Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. 1news.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı-Quba yolunun 64-cü km-də baş verən qəza ilə bağlı çağırış qeydə alınıb. "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Yardım briqadası tərəfindən 2015-ci il təvəllüdlü şəxs (qadın cinsli) döş qəfəsinin qapalı zədəsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Tibbi xidmətlər göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra pasiyent ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında tibb müəssisəsindən buraxılıb", - deyə məlumatda bildirlir. Qeyd edək ki, hadisə Yaşma bağları ərazisində baş verib. ATECO və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb. 29.05.2026 17:50 Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində - Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 1news.az report-a istinadən xəbər verir ki, ATECO və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.