Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində, Pekin şəhərində bir sıra nüfuzlu universitet və elmi-tədqiqat institutlarında görüşlər keçirilib, əməkdaşlıqla bağlı mühüm razılaşmalar əldə olunub və sənədlər imzalanıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Pekinə səfər çərçivəsində UNEC-in nümayəndə heyəti ilk olaraq İnkişaf Maliyyəsinin Təşviqi üzrə Çin Assosiasiyasında (CAPDF) olub.
Vitse-prezident və Baş katib xanım Guo Mingshenin rəhbərliyi ilə keçirilən görüşdə rektor Ədalət Muradov UNEC-də “İnkişaf iqtisadiyyatı”nın fəaliyyət göstərdiyini, eləcə də UNEC-in Azərbaycan Respublikasının Maliyyə Nazirliyində İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA), Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutundan (CFA) və maliyyə ixtisasının Almaniyanın və Avropanın akkreditasiya təşkilatlarından biri olan “Foundation for International Business Administration Accreditation”nın (FIBAA) akkreditasiyasından keçdiyini bildirib. O, UNEC və CAPDF arasında birgə tədqiqat mərkəzinin və İnkişaf maliyyəsi laboratoriyasının yaradılması təşəbbüsünü irəli sürüb.
Görüşdə CAPDF prezidenti, Çin İnkişaf Bankının sabiq rəhbəri Çen Yuanın müəllifi olduğu “Dövlət və bazarın uzlaşdırılması: Çin yanaşması” kitabının Azərbaycan dilinə tərcüməsinə dair razılıq əldə olunub.
Xanım Guo Mingshe UNEC-in CAPDF ilə əməkdaşlıq edən ilk xarici universitet olduğunu xüsusi vurğulayıb.
UNEC-in nümayəndə heyəti daha sonra Çinin iqtisadiyyat və maliyyə sahəsində aparıcı ali təhsil müəssisəsi olan Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetinin (CUFE) prezidenti Ma Haitao ilə görüşüb. Tərəflər arasında ikili diplom proqramları, ortaq EMBA və rəqəmsal iqtisadiyyat proqramı, rəqəmsal və yaşıl iqtisadiyyat sahəsində tədqiqatlar, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə “Think Tank” və beynəlxalq kitab tərcümələri ilə bağlı razılıq əldə olunub. Görüş çərçivəsində UNEC və CUFE arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Səfərin növbəti günündə UNEC-in nümayəndə heyəti Azərbaycan dili ilə yanaşı, 101 xarici dilin tədris olunduğu Çin Xarici Dillər Universitetində olub. Universitetin prezidenti Jia Venjian ilə görüşdə ingilis dili tədrisinin metodologiyasının paylaşılması, iqtisadçı müəllimlərə ingilis dilinin bu universitetin tətbiq etdiyi metodologiya əsasında öyrədilməsi, MBA üzrə ikili diplom proqramı, müəllim-tələbə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
UNEC-in nümayəndələri həmin universitetdə Azərbaycan dilini öyrənən çinli tələbələrlə də görüşüblər.
UNEC-in rektoru professor Ədalət Muradov, həmçinin Çin Renmin Universitetinin tanınmış alimi professor Vang Yivei ilə görüşüb. Görüşdə UNEC-də professor Yiveinin elmi redaktorluğu ilə “Bir kəmər, bir yol” adlı beynəlxalq elmi jurnalın təsis edilməsinə dair razılıq əldə olunub.
Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində (UIBE) prezident Zhao Zhongxiu ilə keçirilən görüşdə UNEC-də birgə Ticarət və İqtisadiyyat İnstitutunun, Rəqəmsal iqtisadiyyat laboratoriyasının, Azərbaycan-Çin İqtisadi Əlaqələrinin Tədqiqi Mərkəzinin yaradılmasına, eləcə də tələbə-müəllim mübadiləsina dair razılıq əldə olunub. Həmçinin UIBE-də fəaliyyət göstərən ÜTT İnstitutu nümunəsində UNEC-də həmin institutunun yaradılmasına qərar verilib.
Səfər çərçivəsində sonuncu görüş isə THE reytinqində Çində lider olan Tsinghua Universitetində olub. Universitetin vitse-prezidenti professor Yang Bin ilə görüşdə UNEC-də MBA üzrə ikili diplom proqramı, ortaq EMBA, qısamüddətli modul proqramları, biznes, mühəndislik, strateji innovasiyalar üzrə forumların təşkili, birgə tədqiqat mərkəzlərinin yaradılmasına dair razılığa gəlinib.
Səfər zamanı nümayəndə heyəti Sinxua Universiteti nəzdində fəaliyyət göstərən dünyada məşhur Şvarsman kolleci ilə də tanış olub.