RU

Qələmə yol göstərən insan Qalib İbrahimoğlu yazır

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

... O imzanı orta məktəbdə oxuyanda “Təşəbbüs” qəzetində maraqla oxuyurduq. Yazdığı yazılarda səmimiyyət vardı, peşəkarlıq, doğmalıq hiss olunurdu. Ağlıma belə gəlməzdi illər sonra o imza sahibiylə həmkar olacağıq.

Söhbət Əməkdar jurnalist  Əminə Yusifqızıdan gedir. O Əminə xanım ki, həmişə sözə dəyər verib, qələmə hörmət edib. O Əminə xanım ki, mənim kimi neçə gəncin jurnalistikaya gəlməsində rolu olub...

***

Yevlax mətbəəsi ilə “Təşəbbüs” qəzetinin (sonralar “Kür”) redaksiyası bir ünvanda yerləşirdi. Hər dəfə yazı yazanda birinci mətbəənin pəncərəsindən içəri boylanar, qəzetin neçə çap olunduğuna baxardım. Hər dəfə də mətbəənin iki addımlığında yerləşən redaksiyanın taxta pilləkənləri ilə qalxıb “Yazı gətirmişəm” demək istəyirdim, amma ürək eləmədiyimdən yazını poçt vasitəsilə göndərirdim. Bu, ta ki redaksiyadan evimizə gələn zəngə qədər davam etdi.

Yadımdadı, Yevlaxın istisi adamı bişirən iyul ayı idi. Ev telefonuna (onda mobil telefon heç xəyallarda da yox idi) zəng gəldi:

-“Kür” qəzetinin redaksiyasından Xanım Nəsibovadır. Sabah redaksiyaya gələ bilərsiniz?

Elə bil, dünyanı mənə verdilər həmi an.

-Bəli, - dedim, saatını soruşdum. Və ertəsi gün səhər tezdən “Kür”ün redaksiyasında, Xanım Nəsibovanın rəhbərlik etdiyi şöbənin otağındaydım.

-  Əminə xanım gəlsin, sizi tanış edəcəm.

Bir qədər sonra “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı redaksiyaya daxil olub uca səslə hər kəslə salamlaşdı.

- Müdir, Qalib İbrahimoğludur.

- Ooooo. Yaxşı igidin adını eşit, üzünü görmə. Gəlin otağa.

Xətri bacı qədər əziz olan Xanım Nəsibovayla baş redaktorun kabinetinə keçdik. Ordan-burdan xeyli söhbət etdikdən sonra Əminə xanım bir söz dedi:

- Bu qəzetin qapıları siz gənclərin üzünə açıqdır. Bundan sonra yazılarını postla göndərmək söhbəti bitdi. Özün gəl, çayımızdan iç, yaradıcı mühitlə tanış ol.

Elə də oldu. Və bəlkə də Xanım Nəsibova zəng etməsəydi, Əminə Yusifqızı o sözü deməsəydi, Allah bilir, heç jurnalistikada axıradək olmazdım...

Əminə xanımın isti, xoş münasibəti əməkdaşlara da sirayət etmişdi. “Kür”ün redaksiyasına gedən hər kəs o qədər xoş qarşılanırdı ki, adam özünü doğmalarıyla söhbət edirmiş kimi görürdü.

***

“Kür” qəzeti bizim üçün adi qəzet deyildi. Həftənin üç günü poçtalyonun qəzeti gətirəcəyini səbirsizliklə gözləyirdim. “Kür” bölgənin nəfəsini yaşadırdı. “Kür”  insanların sevincini, problemini, düşüncəsini özündə əks etdirən doğma tribuna idi. Və təbii ki, bütün bunlar Əminə Yusifqızının baş redaktorluğu ilə bütün kollektivin zəhməti ilə araya-ərsəyə gəlirdi.

“Kür”də gənc yazarlara xüsusi diqqət vardı. Rəhbərlik başda olmaqla bütün əməkdaşlar yeni qələmlərə yol açır, onları ruhlandırır, yazmağa həvəsləndirirdi. Mən də o gənclərdən biri idim. İlk yazıların yaratdığı həyəcanı, redaksiyaya gedib-gəlməyin sevincini indi də böyük minnətdarlıqla xatırlayıram.

Hətta bir dəfə “Kür” qəzetinin təşkil etdiyi müsabiqədə iştirak etmişdim və birinci yerə layiq görülmüşdüm. O sevincin, o qürurun təsiri illər keçsə də unudulmur. Çünki bu cür dəyərləndirmələr gənc insanın özünəinamına, gələcək yoluna ciddi təsir göstərir. Bunun arxasında isə yenə də Əminə xanım kimi ziyalı, qayğıkeş redaktorların əməyi, “Kür”ün doğmalaşdığım kollektivinin zəhməti dayanırdı.

“Kür” region qəzetləri arasında həmişə fərqlənib. Bu fərqin əsas səbəbi peşəkar redaktə, yüksək jurnalist etikası və insanlara yaxın olmaq idi. Əminə Yusifqızı həmin ənənəni yaradan və yaşadan qələm adamlarından biri kimi bölgə mətbuatında özünəməxsus iz qoyub.

***

Bu gün Əməkdar jurnalist Əminə Yusifqızının 75 yaşı tamam olur.  Bu əlamətdar yubiley münasibətilə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni nəsillərin sevgisini arzulayıram.

Yazın, yaradın, yaratdığnız məktəb əbədi olsun, Əminə xanım!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
bakivaxti.az

1Источники