AZ

Adil Şükürov: “Qaçmaq qorxaqlıqdır”

“Kəpəz” Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Səbail”ə 0:4 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Belə oyunlardan sonra danışmaq ağırdır. Daha yaxşı komanda görmək istəyirik. Amma futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdır. O vaxtı qazana bilsək… Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandamıza yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir.

– Yay fasiləsində digər komandalar çempionata hazırlaşırdı. “Kəpəz” nə edib?

– Sıfırdan yığılan komandaya 1.5 ay bəs etmir. Vaxt lazımdır. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdir. Daha uzun müddət lazımdır. Komanda hazırlaşıb. Bu kollektiv gələcəkdə gücünü göstərəcək.

– 360 dəqiqəyə qol yoxdur. Bu nə ilə əlaqədardır?

– Etdiyimiz səhvlərdən sonra qollar buraxırıq. Komanda az səhv etməlidir ki, qol buraxmasın. Bunları görürük.

– Toparlanmaq üçün zamana ehtiyacınız var dediniz. Vaxt dolana qədər qalacaqsınız “Kəpəz”də, yoxsa bezib gedəcəksiniz?

– Ən asan şey qaçmaqdır. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə liqada qalacağıq. Qaçmaq qorxaqlıqdır. Top buraxırıq, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək.

– Transferlər üçün klubun pulu var?

– Məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarır. Bir şey fikirləşib tapacaqlarına inanıram.

– Yayda Azərbaycanın iki klubu sizinlə maraqlanırdı. Getmədiyiniz üçün peşmansınız?

– Qətiyyən. “Kəpəz” tarixi klubdur. Çox uğurlar qazanıb. Bu, mənə bəs edir.

– Transferlər etməli olduğunuzu dediniz. Rəhbərlik yayda yatmışdı?

– Çalışırdıq. Boşluqları görmək üçün bu şeyləri yaşamalı idik.

Seçilən
56
9
msport.az

9Mənbələr