RU

Fransanı dəyişdirən səbəb - Ekspertlər

Yazını böyüt
Yazını kiçilt

Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə regionda yaranmış yeni geosiyasi reallıq artıq beynəlxalq aktorların mövqeyinə də təsir göstərir. Uzun müddət Cənubi Qafqaz siyasətində fərqli xətt sərgiləyən Emmanuel Macron administrasiyasının son aylardakı ritorikası da diqqətlə izlənilir. Xüsusilə Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra regionda formalaşan siyasi və təhlükəsizlik balansı Avropa paytaxtlarında, o cümlədən Parisdə əvvəlki yanaşmalara müəyyən korrektələr edilməsinə səbəb olub.

Ekspertlər hesab edir ki, Fransa Azərbaycanın yaratdığı yeni reallığı və regionda artan siyasi çəkisini nəzərə almağa məcburdur. Bu isə Bakı-Paris münasibətlərinin gələcək istiqaməti ilə bağlı yeni suallar yaradır.

"Fransanın da daha praqmatik xəttə keçmək ehtimalı artır"

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Hafta.az-a açıqlamasında bildirib ki, Fransanın yanaşmasında müşahidə olunan dəyişiklik ilk növbədə regiondakı yeni siyasi balansla bağlıdır.

M.Əsədullazadə qeyd edib ki, Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə regionda yeni reallıq formalaşdırıb və bu reallıq artıq beynəlxalq güclər tərəfindən nəzərə alınır:

"Fransa bir müddət Ermənistan üzərindən Cənubi Qafqaz siyasətinə təsir göstərməyə çalışdı. Amma son mərhələdə görünür ki, Bakı ilə münasibətləri tam gərgin saxlamağın Paris üçün siyasi nəticəsi yoxdur. Azərbaycan regionun əsas siyasi və iqtisadi aktorlarından biridir. Enerji təhlükəsizliyi, Orta Dəhliz və Avropa ilə əməkdaşlıq məsələləri fonunda Fransanın da daha praqmatik xəttə keçmək ehtimalı artır. Bu, o demək deyil ki, bütün fikir ayrılıqları aradan qalxacaq. Amma münasibətlərdə emosional ritorikadan daha çox qarşılıqlı maraqlara əsaslanan yeni mərhələnin başlanması mümkündür”.

"Bu fonda Fransanın da mövqeyində müəyyən korrektələr qaçılmaz görünür"

Politoloq Tofiq Abbasov Hafta.az-a bldirib ki, Fransa artıq regionda proseslərin Azərbaycanın iştirakı olmadan formalaşmasının mümkün olmadığını qəbul edir.

Politoloq vurğulayıb ki, Azərbaycan son illərdə təkcə hərbi və siyasi baxımdan deyil, geostrateji baxımdan da ciddi güc mərkəzinə çevrilib:

"Avropanın enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və Cənubi Qafqazda sabitlik məsələsində Bakının rolu artıb. Bu fonda Fransanın da mövqeyində müəyyən korrektələr qaçılmaz görünür. Paris əvvəlki sərt siyasi ritorikanı davam etdirməklə regionda təsir imkanlarını zəiflətmiş oldu.

Ona görə də bundan sonrakı mərhələdə daha balanslı münasibətlərə keçid ehtimalı yüksəkdir. Əsas məsələ odur ki, Fransa regionla bağlı siyasətində reallığı nə qədər düzgün qiymətləndirəcək. Əgər bu yanaşma davamlı olsa, gələcəkdə Bakı ilə Paris arasında həm siyasi dialoq, həm də iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarana bilər”.

Избранный
22
hafta.az

1Источники