RU

Ana südündən inək südünə keçid: Süd haqqında bilməli olduğunuz hər şey

Böyümə və inkişafda süd və süd məhsullarının əhəmiyyəti danılmazdır.


Pravda.az bildirir ki, böyümə üçün zəruri olan protein və minerallar baxımından süd, bənzərsiz bir qida mənbəyidir.


​Həzminin asan olması, infeksiyalardan qoruması, böyümə üçün lazımi protein və enerji mənbəyi olması, həmçinin nevroloji inkişaf üçün tərkibindəki yağ turşuları və minerallar ilə unikal qida mənbəyi olması südü böyüməkdə və inkişaf etməkdə olan uşaqlar üçün vacib qidaya çevirir.


​Həyatın ilk ilində qidalanma zamanı süd olaraq ilk növbədə ana südünün istehlakı təşviq edilir, əgər ana südü qətiyyən verilə bilmirsə, süni uşaq qidalarından istifadə edilməsi tövsiyə olunur. Bir yaşından əvvəl inək südünün istifadəsində diqqət yetirilməli məqamlar var. Altıncı aydan etibarən fermentləşdirilmiş süd məhsulları olan pendir və qatıq, inək südünə qarşı allergiyası olmayan körpələrə tamamlayıcı qida olaraq tövsiyə edilir.


​Bu məhsullar protein və kalsiumla zəngindir və fermentləşdirildiyi üçün həzmi asandır. 1 yaşından sonra ana südü və ya süni qida qəbul edən körpələrə inək südü də verilməyə başlana bilər. Ana südü ilə qidalanan körpələr başlanğıcda süni qida və ya inək südü qəbul etməyə istəkli olmaya bilər, lakin bu, böyük bir itki deyil. Belə körpələrin gündəlik rasionuna süd məhsulu olan pendir və qatıq əlavə etmək də kifayətdir. Süni qida qəbul edən körpələrin isə gündəlik qidalanmasının bir hissəsi inək südü ilə əvəz edilə bilər. Əgər yalnız inək südü veriləcəksə, bu, gündəlik 500 ml-i keçməməlidir. İnək südünə qarşı allergiyası müəyyən edilmiş körpə və uşaqlarda isə xüsusi protein tərkibli qidalardan istifadə edilməlidir.


​Südün tərkibində nələr var? Südün faydaları nələrdir?


​Süd əsas protein olmaqla, kalsium, fosfor, A və B vitaminləri, yağ turşuları və minerallar ilə böyümə və inkişafı dəstəkləyir. Heyvani proteinlərin qida rasionunda kifayət qədər qəbul edilmədiyi hallarda yaxşı bir protein mənbəyidir.


​Kalsium mənbəyi olaraq, xüsusilə həyatın ilk illərində kifayət qədər istehlak edildikdə sümük və diş inkişafına müsbət təsir göstərir. Yeniyetməlik dövründə, boyun sürətlə uzandığı zaman sümüklərin kifayət qədər kalsium depolaya bilməsi üçün gündəlik 2 stəkan süd içilməlidir. Həzmi asanlaşdırır. Enerji mənbəyidir. Uşaqlarda ara paylarda (atışdırmalıq olaraq) meyvə ilə birlikdə istehlak edildikdə qan şəkərini yavaş-yavaş yüksəldir, tez acmağın qarşısını aldığı üçün onları zərərli qidalardan (abur-cuburdan) uzaq tutur. Saç və dırnaqların sağlam böyüməsini təmin edir.


​Süd içməyi sevməyən uşaqların qidalanmasında çatışmazlıq yaranmaması üçün onlara fərqli süd məhsulları da verilə bilər. Məsələn, 1 kasa qatıq və 2 kibrit qutusu ölçüsündə ağ pendir gündəlik kalsium ehtiyacını qarşılayır. Bundan əlavə, südlə hazırlanan pudinq, südlü aş, püre və şorbalarda da istifadə edilə bilər. Pendir də südün əvəzinə yeməklərə əlavə oluna bilər.


​Uşaqlara südü necə sevdirmək olar?


​Bir yaşından etibarən gündəlik olaraq səhər yeməyində və ara paylarda süd verməyi vərdiş halına gətirin. Miqdarına diqqət yetirilməli, süd əsas yemək olmamalıdır.


​Evdəki digər ailə üzvlərinin də süd içməyə davam etməsi uşaq üçün həvəsləndirici olar.


​Boyunun uzun olmasını istəyən və tanıdığı ucaboylu insanların süd içdiyinə görə belə olduğunu düşünən uşaq, südü daha çox sevəcək. Əlbəttə ki, boyun genetik faktorlar və idmanla da əlaqəli olduğu ona xatırladılmalıdır.


​1 yaşından böyük uşaqların südünə az miqdarda bal və ya meyvə qatıla bilər. Lakin bundan sonra su içmək və dişləri fırçalamaq unudulmamalıdır.


​Süd içilən stəkanlar uşağın zövqünə uyğun seçilə bilər, rəngli pipetlərdən istifadə oluna bilər.


​Bağçada digər uşaqlarla birlikdə yemək saatlarında süd içmələri təşviq edilə bilər, faydaları vurğulana bilər.


​Kitablar, cizgi filmi qəhrəmanları, reklamlar, oyunlar və hekayələr vasitəsilə südün faydaları izah edilə bilər.


​Südün qoxusunu sevməyən uşaqlar üçün vanil, kakao və ya darçın ilə fərqli dad və qoxu vermək olar.


​Otağına asacağınız boy ölçən xətkeşdə müəyyən aralıqlarla ölçdüyünüz göstəriciləri qeyd edib, böyüməsinin içdiyi süd sayəsində olduğunu izah edə bilərsiniz.


​Güc tələb edən fəaliyyətləri yaxşı yerinə yetirdikdə, bunu da südlə əlaqələndirə bilərsiniz.


Əminə Bayramova 

Tarix: 1 İyun 2026, 14:19   
Избранный
42
pravda.az

1Источники