RU

“International” BOKT kənar borclanma hesabına kredit portfelini xeyli böyüdüb

“International” BOKT ASC 2025-ci ili 5.55 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki ilin 4.82 mln. manat mənfəəti ilə müqayisədə 15.1% çoxdur. Mənfəətdəki artım əsasən xalis faiz gəlirlərinin 31.8% yüksələrək 18.39 mln. manata çatması hesabına təmin olunub.

Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.

Bununla yanaşı, maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərləri üçün yaradılan ehtiyatlar 45.6 min manatdan 1.07 mln. manata yüksəlib, faiz xərcləri isə 47.4% artaraq 5.71 mln. manat olub. Buna baxmayaraq, faiz gəlirlərinin 35.2% artaraq 24.10 mln. manata yüksəlməsi mənfəət artımını dəstəkləyib.

BOKT-nin gəlirləri 24.53 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 35% artım deməkdir. Eyni dövrdə ümumi xərclər 17.5 mln. manata çataraq 34% yüksəlib. Nəticədə mənfəət vergisindən əvvəlki mənfəət 16.7% artaraq 7.03 mln. manata yüksəlib.

2025-ci ilin sonuna “International” BOKT-un cəmi aktivləri 60.65 mln. manat təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 33.2% çoxdur. Müştərilərə verilmiş kreditlərin həcmi 51.26 mln. manata yüksələrək 35% artıb. Kredit portfeli aktivlərin 84.5%-ni formalaşdırıb ki, bu da şirkətin əsas fəaliyyətinin kreditləşmədən asılı olaraq qaldığını göstərir. Aktivlərin böyüməsinin əsas mənbəyi də məhz kredit portfelinin genişlənməsi olub. Eyni zamanda kredit zərərləri üzrə ehtiyatların 23 dəfədən çox artması portfeldə artıb.

BOKT-nin aktivlərində müşahidə olunan dinamik böyümə, əsasən kənar borclanmanın kəskin şəkildə artması hesabına maliyyələşdirilib. Hesabat dövründə banklardan və digər maliyyə institutlarından birbaşa alınan borcların həcmi təxminən 72.5% artaraq 15.2 milyon manatdan 26.22 milyon manata yüksəlib. Bununla yanaşı, təşkilatın kapital bazarlarından cəlb etdiyi vəsaitləri əks etdirən buraxılmış istiqrazların qalıq dəyəri də artım nümayiş etdirərək 13.2 milyon 16.33 milyon manata çatıb. Borclanma portfelinin bu cür sürətli genişlənməsi BOKT-nin maliyyə xərclərinə də birbaşa təsir göstərib və faiz xərclərinin əhəmiyyətli dərəcədə yüksələrək 3.87 milyondan 5.71 milyon manata çatmasına səbəb olub.

Nəticə etibarilə, hesabat tarixinə cəmi öhdəliklər illik müqayisədə 38.1% artımla 46.5 mln. manata çataraq 14.15 milyon manat məbləğində olan cəmi kapitalı bir neçə dəfə üstələyir.

Cəmi kapital 19.4% artaraq 14.15 mln. manat olub. Hesabat dövründə nizamnamə kapitalı 25% artırılaraq 10 mln. manata çatdırılıb. Bölüşdürülməmiş mənfəət isə 7.7% artaraq 4.15 mln. manat təşkil edib.

BOKT 2025-ci ildə səhmdarlarına 5.25 mln. manat, 2024-cü ildə isə 3.30 mln. manat dividend elan edib ki, bu da illik müqayisədə 59% çoxdur.

Xatırladaq ki, “International” BOKT ASC 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 mln. manatdır. Səhmdarı Həsənov Nicat Vaqif oğlu (45%), Həsənov Rifat Vaqif oğlu(45%) və Cabbarova Leyla Vaqif qızıdır (10%).

 

Избранный
49
banker.az

1Источники