“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.”
— Ulu Öndər Heydər Əliyev
15 İyun – Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biri, milli dövlətçiliyin, suverenliyin və sabitliyin bərpa edildiyi gündür. Bu tarix 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bağlıdır və ölkənin dağılmaqdan, vətəndaş qarşıdurmasından, siyasi anarxiyadan xilasının rəmzinə çevrilmişdir.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi xalqımız üçün böyük bir tarixi nailiyyət olsa da, bu dövr ciddi siyasi, sosial və hərbi sınaqlarla müşayiət olundu. Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyindən istefa verməsindən az sonra Ermənistanın havadarları Qarabağın Azərbaycandan ayrılması məsələsini qaldırdılar. Bu məkrli planlar Azərbaycanın zəiflədilmiş və rəhbərsiz siyasi sistemindən sui-istifadə edilərək həyata keçirildi.
Müstəqilliyin ilk illərində – xüsusilə 1992–1993-cü illərdə AXC-Müsavat iqtidarının idarəetmədəki təcrübəsizliyi, orduda başıpozuqluq, silahlı dəstələrin fəaliyyəti və dövlət aparatının dağılması ölkəni vətəndaş müharibəsi və dağılma təhlükəsi ilə üz-üzə qoydu. Siyasi rəhbərlik daxili çəkişmələrə, qarşılıqlı ittihamlara və səriştəsiz kadrlara güvənirdi. Cəbhədə ağır məğlubiyyətlər yaşanır, torpaqlar bir-birinin ardınca işğal olunurdu.
Dövlətçiliyin tənəzzülü: 1993-cü ilin acı mənzərəsi
AXC-Müsavat hakimiyyətinin bir illik fəaliyyəti dönəmində dövlət əmlakı talan olundu, xarici siyasət iflic vəziyyətə düşdü, xalq ağır sosial-iqtisadi böhranla qarşılaşdı. Xüsusilə Kəlbəcərin 1993-cü ilin aprelində işğalı xalqda dərin məyusluq yaratdı və hakimiyyətə olan inamı tamamilə sarsıtdı. Həmin dövrdə prezident olan şəxsin ordu və cəbhə haqqında məlumatdan bixəbər olması, ölkədə baş verən hadisələrə nəzarət etməməsi faktiki olaraq dövlətin idarə olunmaması anlamına gəlirdi.
Milli Qurtuluşun lideri: Heydər Əliyev
Belə bir şəraitdə xalqın yeganə ümidi Naxçıvanda fəaliyyət göstərən və milli düşüncənin daşıyıcısı olan Heydər Əliyev idi. O, 1990-cı illərin əvvəlindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi çətin şəraitdə Azərbaycanın dövlətçiliyini müdafiə edirdi. 1993-cü ilin iyununda Gəncə hadisələri zamanı ölkənin bir addım qiyam və parçalanmaya sürükləndiyi anda xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu.