Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Rusiya ilə Ukrayna arasında müharibə daha da şiddətlənir, İranda yük avtomobillərinin sürücüləri tətil edir. Oonşularımız olan bu iki ölkədə baş verənlərin Azərbaycana təsiri nə ola bilər və mənfi təsirləri minimuma endirmək üçün hansısa işlər görülürmü?
- Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə həm Rusiyanın öz iqtisadiyyatına böyük ziyan vurur, əhalinin sosial vəziyyətini ağırlaşdırır, həm də qonşu ölkələr, Rusiyanın iqtisadi sahədə əməkdaşlıq etdiyi dövlətlər bundan əziyyət çəkirlər. Son 10 ildə əmək miqrantları tərəfindən Rusiyadan ölkəmizə göndərilən maliyyə vəsaitinin həcmi 10 dəfəyə qədər azalıb. Rusiya keçmiş sovet respublikalarından gəlmiş əmək miqrantlarını müharibəyə göndərmək üçün miqrasiya siyasətini sərtləşdirib. Onlardan tələb olunur ki, ya ölkəni tərk et, ya da orduya yazıl və sağ qalsan Rusiya vətəndaşlığı al. Sərhədlərimiz bağlı olduğu üçün vətəndaşlarımızın geri dönməsi çox da asan deyil. İndi gənclərimiz iş üçün Rusiyaya getməkdən çəkinirlər. Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir. Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır, Azərbaycanda elə bir nəsil yoxdur ki, onlardan kimsə Rusiyada yaşamasın. Müharibə həm də həmin ailələrə əlavə gərginlik və stress yaşadır. Avropa Ukraynaya az da olsa kömək etdiyindən Putin Trampla birgə Ukraynanı hələlik kapitulyasiyaya məcbur edə bilmir. Ona görə də müharibə hələ bir müddət davam edəcək.
İranla bağlı isə Pezeşkian prezident seçiləndə bəyan etmişdim ki, dini lider xalq tərəfindən birbaşa seçilmiş legitim prezidenti dəstəkləməli və ona ciddi islahatlar həyata keçirmək üçün imkan yaratmalıdır. Bu, bəlkə də İranın dinc inkişafı üçün sonuncu şansdır. Amma biz, seçkilərdən kifayət qədər vaxt keçsə də, islahatlara başlanılmasını müşahidə etmirik. İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir, çünki Çinlə ticarət əsasən İran üzərindən həyat keçirilir. İran müsəlman ölkəsidir, əhalisinin az qala yarısı azərbaycanlılardır. Onların rifahı və təhlükəsizliyi bizi də ciddi narahat edir. İranla geniş iqtisadi əlaqələrimiz var. Azərbaycan dövlətinin banisi Rəsulzadənin dünyaca məşhur bir şüarı var, “İnsanlara hürriyyət, millətlərə istiqlal!”.
İranda insan hüquq və azadlıqlarına hörmət edilməsi, milli hüquqlardan istifadəyə və milli mədəniyyətin inkişafına imkan yaradılması, yerli dövlət hakimiyyət orqanlarına geniş səlahiyyətlərin verilməsi, iqtisadi azadlıqların genişləndirilməsi, rəqabət mühitinin yaradılması, korrupsiya ilə effektli mübarizə, imtiyazlardan imtina vətəndaş qarşıdurmasını önləyə, ölkəni yeni inkişaf mərhələsinə çıxara bilər. İranın daxili zəifliyini görən ABŞ və İsrail də nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunması məsələsində daha maksimalist mövqe sərgiləyirlər.
Bizə sabitliyin hökm sürdüyü və inkişaf edən sivil qonşular lazımdır.
Azərbaycan xaricdən mənfi təsirləri azaltmaq üçün enerji istehsalını və satışını artırmağa çalışır. Bunu təqdir etməklə yanaşı, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində atılan addımları yetərli saymıram. İqtisadiyyatımız şaxələndirilməli, qeyri-neft sektoru, sahibkarlıq inkişaf etdirilməli, ciddi iqtisadi islahatlar aparılmalıdır.