RU

Qatıqsız almalı peçenye resepti

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Darçınlı almalı içliyi, ağızda dağılan xırtıldayan xəmiri və üzərinə səpilən şəkər pudrası ilə hazırlanan bu peçenye çay saatlarının ən sevilən ev ləzzətlərindəndir. Xüsusilə unun azca qovrulması ilə əldə edilən ətir bu resepti klassik almalı peçenyelərdən fərqləndirir. Tərkibində qatıq istifadə edilmədiyi üçün xəmiri fərqli bir konsistensiyaya malik olur, həm gündəlik çay süfrələriniz, həm də qonaqlar üçün nostalji bir alternativ yaradır.

Milli.Az lazım olan məhsulları təqdim edir:

Xəmiri üçün:

230 qram kərə yağı (və ya marqarin) - otaq temperaturunda

1 çay stəkanı duru yağ

1 ədəd yumurta

4 xörək qaşığı şəkər pudrası

1 paket vanil

1 çay qaşığı qabartma tozu

3.5-4 su stəkanı un

İçliyi üçün:

4 ədəd orta boy alma

1 çay stəkanı şəkər tozu

1 tatlı qaşığı darçın

Yarım su stəkanı iri çəkilmiş qoz (əvəzinə fındıq və ya badam da olar)

İstəyə görə bir neçə ədəd kişmiş

Hazırlanma qaydası

İlk olaraq unun 1 su stəkanını quru bir tavaya tökün. Az odda davamlı qarışdıraraq xəfif rəngi dəyişənə və qovruq qoxusu çıxana qədər qovurun. Daha sonra tamamilə soyuması üçün kənara qoyun.

Rəndələnmiş almaları tavaya alın. Üzərinə şəkər tozunu əlavə edib orta odda almaları öz suyunu çəkənə qədər bişirin. Suyunu çəkdikdən sonra darçın və qozu əlavə edib bir-iki dəqiqə qarışdırın. Hazır olan içliyi ocaqdan götürüb tamamilə soyudun.

Geniş bir qabda otaq temperaturundakı kərə yağını, duru yağı, yumurtanı və şəkər pudrasını yaxşıca qarışdırın. Üzərinə vanil, qabartma tozu və əvvəlcədən qovurub soyutduğunuz 1 stəkan unu əlavə edin. Qalan unu da az-az, idarəli şəkildə tökərək ələ xəfif yapışan, yumşaq bir xəmir yoğurun.

Xəmirdən kiçik parçalar qoparıb əlinizlə və ya oxlovla açın. Ortasına almalı içlikdən qoyub istədiyiniz formada (aypara, rulet və ya torba şəklində) bükün.

Peçenyeləri yağlı kağız sərilmiş soba listinə düzün. Əvvəlcədən 170 dərəcə qızdırılmış (vensilyatorsuz/fansız) sobada, üzəri xəfif çəhrayılaşana qədər təxminən 25-30 dəqiqə bişirin.

Sobadan çıxan isti peçenyelərin üzərinə vaxt itirmədən bolca şəkər pudrası səpin və soyuduqdan sonra servis edin.

Qovurduğunuz unu tamamilə soyumamış xəmirə əlavə etməyin, əks halda yağın əriməsinə və xəmirin korlanmasına səbəb olar.

Almalı içlik tamamilə soyuq olmalıdır. İsti daxil edilən içlik xəmiri yumşaldar və peçenyenin formasının itməsinə, yayılmasına yol açar.

Şəkil verərkən xəmiri həddindən artıq nazik açmayın, yoxsa bişərkən çatlamalar və qırılmalar baş verə bilər.

Peçenyeləri sobada çox saxlayıb qızartmayın. Altı qızarıb, üzəri xəfif ağ-çəhrayı qaldıqda sobadan çıxarın.

Nuş olsun!Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
news.milli.az

1Источники