RU

Coy-Lens Mikels Premyer Liqada yubiley qoluna imza atdı

“Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels futbol üzrə Azərbaycan çempionatlarında yubiley – 30-cu qolunu vurub.

Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün 3-cü turuna təsadüf edib.

30 yaşlı almaniyalı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib.

“Sabah”ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy-Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.

Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşür.

Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/2022 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından 2023-cü ilin avqustuna qədər “Sabah”da çıxış edib. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ilin yayında “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens bu yay yenidən Azərbaycan klubuna qayıdıb. Almaniyalı vingerlə “1+1” illik müqavilə imzalanıb.

Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların uğurları üçün çalışıb. Mikels ötən mövsüm “Əl-Faysal”da 33 oyuna 7 qol vurub, 6 məhsuldar ötürmə verib.

Избранный
203
20
arena.az

10Источники