Məlum olduğu kimi, Dövlət Əyar Palatası 5 ildir, ləğv edilib. Əvvəllər ekspertlər məsləhət görürdülər ki, alıcılar saxta qızılı əsl qızıldan ayırmaq üçün üzərində mütləq Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının probunun olub-olmadığına diqqət etməlidirlər. Çünki qızıl malları Azərbaycana idxal olunarkən mütləq Əyar Palatasından keçməli, Palatada dəqiqliklə yoxlanıldıqdan sonra üzərinə xüsusi problar vurulmalı idi. Hazırda bu sahədə nəzarətsizlik hökm sürür. Alıcılar isə özbaşına qızılın əyarını müəyyən edə bilmirlər. Bu vəziyyət bazara saxta qızılların daxil olmasına şərait yaradır.
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, səneye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, saxta qızıllara qarşı mübarizə aparmaq prioritetdir.

Deputat bildirib ki, bazarda hər zaman saxta qızıllar olub: “Alıcı da bu sahə üzrə ekspert olmadığına görə bəzi hallarda saxta qızılın alışını həyata keçirir. Təbii ki, bu, vətəndaşa ciddi ziyan vurur. Qızıl satışı paytaxtda praktik olaraq bir neçə iri ticarət mərkəzlərində həyata keçirilir. Təklif edirik ki, həmin ticarət mərkəzlərində Maliyyə Nazirliyi tərəfindən qızılların saxta olub-olmadığını yoxlamaq üçün xüsusi məntəqələr yaradılsın. Qızılın daha çox alqı-satqısının həyata keçirildiyi Mərkəzi Univermaqda, Moskva Univermağında belə məntəqələr yaratmaq mümkündür. Vətəndaş qızıl alan zaman həmin məntəqədə qızılın saxta olub-olmadığını yoxlaya bilər. Həmin məntəqələr dövlət qurumu tərəfindən yaradıldığı üçün imkan verəcək ki, vətəndaş aldığı qızıl saxtadırsa, onu geri qaytarsın. Belə məntəqələrin yaradılması həm də saxta qızıl satanların qarşısını xeyli alacaq. Artıq ehtiyatlanacaqlar ki, alıcı öz qızılını həmin məntəqələrdə yoxlamaqla onun saxta olduğunu müəyyənləşdirə biləcək. Bu cür məntəqələrin yaradılması bütövlükdə saxta qızıl probleminin ciddi şəkildə azalmasına, xüsusən saxta qızılların dövriyyədən çıxarılmasına gətirib çıxara bilər”.
Aytəkin Qardaşova