Panama millisinin və “Turan Tovuz”un mərkəz müdafiəçisi Roderik Miller Braziliya yığması ilə yoxlama oyununun iştirakçısı olub.
Arena.az xəbər verir ki, DÇ-2026-nın iştirakçıları olan Braziliya və Panama milli komandaları arasında bu gün Rio-de-Janeyrodakı “Marakana” stadionunda yoxlama matçı keçirilib.
Görüş Braziliya millisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın iştirakçıları sırasında “Turan Tovuz”un müdafiəçisi də olub. 34 yaşlı futbolçu 64-cü dəqiqədə meydana buraxılıb.
Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətində yer alıb. Bununla da Miller Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına dəvət almış ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Panama millisi dünya çempionatında Xorvatiya, İngiltərə və Qana yığmaları ilə birgə L qrupunda mübarizə aparacaq.
Xatırladaq ki, Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisinin heyətində 80 oyuna çıxıb, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.
Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.
Roderik Panama millisində 48 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.
