“AzKredit” ASC 2025-ci ildə 884 min manat xalis mənfəət açıqlayıb. Bu göstərici bir il əvvəlki 1 milyon 148 min manatla müqayisədə 23% aşağı düşüb.
Banker.az BOKT-nin illik audit hesabatına istinadən xəbər verir ki, mənfəətin azalmasında əsas amil xalis faiz gəlirlərinin artımını üstələyən əməliyyat xərclərinin kəskin yüksəlməsi olub. Belə ki, inzibati və əməliyyat xərcləri 334,2 min manatdan 334,2 min manata, əmək haqqı və işçilərlə bağlı xərclər isə 912,5 min manatdan 983,9 min manata çatıb.
BOKT-nin cəmi faiz gəlirləri 726,7 min manatdan 944,3 min manata yüksəlib, bu da illik artım 30% təşkil edib. Faiz xərcləri isə 33,3 min manatdan 50,4 min manata, yəni 51,4% artıb. Bununla belə, əməliyyat xərclərinin ümumi xərclərdəki payının genişlənməsi gəlir-xərc balansına mənfi təsir göstərib.
Kredit təşkilatının cəmi aktivləri 3,2 milyon manatdan 3,22 milyon manata yüksəlib, illik artım 0,8% olub. Kredit portfeli (xalis) 2,38 milyon manatdan 2,85 milyon manata çatıb, 19,9% artım qeydə alınıb. Portfelin 60,4%-ni istehlak, 19,8%-ni xidmət sektoru, 9,7%-ni ticarət və xidmətlə bağlı kreditlər, 7,6%-ni kənd təsərrüfatı kreditləri təşkil edir.
Cəmi öhdəliklər illik 25% artımla 1,04 milyon manat olub. Cəmi kapital isə 2,37 milyon manatdan 2,19 milyon manata — 7,7% azalıb. Azalmanın əsas səbəbi 1,37 milyon manat məbləğində elan olunmuş dividendlər olub. Bölüşdürülməmiş mənfəət 2,07 milyon manatdan 1,59 milyon manata — 23,3% geriləyib.
BOKT-nin işçi sayı 49 nəfərdən 50 nəfərə artıb.
Xatırladaq ki, “AzKredit” ASC 2019-cu ildə MMC kimi təsis edilmiş, 2020-ci ildən ASC formasında fəaliyyət göstərir. BOKT-nin nizamnamə kapitalı 600 min manat təşkil edir — 2024-cü illə müqayisədə 300 min manat artıb.