RU

Kölgə donanması ilə bağlı fəlakət siqnalı

Neft və maye qaz daşıyan "kölgə donanması" tankerlərinin yarıdan çoxu kritik vəziyyətdədir və böyük ekoloji fəlakət təhlükəsi yaradır.

Musavat.com xəbər verir ki, məlumatı dünyanın ən böyük gəmi təkrar emalı şirkəti olan GMS Partnership şirkətinin baş direktoru Anil Şarma Financial Times-a açıqlayıb.

Onun sözlərinə görə, gec-tez böyük bir neft dağılması baş verəcək, və bu, 1979-cu ildə iki tankerin toqquşması nəticəsində 2 milyon bareldən çox neft dağılması ilə müqayisə edilə biləcək qədər böyük qəza ola bilər. Şarma qeyd edib ki, "kölgə" tankerlərinin ən azı üçdə biri dərhal ləğv edilməlidir, halbuki yarıdan çoxu əslində risk altındadır.

Broker Clarksons-a görə, "kölgə donanması" təxminən 1800 gəmidən ibarətdir ki, onlardan təxminən 1500-ü neft tankeridir. Onların əksəriyyətinin yaşı 20 ildən çoxdur, bu yaşda yük gəmiləri adətən ləğv edilir. Bu nöqtədən sonra köhnəlmiş sistemlər və dənizdə illərlə davam edən korroziya onların dənizçilik qabiliyyətini pozur.

Sanksiya tətbiq edilən gəmilərin sahibləri artıq Fars körfəzi böhranı fonunda neft qiymətlərinin kəskin artması və ticarətin gəlirliliyi səbəbindən xidmət müddətlərini qəsdən uzadırlar:  "Bu gəmilər sığortasız, zəif saxlanılır və ixtisassız heyətə malikdir. Bu, sadəcə baş verməsini gözləyən bir qəzadır. Və hələlik ciddi bir şeyin baş verməməsi həqiqətən təəccüblüdür", - deyə ən böyük gəmiçilik şirkətlərindən biri olan CMB Tech-in rəhbəri Aleksandr Saveris bildirib.

Hörmüz boğazının bağlanması bu gəmilərin utilizasiyaya yönəldilməsini ləngidib: Körfəz ölkələri nefti saxlamaq üçün bütün mövcud tankerlərdən istifadə edir. Artıq utilizasiya olunması planlaşdırılan bir neçə gəmi Körfəzdə ilişib qalıb.

Qeyd edək ki, dünya üzrə kölgə donanmanın əsas hissəsi Rusiyaya məxsusdur. Son vaxtlar Rusiya mayeləşdirilmiş təbii qaz ixracı üçün kölgə donanmasını genişləndirir - əvvəllər Oman zavoduna xidmət göstərən dörd tanker artıq sanksiya tətbiq edilən Arktika LNG 2 layihəsindən tədarüklərdə iştirak edir. Bu arada, şirkətlər yeni məhdudiyyətlərin tətbiq olunmasından daha tez sanksiya təzyiqinə uyğunlaşır, gəmilər bayraqlarını, sahiblərini və idarəetmə strukturlarını dəyişirlər.

Musavat.com

Избранный
22
musavat.com

1Источники