RU

Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır

Bildiyimiz kimi, UEFA “Turan Tovuz”u 2026/2027 mövsümündə avrokuboklarda iştirakdan kənarlaşdırıb. Tovuz təmsilçisi Misli Premyer Liqasında üçüncü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazansa da, qərarın klubun keçmiş dövrlə bağlı oyun alqı-satqısı iddiaları əsasında verildiyi bildirilir.

Hardan baxsan, absurd qərardır. Birmənalı olaraq, “Turan Tovuz”un haqqı bu qədər asan yeyilməməlidir.

Milyonlar xərcləyəsən, illərlə əziyyət çəkəsən, mövsüm boyu hər oyuna final kimi çıxasan, sonda avrokuboklara vəsiqə qazanasan... Sonra da hansısa anlaşılmaz qərara görə bu haqqın əlindən alınsın.

Bu, sadəcə bir klubun avrokuboklardan uzaqlaşdırılması deyil. Bu, “Turan Tovuz”un illərlə çəkdiyi zəhmətin, Tovuz azarkeşinin ümidinin, klubun qurduğu planın yerə vurulmasıdır.

Maraqlıdır, əgər ortada qadağa var idisə, bunu niyə əvvəldən demirdilər? UEFA illərdir kluba lisenziya verir, ödənişlər edilir, klub rəhbərliyi mövsümün əvvəlindən avrokubok hədəfini açıq şəkildə bildirir. Hər şey güllük-gülüstanlıq. O zaman niyə heç kim çıxıb demirdi ki, “dayanın, belə bir problem var, siz avrokuboklara gedə bilməzsiniz”?

İndi komanda meydanda haqqını qazanandan sonra belə qərarın ortaya çıxması nə dərəcədə şəffaf, plansızdır? Bu, təsadüf kimi görünmür. Ən azı ciddi suallar doğurur. Nə isə. Ortada təkcə Tovuz şəhərinin yox, Azərbaycan futbolunun adı, nüfuzu var. Başda AFFA olmaqla, hər kəs əlini daşın altına qoyub bir tədbir görməlidir.

Çünki artıq bütün baxışlar CAS-a yönəlib. “Turan Tovuz” haqq səsini hüquqi müstəviyə daşıyacaq. Ümid edirik ki, bu dəfə qərarı soyuq kağızlar yox, ədalətin özü verəcək. Klubun əlindəki xeyrinə olan dəlillər, meydanda qazanılan nəticə və illərin zəhməti nəzərə alınacaq.

Biz inanmaq istəyirik ki, qorxulacaq heç nə yoxdur. Bəlkə də bu, UEFA-nın növbəti rutin prosedurudur. Amma bu prosedurun sonunda bir klubun arzusu, bir şəhərin ümidi və bir azarkeş ordusunun haqqı dayanır. Ona görə də yekun qərar sadəcə hüquqi yox, həm də vicdanlı olmalıdır.

“Turan Tovuz” bu yolu masa arxasında yox, meydanda açıb. İndi isə həmin yolun qapısının ədalətlə yenidən açılmasını gözləyir.

"Araz-Naxçıvan"da futbolçu qalmadı: SANTOS, SİMAKALA YOLA SALINDI

Cavid İmamverdiyev Region Liqası klubunda

"Sabah"ın futbolçusu DÇ-2026-da iştirak etməyəcək

Azər Bağırov “Şamaxı”da - RƏSMİ

Rza Cəfərov "NEFTÇİ"YƏ QAYITDI

Избранный
37
21
apasport.az

10Источники