AZ

Məktəb direktorlararı hələ də tanışlıqla seçilir? - REALLIQ

 –Direktor olmaq istəyirəm.
 –Tanışın var?

Son illər təhsildə islahatların dərinləşdirilməsi istiqamətində atılan addımlar arasında məktəb direktorlarının mərkəzləşdirilmiş imtahan və müsahibə yolu ilə seçilməsi xüsusi önəm daşıyır.

 

Bu yanaşma təyinatlarda şəffaflığı və obyektivliyi artırmaq məqsədi daşısa da, təəssüf ki, bəzi hallarda bu proseslərə kölgə salan hallar da müşahidə olunur. Hələ də tanışlıq, qohumluq və kənar təzyiqlər kimi amillərin müəyyən təyinatlara təsir etdiyi hallar istisna deyil.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi də bu halı təəssüflə bildirib:

 

“Təəssüf ki, bəzi hallarda tanışlıq və qohumluq amili hələ də keçərlidir. Bu, adətən ya müsahibə mərhələsində, ya da müsahibəyə qədərki mərhələdə baş verir. Biz hələ də bu prosesdə bütün yan təsirləri və təzyiqləri tam aradan qaldıra bilməmişik. Bu səbəbdən düşünürəm ki, Elm və Təhsil Nazirliyinin bu məsələdə sərbəst qərar verməsinə tam imkan yaradılmalıdır. Direktor təyinatı zamanı kiminsə tanışı, kiminsə qohumu olması kimi hallar aradan qaldırılmalıdır”.

 

Ekspert vurğulayır ki, əgər bir şəxsin idarəetmə bacarığı, pedaqoji hazırlığı, kollektivlə işləmək qabiliyyəti və ümumilikdə rəhbərlik etmək potensialı yoxdursa, o zaman həmin şəxsin təhsil müəssisəsinə rəhbər təyin olunması, birbaşa həm şagirdlərin, həm də müəllimlərin gələcəyi ilə oynamaq deməkdir:

 

“Bu səbəbdən düşünürəm ki, biz bu məsələdə konkret qanunvericilik çərçivəsində prosesi şəffaf və obyektiv şəkildə aparmalıyıq. Təbii ki, Elm və Təhsil Nazirliyini başa düşürəm. Bəzi hallarda təzyiqlər olur - bu, əvvəlki dövrlərdə daha qabarıq şəkildə müşahidə olunurdu. Son zamanlarda müəyyən qədər azalma var. Təxminən son 10 ildə bu təzyiqlər bir qədər səngiyib. Xüsusilə son 2-3 ildə artıq nazirlik daha sərbəst şəkildə, özünün doğru bildiyi namizədləri təyin edə bilir. Yəni təzyiqlər müəyyən qədər azalıb, amma yenə də tam olaraq yoxa çıxmayıb, hələ də mövcuddur. Yaxşı olar ki, həm təzyiq göstərən tərəf, həm də direktor olmaq istəyən namizədlər başa düşsünlər ki, şagirdlərin və müəllimlərin gələcəyinə təsir edir”.

 

Zeynəb Rzayeva

Seçilən
179
40
azedu.az

10Mənbələr