Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) karate üzrə Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) məşqçi-müəllimi Mədinə Sadıqova ilə görüş keçirilib.
Görüşdə Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə idmanın inkişafının, sağlam həyat tərzinin təşviqinin ölkə başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu sosial siyasətə dəstək göstərərək idmanın kütləviliyinin artması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Qeyd edilib ki, 2025-ci ildə AHİİTA-nın idmançıları müxtəlif yarışlarda ümumilikdə 306 medal qazanıblar. Mədinə Sadıqovanın qazandığı qızıl medal Azərbaycan idmanının növbəti böyük uğurlarından biridir və idmançımız böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçidir. AHİİTA-nın karate üzrə məşqçi-müəlliminin bu nailiyyəti həm Azərbaycan idmanının, həm də həmkarlar ittifaqları ailəsinin uğurudur.
Avropa çempionu Mədinə Sadıqova qazandığı qələbənin sevincini bölüşərək özünün idman həyatından danışıb, Azərbaycanda idmançılar üçün dövlət tərəfindən yaradılan geniş imkanların, eləcə də AHİİTA tərəfindən göstərilən dəstəyin onun peşəkar inkişafında mühüm rol oynadığını bildirib.
Mədinə Sadıqova göstərilən diqqət və qayğıya görə təşəkkür edib, gələcək yarışlarda da Azərbaycan Bayrağını yüksəklərdə dalğalandırmaq üçün əzmlə çalışacağını deyib.