərçəkmiş xəstəxanaya müraciət edib və həkimlər tərəfindən yaraya iki tikiş qoyulub.

Məhkəmənin qərarı ilə Milli Məclisin qəbul etdiyi "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında qərara əsasən Amil cinayət məsuliyyətindən azad edilib və onun barəsindəki qətimkan tədbiri ləğv olunub.

Fariz Məlikli
Demokrat.az

Избранный
26
2
demokrat.az

3Источники