RU

​DÖVLƏT KİMİ SƏRHƏDİN OLSUN

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xaləddin İbrahimli,

professor

Bir dəfə gecə saat on birdə gələn iş mesajına cavab verdiniz və ya qohum məclisində sizə aid olmayan suallara məcbur qalıb gülümsəyərək dözdünüz. Bir dəfə də “yox” demək istədiyiniz halda mübahisə çıxmasın deyə susdunuz. Problem ondadır ki, münasibətlərdə bir dəfə olan şey çox vaxt “birdəfəlik” qalmır. İnsanlar yalnız dediyimizi yox, dözdüyümüzü də yadda saxlayırlar.

Əgər kimsə sərhədinizi bir dəfə aşır və siz etiraz etmirsinizsə, təkrar ehtimalı artır. Çünki münasibətlərdə qaydalar qanun kitabından yox, siqnallardan, mesajlardan öyrənilir. Sizi hər şeyə dözən, hər xahişə “olar”, hər müdaxiləyə “problem deyil” deyən biri kimi oxuyurlarsa, çox adam bunu açıq qapı kimi qəbul edir. Açıq qapı olmaq xeyirxahlıq kimi görünə bilər; amma kilidsiz qapı olmaq təhlükəlidir.

Psixologiya bu fərqi çoxdan izah edir. Assertivlik - yəni öz ehtiyacını aqressiyasız, aydın və hörmətli şəkildə bildirmək - kobudluq deyil, bacarıqdır. Araşdırmalar göstərir ki, assertivlik təlimi müxtəlif qruplarda stressi, narahatlığı və özünü sıxma meylini azalda bilir. Məktəblilər, xarici tələbələr və səhiyyə işçiləri ilə aparılmış tədqiqatlar eyni istiqamətə işarə edir: insan öz sözünü deməyi öyrəndikcə həm emosional yükü azalır, həm də təhlükəli və ədalətsiz vəziyyətlərdə “sözümü deməliyəm” refleksi güclənir.

Burada razılıq məsələsi xüsusi əhəmiyyət daşıyır. Razılıq üzrə araşdırmalar bizi xəbərdar edir ki, insanlar sükutu, tərəddüdü və ya əvvəlki yaxınlığı çox vaxt yanlış şərh edir. Hətta bəzi iştirakçılar əvvəlki razılığın növbəti dəfə üçün də keçərli olduğunu düşünür. Halbuki sağlam prinsip tam əksidir: razılıq açıq və aydın olmalıdır, hər dəfə yenidən yaranmalı və geri götürülə bilinməlidr. Sükut “hə” deyil, dünənki “hə” də sabah yenə “hə” olacaq anlamına gəlməz.

Sərhədin niyə gec qoyulduğunu da anlamaq lazımdır. “Öyrənilmiş çarəsizlik” ədəbiyyatı göstərir ki, insan dəfələrlə “heç nə dəyişmir” hissi yaşadıqda passivləşə bilər. Bu, zəiflik əlaməti deyil; psixikanın bəzən nəzarətsizliyə verdiyi cavabdır. Ona görə də sərhəd mövzusundan danışarkən məqsəd insanları utandırmaq yox, onları danışmağa və özünü ifadə etməyə təşviq etmək olmalıdır. Bəzən insan ilk dəfə “yox” demir; çünki əvvəllər dediyi “yox” eşidilməyib. Məsələ elə buradadır: sərhəd təkcə cəsarət məsələsi deyil, həm də mühit məsələsidir.

İnsan hüquqları dili ilə desək, şəxsi sərhəd əhvali-ruhiyyə məsələsi deyil. Şəxsi təhlükəsizlik, özəl həyat, məlumatlı razılıq, bədən bütövlüyü və muxtariyyət hüquqi dəyərlərdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insanın azadlıq və şəxsi təhlükəsizlik hüququndan, özəl həyata müdaxilədən qorunmasından danışır. Dünya Sağlıq Tərşkilatı bədən bütövlüyü və məlumatlı razılığı sağlıq hüququnun tərkib hissəsi sayır. UNESCO isə açıq deyir: razılıq əvvəlcədən, azad, aydın və məlumatlı olmalıdır; geri də götürülə bilər. Deməli, sərhəd qoymaq “naz” deyil, subyekt olmaqdır.

“Bizim mədəniyyətdə belədir” arqumenti tez-tez səslənir: böyüyə “yox” deməzlər, qohuma cavab qaytarmazlar, işdə hər zəngə cavab verilməlidir. Amma mədəniyyət hörməti öyrədə bilər, sərhədsizliyi yox. UNESCO-nun dili ilə desək, mədəni müxtəliflik insan ləyaqətini və hüquqları məhdudlaşdırmaq üçün əsas ola bilməz. Bu gün hətta dövlətlər belə sərhədi qaydaya salır: Avstraliyada “right to disconnect” işçilərə iş vaxtından sonra edilən zəng, mesaj və e-poçtlara cavab verməkdən imtina etmək imkanı verir.

Avropada isə bu yanaşma müxtəlif ölkələrdə fərqli qaydalarla tətbiq olunur. “Disconnect” siyasətlərinin əsas məqsədi iş və şəxsi həyat arasındakı sərhədi qorumaq, işçinin daimi əlçatan olmasının qarşısını almaq, stress və tükənməni azaltmaqdır. Bu baxımdan həmin rejimlər iş–şəxsi həyat balansını təmin edən mühüm əmək hüququ aləti kimi çıxış edir. Deməli, “sərhəd ayıbdır” yox, “sərhədsizlik baha başa gəlir” demək daha doğrudur.

Bəs nə etməli? Əvvəlcə sərhədi izahlı yox, aydın qoymaq lazımdır. “Mən bu mövzuda danışmaq istəmirəm”. “İş saatından sonra yalnız təcili hal olarsa yazın”. “Mən buna razı deyiləm”. “Bu dəfə edə bilməyəcəyəm”. “Sualınızı başa düşdüm, cavab verməyəcəyəm”. Diqqət edin: bu cümlələr nə təhqirdir, nə də yalvarış. Bunlar pasport nəzarəti kimidir - kim, hara, hansı şərtlə keçə bilər, onu bildirir. İkinci addım nəticədir: deyilən söz davranışla dəstəklənmirsə, siqnal yenə qarışır. Telefonu gecə səssizə almaq, mövzunu bağlamaq, otaqdan çıxmaq, cavabı sabaha saxlamaq da sərhədin bir hissəsidir.

Nəhayət, dövlətin sərhədi onun düşmənçiliyinin deyil, suverenliyinin əlamətidir. İnsanın sərhədi də elə. Sərhəd münasibəti dağıtmır; əksinə, hər kəsin nəyi qəbul edib-etmədiyini aydınlaşdıraraq münasibəti qorumağa kömək göstərir. Açıq qapı olmaq mərhəmət sayıla bilər. Amma hər kəsin istədiyi vaxt daxil olduğu evdə nə rahatlıq qalır, nə hörmət, nə də sahiblik hissi. İnsan da bir dövlətdir: xəritəsi, hüququ, girişi və qadağan zonası olmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
azpolitika.info

1Источники