RU

Diaspor rəhbəri: Moldovadakı Azərbaycan diasporu sistemli diskriminasiya ilə qarşılaşmır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişineu, 3 iyun, AZƏRTAC

Kişineuda Avropa Şurasının nümayəndə heyəti Moldova Respublikasında milli azlıqları təmsil edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tədbir Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının icrasına dair 6-cı monitorinq səfərinin bir hissəsi olub.

Nümayəndə heyətinə Macarıstan, Çexiya və Norveçdən Avropa Şurası Məşvərət Komitəsinin mütəxəssisləri daxil idi və onları Çərçivə Konvensiyası Katibliyinin nümayəndələri müşayiət edirdi.

Görüşdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, Azərbaycan diasporu bütövlükdə sistemli diskriminasiya ilə qarşılaşmır, lakin hakimiyyət orqanlarından daha çox iştirak tələb edir. Xüsusilə, o, icmanın mədəni və təhsil təşəbbüslərini dəstəkləmək üçün mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb.

Ölkənin müsəlman icması üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər də müzakirə olunub. Elçin Bayramov qeyd edib ki, Moldovada hələ də dindarlar üçün mühüm mənəvi mərkəz kimi xidmət edə biləcək məscid yoxdur. “Doyna” qəbiristanlığında müsəlmanların dəfn edilməsi üçün ayrıca bir sahənin ayrılmasına da təcili ehtiyac var. Belə bir sahə əvvəllər mövcud idi, lakin indi tamamilə doludur.

Tədbir zamanı E. Bayramov Avropa Şurasının qərargahında Milli azlıqlar və dil hüquqları bölməsindən Tankut Soykan ilə də görüşüb. Görüşdə dövlət qurumları ilə etnik icmalar arasında qarşılıqlı əlaqə, mədəni müxtəlifliyin qorunmasının vacibliyi və etnik-mədəni təşkilatların fəaliyyətinin dəstəklənməsi mexanizmlərinin daha da təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Bu cür görüşlərdə iştirak etnik icmaların nümayəndələrinə öz fikirlərini beynəlxalq ekspertlərə birbaşa çatdırmağa imkan yaradır və onların hüquqlarının qorunması üçün effektiv tədbirlərin hazırlanmasına töhfə verir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
azertag.az

2Источники