AZ

Bakıda tüstüyə görə kütləvi cərimələr... Nəticə yoxdur, restoranlar öz işindədir...


Flora Hacıyeva: “Bu məkanlardan kənara çıxan tüstü ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olur”

Günümüzün əsas problemlərindən biri ekoloji mühitin çirklənməsidir. Çirkli hava şəraiti bir çox xəstəliklərin yaranmasına səbəb olur. Müvafiq qurumlar tərəfindən bu ekoloji problemə qarşı bir sıra addımlar atılsa da, birmənalı olaraq nəticənin effektiv olduğunu demək çətindir.

Çünki atmosfer havasına atılan tullantılar və tüstülər havanın çirklənməsinə əngəl olan əsas amillərdən biridir. Bu fonda ölkə ərazisindəki ictimai iaşə obyektlərinin, restoranların və şadlıq saraylarının fəaliyyəti də diqqət mərkəzindədir.

Bu günlərdə Bakı şəhərində havaya normadan artıq tullantı atan ictimai iaşə obyektləri cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın yaydığı məlumatda bildirilir ki,son bir həftə ərzində keçirilən monitorinqlər zamanı "Mega Palace", "Bəyaz Saray", “Fəridə” şadlıq saraylarından, "İmperator", "Kənd Qəbələ", "Niaqara", "Qədim Bərdə”, "Çinaraltı Kabab", "Qoca Çinar" və "Lüks Dönər" restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

“Müasir standartlara cavab verməyən, təmizləyici qurğularını işlətməyən ictimai iaşə obyektləri bağlanmalıdır”

Mövzu ilə bağlı fikir bildirən ekoloq Flora Hacıyeva "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu cərimələr problemin tamamilə həll olunmasına kömək etmir: "Hər bir şadlıq evi, restoran və biznes müəssisəsi üçün aylıq və ya illik çirklənmə kvotaları müəyyən edilməlidir.Beləliklə, artıq tullantılar üçün normal bazar mexanizmi yaradıla bilər. Ümumiyyətlə, bu sahədə çoxlu sayda işlər görülüb. Etiraf etmək lazımdır ki, nazirlik mütəmadi olaraq monitorinq keçirir, qaydalara əməl etməyən restoranların adlarını açıqlayır, onları cəzalandırır. Ancaq bu kimi addımlar onlar üçün heç nədir. Yaxşı olar ki, qaydalara əməl etməyən restoran və şadlıq evlərinin fəaliyyəti dayandırılsın. Çünki o restoranlar ekologiyaya zərər yetirir, ətrafda yaşayan sakinlərin sağlamlığına təsir edir. Aidiyyəti qurumlar xüsusi havatəmizləyən qurğusu olmayan şadlıq evlərini araşdırır və onlarla mübarizə aparır. Müasir standartlara cavab verməyən, təmizləyici qurğularını işlətməyən ictimai iaşə obyektləri bağlanmalıdır. Çünki o obyektlərə dəfələrlə qeyd olunan qurğunun quraşdırılması ilə bağlı xəbərdarlıq olunub. Ancaq onlar xəbərdarlığa əhəmiyyət verməyiblər. O üzdən, bu tip məkanların fəaliyyəti dayandırılmalıdır. Restoran və şadlıq evləri yaşayış məskənlərinə yaxın ərazidə fəaliyyət göstərir. Bu məkanlardan kənara çıxan tüstü ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olur”.

Günel CƏLİLOVA

Seçilən
130
18
baki-xeber.com

10Mənbələr