Bakı, 2 iyun, AZƏRTAC
Enerji əlaqələrinin genişləndirilməsi və regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün siyasi, kommersiya və texniki əməkdaşlığın gücləndirilməsi əsas şərtlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin Biznes və Layihələrin İnkişafı üzrə direktoru Abdulla Zayed Bakı Enerji Forumunda “Enerji Körpüləri: Yaşıl Enerjidən Regional İnteqrasiyaya” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, enerji bağlantılarının inkişafı üçün bütün maraqlı tərəflərin, o cümlədən tənzimləyici qurumların, layihə inkişaf etdiricilərinin və maliyyə institutlarının prosesə cəlb olunması vacibdir.
“Əlaqələndirmə yalnız enerji istehsalını deyil, həm də yarımstansiyalar, transformatorlar və digər enerji infrastrukturlarının yaradılmasını əhatə edir. Bu istiqamətdə bazar yönümlü və dayanıqlı kommersiya mexanizmlərinin formalaşdırılması investorların maliyyə resurslarına çıxışını asanlaşdıracaq və yeni layihələrin həyata keçirilməsini sürətləndirəcək”, – deyə o vurğulayıb.
Abdulla Zayed əlavə edib ki, enerji keçidinin uğurlu olması üçün texniki məsələlər, xüsusilə ötürmə sistemlərinin inkişafı və enerji şəbəkələrinin əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu amillər regional enerji əməkdaşlığının genişlənməsinə və enerji təhlükəsizliyinin güclənməsinə töhfə verəcək.