“Son günlər bəzi əxlaq və tərbiyə anlayışından uzaq, qərəzli şəxslər tərəfindən haqqımda yalanlar, böhtanlar və təhqirlər səsləndirilir. İnsan öz sözləri, davranışları və əməlləri ilə tanınır. Təhqiri, böhtanı və qarayaxmanı fəaliyyət üsuluna çevirənlər əslində öz mahiyyətlərini və səviyyələrini ortaya qoyurlar”.
Pravda.az bildirir ki, bunu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev deyib.
A.Əliyev qeyd edib ki, o hər zaman milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə və qanunlara hörmətlə yanaşıb, ölkəmizin maraqlarını hər şeydən üstün tutub: “ Dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu mövqeyimə sadiq qalacağam. Yalan və böhtan həqiqəti dəyişdirə bilməz. Mən kiməsə təhqirlə cavab verməyi özümə yaraşdırmıram və özümü həmin insanların səviyyəsinə endirmək niyyətində deyiləm. Mənim cavabım gördüyüm işlər, tutduğum prinsipial mövqe və dövlətimə olan sarsılmaz sədaqətimdir”.
Qeyd: A.Əliyevin Hövsan qəsəbəsində yerləşən 118 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbul zamanı qazi Vətən Cəfərliyə dediyi ifadələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan videogörüntülərdə icra başçısının “Qaziyə yaşıl çay verin içsin, sonra paketi də gözünün üstünə qoysun, keçib gedəcək” deməsi istifadəçilər tərəfindən tənqid edilib.