RU

Azərbaycanın enerji strategiyası



Müasir beynəlxalq münasibətlər sistemində enerji məsələsi artıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Qlobal miqyasda geosiyasi proseslərin mürəkkəbləşdiyi, enerji təhlükəsizliyinin dövlətlərin strateji prioritetləri sırasında ön sıralara yüksəldiyi bir şəraitdə təbii ehtiyatlara sahib olmaq təkbaşına üstünlük sayılmır. Əsas amil həmin resurslardan səmərəli istifadə etmək, onları milli inkişafın sürətləndirilməsinə, regional əməkdaşlığın genişləndirilməsinə və ölkənin beynəlxalq nüfuzunun artırılmasına yönəltməkdir. Azərbaycan son otuz ildə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində məhz belə bir inkişaf modeli formalaşdırmağa nail olub. Bu model göstərir ki, enerji ehtiyatları yalnız gəlir mənbəyi deyil, həm də dövlətin siyasi təsir imkanlarını, diplomatik mövqeyini və strateji əhəmiyyətini artıran mühüm vasitədir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də bu reallığın aydın ifadəsi kimi diqqət çəkdi. Dövlət başçısının çıxışı Azərbaycanın enerji strategiyasının keçdiyi inkişaf yolunu, əldə olunmuş nailiyyətləri və gələcək perspektivləri əhatə edən mühüm siyasi baxışlar toplusu kimi qiymətləndirilə bilər. Ölkə Prezidenti bir daha vurğuladı ki, Azərbaycanın bu gün qlobal enerji xəritəsində tutduğu möhkəm mövqenin əsası ötən əsrin sonlarında qoyulub. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik, Ermənistanın təcavüzü nəticəsində torpaqların işğal olunması və çoxsaylı qaçqın probleminin mövcudluğu Azərbaycanı ağır vəziyyətə salmışdı. Belə mürəkkəb dövrdə qəbul edilən uzaqgörən qərarlar ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirdi. Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarının beynəlxalq investorlar üçün açılması Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi və ölkəyə mühüm maliyyə imkanları qazandırdı. Sonrakı mərhələdə bu vəsaitlərin düzgün idarə olunması və strateji sahələrə yönəldilməsi inkişaf prosesinin əsas hərəkətverici qüvvəsinə çevrildi.

Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri enerji gəlirlərinin səmərəli idarə olunması idi. Dövlət başçısı qeyd etdi ki, təbii sərvətlərə malik olmaq hələ uğurun təminatı deyil. Əsas məsələ həmin resurslardan əldə olunan gəlirlərin vətəndaşların rifahına, iqtisadi tərəqqiyə və gələcək nəsillərin maraqlarına xidmət etməsidir. Azərbaycanın bu istiqamətdə qazandığı nəticələr kifayət qədər əhəmiyyətlidir. Son onilliklər ərzində yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb, müasir infrastruktur layihələri həyata keçirilib, regionların inkişafı sürətləndirilib və makroiqtisadi sabitlik təmin olunub. Xarici borcun aşağı səviyyədə saxlanılması və strateji valyuta ehtiyatlarının artırılması da bu siyasətin uğurlu nəticələrindən hesab olunur.

Azərbaycanın enerji siyasətini fərqləndirən əsas xüsusiyyətlərdən biri onun beynəlxalq əməkdaşlığa əsaslanmasıdır. Hazırda ölkəmizin təşəbbüsü ilə reallaşdırılan enerji layihələri Avrasiya regionunun enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Supsa marşrutu, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri artıq yalnız iqtisadi əhəmiyyət daşımır, həm də dövlətlər arasında əməkdaşlığın və sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu layihələr sayəsində Azərbaycan Xəzər regionunu dünya bazarları ilə birləşdirən əsas enerji qovşaqlarından birinə çevrilib.

Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Bu dövlətlərin əhəmiyyətli hissəsinin Avropa İttifaqına üzv olması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi rolunu daha da artırır. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər və enerji böhranları fonunda Azərbaycanın etibarlı təchizatçı kimi nüfuzu daha da möhkəmlənib.

Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri də enerji siyasətinin dövlət quruculuğu ilə sıx əlaqələndirilməsi idi. Prezident vurğuladı ki, iqtisadi imkanların genişlənməsi ölkənin digər sahələrdə də ciddi uğurlar əldə etməsinə şərait yaradıb. Azərbaycanın son illərdə qazandığı hərbi və siyasi nailiyyətlərin təməlində də güclü iqtisadi potensial dayanır. Müasir Silahlı Qüvvələrin formalaşdırılması, müdafiə imkanlarının artırılması və ölkənin ərazi bütövlüyünün təmin olunması iqtisadi güc olmadan mümkün olmazdı. Bu baxımdan enerji strategiyası yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də milli təhlükəsizlik siyasətinin mühüm komponentidir.

Dövlət başçısının çıxışında yaşıl enerji istiqamətinə də xüsusi diqqət ayırdı. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olsa da, bərpaolunan enerji mənbələrinin inkişafını prioritet istiqamət kimi müəyyən edib. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması, hidroenerji potensialının artırılması bu siyasətin uğurlu nəticələridir. Gələcək illərdə enerji balansında bərpaolunan mənbələrin xüsusi çəkisinin daha da yüksələcəyi gözlənilir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji bağlantıları da yeni inkişaf mərhələsinin əsas istiqamətlərindəndir. Qara dəniz üzərindən Avropaya uzanacaq yaşıl enerji layihələri ölkəmizin qlobal enerji keçidində rolunu daha da gücləndirəcək. Bu təşəbbüslər Azərbaycanın gələcəyin enerji sistemində fəal iştirakçı olmaq niyyətini aydın şəkildə ortaya qoyur. Məqsəd yalnız mövcud enerji resurslarının ixracı ilə kifayətlənməmək, həm də innovativ texnologiyalar, yaşıl iqtisadiyyat və regional inteqrasiya əsasında yeni inkişaf modeli qurmaqdır.

Bu gün Bakı Enerji Həftəsində aparılan müzakirələr Azərbaycanın qarşıdakı onilliklər üçün müəyyən etdiyi strateji kursun əsas istiqamətlərini əks etdirir. Enerji təhlükəsizliyi, yaşıl inkişaf, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi bu siyasətin əsas dayaqlarıdır. Azərbaycanın son otuz ildə əldə etdiyi uğurlar sübut edir ki, uzaqgörən rəhbərlik, milli maraqlara əsaslanan siyasət və düzgün planlaşdırma təbii sərvətləri davamlı inkişaf mənbəyinə çevirə bilir. Bu gün Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də regionun mühüm iqtisadi, siyasi və nəqliyyat mərkəzlərindən biridir. Bakı Enerji Həftəsində verilən mesajlar da göstərdi ki, ölkəmiz enerji resurslarından yalnız bu günün deyil, gələcək nəsillərin rifahı, regional sabitlik və beynəlxalq əməkdaşlıq naminə istifadə edir və bu yanaşma Azərbaycanın qlobal enerji gündəmində mövqeyini daha da möhkəmləndirir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.



Избранный
23
2
aia.az

10Источники