2024-cü ildə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 1 faiz bəndi azalaraq 10 %-ə düşüb. Manset.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, il ərzində məişət avadanlıqlarının alınması üçün verilən istehlak kreditlərinin orta illik faiz dərəcəsi dəyişməyərək 25 % qalıb, təmir kreditlərinin orta faiz dərəcəsi isə 1 faiz bəndi azalaraq 16 % olub. Hesabat dövründə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə 2 faiz bəndi artaraq 26 %-ə çatıb, xarici valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi isə dəyişməyərək 5 % qalıb. 2024-cü ilin sonuna digər istehlak kreditləri üzrə milli valyutada kreditlər üzrə orta illik faiz dərəcəsi 2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə 3 faiz bəndi artaraq 20 %-ə çatıb.