AZ

Təhlükəli tendensiya: Uşaqlarımızın sayı azalır…

Əhalimizin sayının artması ilə bərabər onun “qocalması” baş verir. Bu tendensiya dünyada müşahidə edilir və hökumətlərin başağrısına çevrilməkdədir. Artıq Azərbaycan da neçə illərdir analoji problemlə üzləşib.

Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə, əhalinin yaş qrupuna baxsaq görərik ki, gənclərin, xüsusən də uşaqların payı əhəmiyyətli dərəcədə azalır və bu, artıq tendensiya halını alıb:

“Təsəvvür edin, 1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9%-ə düşüb. Yəni əvvəl hər 3 nəfərdən biri uşaq idisə, indi hər 4 nəfərdən biridir.

Məsələ burasındadır ki, azalma təkcə xüsusi çəkidə baş vermir, həm də sayda müşahidə edilir. 1990-cı ildə bu yaş qrupu üzrə uşaqların sayı 2 milyon 781,3 min nəfər olduğu halda 2023-cü ilə qədər olan dövrdə 5.3% azalaraq 2 milyon 633 min nəfərə düşüb”.

İqtisadçı bildirib ki, azalma daha çox qız uşaqları hesabına baş verib:

“Oğlan uşaqları 1,8%, qız uşaqları isə 9% azalıb.

Bunun səbəbi ümumi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsidir. 1990-cı ildə bu əmsal 2,8 olduğu halda, hazırda 1,6-ya düşüb. Halbuki ötən əsrin 60-cı illərində bu göstərici 5,2-5,5 civarında olub.

Məlumat üçün bildirim ki, ümumi nəsilvermə (fertillik) əmsalı reproduktiv dövr ərzində 15-49 yaşda bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir”.

Nigar İxtiyarqızı

Seçilən
41
6
tribunainfo.az

8Mənbələr