Günəşli havada günəş eynəyi taxmaq vacibdirmi? Eynək taxmadan günəşdən kor olmaq mümkündürmü? Və günəş eynəklərini necə seçmək olar?
Bu sualları müsahibəsində oftalmoloq, SM-Klinik-in mikrocərrahiyyə mütəxəssisi, tibb elmləri namizədi Svetlana Mirqorodskaya cavablandırıb.
“Əlbəttə, eynək taxmadan günəş altında tamamilə kor olmaq mümkün deyil, lakin görmə qabiliyyətini xeyli pisləşdirmək mümkündür. Güclü günəş işığı tor qişanın fotoreseptorlarını və piqment epitelini zədələyə bilər ki, bu da görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır və təəssüf ki, heç də həmişə bərpa olunmur”, – Mirqorodskaya bildirib.
Onun sözlərinə görə, xüsusilə göz qoruyucu vasitələr olmadan günəş tutulmasına baxmaq təhlükəlidir. Buna görə də günəş tutulması zamanı oftalmoloqlara müraciət edənlərin sayı xeyli artır.
“Xatırlamaq yerinə düşər ki, hətta yüngül günəş işığı da gözləriniz üçün müəyyən təhlükə yaradır – ultrabənövşəyi. Bu, dalğa uzunluğu 100-400 nm olan görünməz elektromaqnit şüalanmadır. Və üç növ şüa var”, – oftalmoloq əlavə edib.
C – Atmosferin ozon təbəqəsində saxlandığı üçün təhlükəli olmayan qısa dalğalı şüalardır.
B şüaları ozon təbəqəsindən keçir. Onlar konyunktivanın və buynuz qişanın yanıqlarına səbəb ola bilər, pterigium (buynuz qişada konyunktivanın böyüməsi) və keratokonus (buynuz qişanın konusvari deformasiyası) yarada bilər.
A-şüaları da ozon təbəqəsindən keçir və gözün lensinə təsir edir, kataraktların əmələ gəlməsini artıra və ya təhrik edə bilər, həmçinin torlu qişanın fotoreseptorlarına təsir edərək makula degenerasiyasının inkişafına səbəb ola bilər.
“Günəşli havada gün eynəklərindən istifadə göz sağlamlığınızı qorumaq üçün lazımdır. Eynəyinizi diqqətlə seçməlisiniz, eynəkdəki ultrabənövşəyi filtrin UV380-400 səviyyəsində olmasına əmin olun”, – Mirqorodskaya vurğulayıb.
//Gülnarə Abasova, Editor.az