RU

Nöqsanlar aşkarlanan 18 aptekin adı niyə açıqlanmır?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi may ayında ölkə üzrə 56 aptekdə yoxlama aparıldığını açıqlayıb...

Mərkəzin yaydığı məlumata görə, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Rəsmi məlumatda qeyd olunur ki, yoxlamalar zamanı aşkar edilmiş pozuntularla bağlı Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə inzibati protokollar tərtib edilib. Lakin pozuntuların konkret nədən ibarət olduğu, hansı apteklərdə aşkarlandığı və vətəndaşların sağlamlığı üçün hansı riskləri yaratdığı barədə heç bir məlumat açıqlanmayıb.

Yoxlamaların mütəmadi şəkildə aparılması şübhəsiz ki, vacib amillərdən biridir. Bu cür nəzarət tədbirləri aptek sahiblərinin və məsul şəxslərin məsuliyyət hissini artırır, dərman dövriyyəsində qanunvericiliyin tələblərinə əməl olunmasına kömək edir və əhalinin təhlükəsiz dərman təminatına xidmət edir. Xüsusilə saxta, keyfiyyətsiz və ya istifadə müddəti keçmiş dərmanların satışının qarşısının alınması baxımından bu yoxlamalar böyük əhəmiyyət daşıyır.

Lakin yoxlamaların nəticələri ilə bağlı məlumatların məhdud şəkildə təqdim olunması bəzi suallar doğurur. Əgər 56 aptekdən 18-də nöqsan aşkarlanıbsa, ictimaiyyət həmin nöqsanların xarakteri barədə məlumatlandırılmalıdır. Pozuntular sənədləşmə ilə bağlı texniki çatışmazlıqlardır, yoxsa dərmanların saxlanma şəraiti, keyfiyyəti və ya qanunsuz satış halları ilə əlaqədardır? Bu sual hazırda açıq qalır. 

Apteklər birbaşa insanların sağlamlığı ilə bağlı fəaliyyət göstərən müəssisələrdir. Buna görə də yoxlamaların nəticələri barədə daha ətraflı məlumatın verilməsi həm şəffaflığın təmin olunmasına, həm də vətəndaşların məlumatlandırılmasına xidmət edir. İnsanlar hansı nöqsanların aşkarlandığını bilmədikdə, həmin pozuntuların yaratdığı potensial riskləri də qiymətləndirə bilmir. (Bizimesr.com)

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники