"Sanki Zəngilanda əsgərlərimizin qarşısını kəsən bunlar deyildi"Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında Daşkənddə görüş keçirilib. Görüşdə İbrahim Rəisi “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlədib. Rəisi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayaraq, Qarabağın bərpasında Azərbaycana yardım etməyə hazır olduqlarını da xüsusi qeyd edib. Bu barədə yayılan məlumat isə erməni sosial şəbəkə istifadəçiləri və mediasını ciddi şəkildə narahat edib. Diqqətçəkən məqamdır ki, Rəisinin çıxışlarına xüsusi önəm verən İran mediası nədənsə bu görüş haqda “xəbərlə” kifayətlənib. Görünür, erməni dostlarının xətrinə dəymək istəməyiblər. Politoloq Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, İran həmişə riyakar və qeyri-səmimi siyasət aparır. Analitik diqqətə çatdırıb ki, Tehran siyasət yürüdərkən İslam ölkəsi olduğunu kənara qoyur: "Əvvəlcə təzyiq göstərmək istədi ki, Bakı onun da hansısa siyasi marağı ilə hesablaşılsın. Nəticə olmadı, öz pislikləri özlərinə qaldı. İran Qarabağın azadlığına maneə yaradırdı. İndi isə gördülər ki, daha məsələ bitdi. Qabaqdangəlmişlik edib riyakarcasına özlərini elə aparırlar ki, sanki Zəngilanda əsgərlərimizin qarşısını kəsən bunlar deyildi. Sanki Qafanda konsulluq açan başqalarıdı. Hər bir halda sonda Azərbaycanın apardığı siyasətlə razılaşmalı olacaqlar".Ekspert vurğulayıb ki, İran Zəngəzur dəhlizinə mane oldu, öz ərazisindən keçən yol təklif etdi: "İran bir sözlə bölgədəki layihələrdən kənar qalmaq istəmir. Ancaq özünü şər, şantaj ilə ortaya dürtmək istəyir. Gah deyir, İsraili sərhəddə gətirmisiniz, gah deyir Zəngəzur dəhlizi açılsa, NATO bölgəyə gələcək və s. Yəni, əsas məqsəd Zəngəzur dəhlizi vasitəsi ilə türk ölkələrinin birləşməsinin qarşısını almaqdır. Ümumiyyətlə, Azərbaycan həmişə səmimi və şəffaf siyasət aparıb. Ələlxüsus, qonşularla hər zaman normal dostluq şəraitinə üstünlük verir. Hətta Azərbaycan Ermənistana belə sülh təklif edən dövlətdir. Odur ki, bizə qarşı xəyanətdən, terrordan əl çəkdiyi təqdirdə, əsl müsəlmanlıq qaydalarına sadiq qaldığı halda İranla da əlaqələrin normallaşması təbiidir. Fəqət bunun nə vaxt olacağı məlum deyil".T.İrfan bəyan edib ki, İan bu saat çox təhlükəli və aqressiv siyasət yürüdür: "Din vasitəsi ilə dövlətimiz daxilində dəstələr yaradıb dövlət əleyhinə aparılan əməllərdə əlinin olması sübuta yetdi. İranda səfirliyimizə qarşı terror törədən, Milli Məclisin üzvünə qarşı Bakıda terror reallaşdıran bir qurumla, Qarabağın azad olmasına açıqca maneələr yaraymağa çalışan bir rejimlə ancaq bunları nəzərə alaraq əlaqələrə baxmaq olar. Münasibətlərin normallaşması o halda baş verə bilər ki, bu kimi məsələlər öz həllini tapsın. İran Azərbaycana qarşı təxribatlardan, "Kərimə dövləti" yaratmaq niyyətindən, terrorçu dəstələr vasitəsi ilə Konstitusion qurulumuzun əleyhinə mənfur əməllər törətməkdən əl çəksə, elə hesab edirəm ki, münasibətlərdə fərq ola bilər. İran ümumiyyətlə əlaqələrin lap yüksək olmasında da maraqlı deyil. Çünki 50 milyona yaxın Azərbaycanlının İranda yaşadığı və Azərbaycanı dəstəklədiyi məlumdur. Əlaqələr yüksək olarsa mənəvi, mədəni, milli yaxınlaşma birləşməyə apara bilər. Hazırki son görüş isə elə hesab edirəm ki, ümumi münasibətlərə o qədər təsir etməyəcək. Lakin əvvəlinə baxanda nisbi normallıq müşahidə oluna bilər".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта