AZ

"Əgər məsələ iki dövlət prinsipi çərçivəsində həll olunmasa, münaqişə uzun müddət davam edəcək" - ƏTRAFLI

"İsrailin Qəzza zolağını işğal etməsi böyük səhv olar". Bunu ABŞ Prezidenti Co Bayden deyib. Bayden qeyd edib ki, o, İsrailə də Qəzzanı işğal edib saxlamağın böyük bir səhv olacağını açıq şəkildə bildirib. “Münaqişə ikidövlətli həll əldə olunmayana qədər bitməyəcək”, - Bayden deyib.
Məsələ orasındadır ki, Bayden bir yandan Qəzzanın işğalının yolverilməız olduğunu deyir, digər tərəfdən isə şəhərin işğalı üçün İsrailə dəstək göstərir.

Bəs görəsən, ABŞ prezidentinin bu cür ziddiyyətli açıqlamasının səbəbi nədir? Bayden bu açıqlama ilə nəyə nail olmaq istəyir?

Mövzunu "MediaPost"a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Fələstin münaqişəsində ikidövlətli həll məısələsi bütün beynəlxalq sistemdə qəbul edilən variantdır: "ABŞ buna qarşı çıxarsa, bu, indiyədək olan bütün baza prinsiplərinin pozulması ilə nəticələnər. Digər tərəfdən, təkcə İsraili dəstəkləməklə ABŞ özünə qarşı böyük bir cəbhə yaratmaq istəmir.

alt

Hətta İslam ölkələri İsrail qarşısında müəyyən qədər geri çəkilmiş kimi görünsələr də, onalrın da qəbul etdiyi əsas prinsip ikidövlətli həll variantıdır. Bununla yanaşı İsrailin özündə də tarix boyu bu variantı dəstəkləyənlərə rast gəlinib. Fələstinliləri qovub çıxarmaq kütləvi represiya və soyqırımı kimi məsələlərin gündəmə gəlməsi ilə nəticələnə bilər. Bu gün İsrailin Qəzzanı tamamilə boşaltmaq və HƏMAS-ı məhv etmək istəyinin olması mümkündür. Amma İsrailin özündə də anlayırlar ki, şəhəri tamamilə nəzarətə götürsələr belə, bu məsələnin tam həllinə gətirib çıxarmayacaq. İkidövlətli həll variantı isə ən normal prinsipdir. ABŞ-ın sərgilədiyi mövqe məhz bununla bağlıdır. Belə görünür ki, ABŞ bir tərəfdən İsraili dəstəkləyir, digər tərəfdən isə beynəlxalq səviyyədə qəbul olunan həll variantını gündəmə gətirir".

Politoloqun sözlərinə görə, ABŞ Qəzzanın tamamilə boşaldılması məsələsini irəli sürərsə, bu, ona qarşı böyük bir cəbhənin formalaşması ilə nəticələnə bilər: "Tərəflər anlayır ki, fələstinliləri tamamilə kənara atmaq və ikidövlət prinsipindən imtina etmək Ərəb dünyasının Çinlə yaxınlaşmasına gətirib çıxara bilər. Bununla da Çinin bölgədəki nüfuzunun artması gerçəkləşər. Bu cür risklər olduğu üçün ABŞ yekun həll variantı kimi ikidövlətlilik prinsipini dəstəkləyir. Baxmayaraq ki, praktiki formada Vaşinqton İsrailə dəsətək verir. Əgər məsələ ikidövlət prinsipi çərçivəsində həll olunmasa, münaqişə uzun müddət davam edəcək. 1948-ci ildən sonra baş verən proseslər göstərir ki, sülh danışıqları daim müvəqqəti olub. Hər iki tərəf müvəqqəti dayanaraq yenidən döyüşə hazırlaşıb. Bütün bunlar göstərir ki, məsələ məhz beynəlxalq konvensiyalar çərçivəsində həllini tapmalıdır".

Müşviq Tofiqoğlu

Seçilən
958
50
mediapost.az

10Mənbələr