RU

Hərbi həkimin dəhşətli laqeydliyi əsgər ölümünə səbəb oldu – MƏHKƏMƏ İŞİ

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə əsgər Fariz Sadiq oğlu İsazadənin vaxtında düzgün müayinə və təxliyə olunmaması səbəbindən vəfat etməsi faktı üzrə məhkəmə araşdırmaları davam edir.

Musavat.com xəbər verir ki, hakim qarşısına hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmməd oğlu Məmmədov çıxarılıb.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa laqeyd yanaşma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Faciəvi hadisə 2025-ci ilin aprel-may aylarında cərəyan edib. N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olan əsgər Fariz İsazadə aprelin sonlarından etibarən bədən müqavimətinin azalması və immunitetin zəifləməsi fonunda kəskin respirator infeksiyaya yoluxub.

Müəyyən edilib ki, hələ 4 may 2025-ci il tarixdə 20:00 radələrində xidmət yoldaşları tərəfindən onun bədən hərarətinin 38.5-39 dərəcəyə yüksəldiyi, halsızlıq, iştahsızlıq və kəskin öskürək kimi kliniki əlamətlərin baş qaldırdığı aşkar edilsə də, bu barədə bölüyün zabitlərinə ilkin mərhələdə məlumat verilməyib və xəstə əsgər dərhal tibb məntəqəsinə göndərilməyib. Nəticədə vaxt itkisi orqanizmdə daxili intoksikasiyanı sürətləndirib. Xəstəlik sonrakı mərhələdə infeksion-toksiki şok, distrofik-destruktiv miokardit, ağciyərlərin interstisial pnevmoniyası, damardaxili yayılmış laxtalanma (DYL) sindromu və poliorqan çatışmazlığı həddinə çataraq ağırlaşıb.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, ağır vəziyyətdə olan əsgərin müraciət etdiyi və onun taleyi barədə qərar verməli olan tibb məntəqəsinin rəisi Vaqif Məmmədovun ixtisas profili heç də müalicə işi (terapevt və s.) olmayıb. Sözügedən hərbi həkimin əsl ixtisaslaşması sırf dezinfeksiya işləri (sanitariya-gigiyena) üzrə olub. Ağır pnevmoniya, kəskin intoksikasiya və şok vəziyyətində olan xəstəyə ilkin təxirəsalınmaz daxili tibbi yardım göstərmək üçün müvafiq klinik təcrübəyə və profilə malik olmayan bir şəxsin tibb məntəqəsinə rəhbərlik etməsi və kritik vəziyyətdə səhv qərarlar qəbul etməsi faciəni qaçılmaz edən əsas faktorlardan biri kimi qiymətləndirilir.

Məhkəmədə ifşa olunan digər tükürpədici məqam isə əsgər Fariz İsazadənin xidmət etdiyi hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafə olmasıdır. Tibbi təlimatlara görə, kəskin pnevmoniya və ağırlaşma şübhəsi olan hər bir hərbi qulluqçu dərhal ən yaxın ixtisaslaşmış hospitala köçürülməli idi. Lakin iki addımlıq məsafədə yerləşən hospitala aparılmaq əvəzinə əsgər lazımi tibbi yardımdan məhrum edilib.

İttihama görə, tibb leytenantı Vaqif Məmmədov xəstəni dinləməyib, hərtərəfli obyektiv müayinədən keçirməyib, arterial təzyiqini və nəbzini ölçməyib, tənəffüs hərəkətlərinin sayını müəyyən etməyib və ağciyərlərin auskultasiyasını (dinlənilməsini) aparmayıb. Pnevmoniya şübhəsi olduğu halda, onu II-III səviyyəli yüksək texnologiyalı tibb müəssisəsinə təxliyə etmək əvəzinə cəmi 2-3 dəqiqə ərzində səthi baxış keçirərək yenidən bölüyə, xidmət yerinə qaytarıb!

Əsgər Fariz İsazadə 6 və 9 may tarixlərində tibb məntəqəsinə müraciət etsə də, hər iki halda geri qaytarılıb. Yalnız 10 may 2025-ci il tarixdə o, Qubadakı hərbi hissəyə göndərilib. Orada vəziyyəti tamamilə kritikləşən əsgər tibb məntəqəsinə daxil olub. Onun əl və qarın nahiyəsində göyümtül ləkələr, daxili qanaxma əlamətləri yarandıqdan sonra dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mərkəzi Xəstəxananın reanimasiya şöbəsində göstərilən intensiv müdaxilələrə baxmayaraq, artıq gecikmiş proseslərin qarşısını almaq mümkün olmayıb və əsgər Fariz İsazadə həmin gün vəfat edib.

Ekspertiza rəylərində birmənalı olaraq göstərilir ki, vaxtında - yəni Bakıda hərbi hissədə olarkən düzgün diaqnoz qoyulsaydı və əsgər hospitala təxliyə edilsəydi, onun ölümünün qarşısını almaq mümkün idi.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən tibb leytenantı Vaqif Məmmədov isə özünü təqsirli bilmədiyini qeyd edib. O, ifadəsində aprel və may ayları ərzində mütəmadi olaraq gənc əsgərlərin sağlamlıq durumunu və yataqxanaları şəxsən yoxladığını, Fariz İsazadəni vizual olaraq tam sağlam gördüyünü iddia edib.

Həkimin sözlərinə görə, əsgər şəxsən ona heç bir şikayət etməyib və tibb məntəqəsinin jurnalında stasionar və ya ambulator müalicədə qeydiyyata alınmayıb. O, əsgəri 10 may tarixində digər hərbi hissəyə tam sağlam vəziyyətdə təhvil verdiyini müdafiə edib. Buna baxmayaraq, cinayət işinin materialları, şahid ifadələri və tibbi ekspertizanın rəyləri həkimin xidməti vəzifələrinə vicdansız və laqeyd münasibət bəslədiyini, hərəkətsizliyi ilə bir gənc əsgərin ölümünə birbaşa yol açdığını iddia edir.

Hazırda bu sarsıdıcı cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırladaq ki, əsgər Fariz İsazadənin ölüm işi üzrə Bakı Hərbi Məhkəməsində daha bir məhkəmə işi olub. Həmin iş də hakim Fikrət Əliyevin sədrliyi ilə asraşdırılıb. Əsgərin atası Sadiq İsayev ölkə rəhbərliyinə müraciət edərək oğlunun cəmi 1 ay xidmətdə olduğunu qeyd edib.

Əsgər atasının sözlərinə görə, bu hadisə ailə üçün sağalmaz yara olub:

"Biz övladımızı Vətənə xidmət etmək üçün dövlətə əmanət etmişdik. Təəssüf ki, onu sağ şəkildə geri ala bilmədik. Bu itkinin əvəzi yoxdur. Ancaq heç olmasa ölümünün əsl səbəblərinin müəyyən olunmasını və günahkarların cəzalandırılmasını istəyirik".

Müraciətdə bildirilir ki, hadisə ilə bağlı aparılan cinayət istintaqı hələ də yekunlaşmayıb və ailə baş verənlərlə bağlı bütün həqiqətlərin ortaya çıxarılmadığını düşünür.

Birinci iş üzrə Sadıq Zeynalov və İlqar Abdullayev mühakimə olunublar. Müraciət müəllifi bildirir ki, hər iki şəxsə eyni cinayət maddələri ilə ittiham irəli sürülməsinə baxmayaraq, məhkəmə tamamilə fərqli qərarlar qəbul edib. Belə ki, təqsirləndirilən şəxslərdən biri 5 il 6 ay azadlıqdan məhrum edilib, digəri isə 5 min manat cərimə, ölkədən çıxışın məhdudlaşdırılması və digər hüquqi məhdudiyyətlərlə cəzalandırılıb. Əsgər atası hesab edir ki, eyni ittihamla mühakimə olunan şəxslərə bu qədər fərqli hüquqi qiymət verilməsi ciddi suallar doğurur.

Mərhum əsgərin atası həkim Vaqif Məmmədovun məsuliyyətinin hərtərəfli araşdırılmasını, qanuna uyğun şəkildə cəzalandırılmasını tələb edir. Sadiq İsayev ölkə rəhbərliyindən oğlunun ölümü ilə bağlı cinayət işinin tam, obyektiv və şəffaf araşdırılmasına kömək göstərilməsini, hadisədə təqsiri olan bütün şəxslərin vəzifəsindən və statusundan asılı olmayaraq məsuliyyətə cəlb edilməsini, məhkəmə proseslərinin isə ədalətli və qərəzsiz keçirilməsinə diqqət yetirilməsini xahiş edir.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
31
musavat.com

1Источники