RU

Dünya çempionatı: Xasay Həsənli finalda!

Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın 6-cı günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

55 kq

Fərid Sadıxlı ilk görüşdə belaruslu Maksim Stupakeviçi sonuncu xal prinsipinə əsasən (3:3) üstələdikdən sonra 1/4 finalda rusiyalı Vadimir Zabeyvorota üzərində əzmkar qələbə qazanıb – 4:3. Lakin o, yarımfinalda Gürcüstandan olan Georgi Tokadzeyə 0:10 hesabıyla uduzub. Rəqibi finala yüksəldiyi üçün, güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibinin kimliyinə sabah aydınlıq gələcək.

63 kq

Ziya Babaşov 1/8 finalda belaruslu Qleb Makarankaya sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Rəqibi finala yüksəldiyi üçün, Ziya sabah təsəlliverici görüşdə qüvvəsini sınamaq imkanı qazanıb. Onun rəqibi Ermənistan təmsilçisi Yurik Hoveyan olacaq.

77 kq

Xasay Həsənli 1/8 finalda macarıstanlı Attila Toeşmaqiyə (9:1), 1/4 finalda hindistanlı Dipak Puniyaya (tuş) vaxtından əvvəl qalib gələrək adını yarımfinala yazdırıb. O, Yarımfinalda gürcüstanlı Xviçe Ananidzeyə də tam üstünlüklə (9:0) qalib gələrək U-23 dünya çempionatının finalına yüksəlib.

87 kq

Məhəmməd Əhmədiyev belaruslu Vasili Buhlakı 6:1 hesabıyla mübarizədən kənarlaşdırsa da, 1/4 finalda norveçli Eksos Mukubuya uduzub – 0:10.

130 kq

Sərxan Məmmədov çexiyalı Marsel Albiniyə tam üstünlüklə (8:0) qalib gəldikdən sonra almaniyalı Patrik Numayiri sonuncu xal prinsipinə (1:1) əsasən üstələyərək yarımfinala yüksəlib. Lakin o, yarımfinalda ukraynalı Mixaylo Vişnivetskiyə sonuncu xal (1:1) prinsipinə əsasən məğlub olub. Sərxan sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi sabah müəyyənləşəcək.

Xatırladaq ki, U-23 dünya çempionatı sabah – oktyabrın 29-da başa çatacaq. Azərbaycanı bu mundialda bütövlükdə 25 güləşçi təmsil edib. 1-ci dərəcəli hakim İntiqam Alıyev də Tiranada ədaləti qoruyanlar sırasında yer alıb. Yunan-Roma güləşçilərimizdən hələlik yeganə medalı Ruslan Nurullayev qazanıb. 72 kq-da yarışan pəhləvanımız mundialın bürünc medalını əldə edib.

Избранный
840
50
arena.az

10Источники