Fatimə Hacıbəyli: “İnsanlar ailənin təminatını ödəyə bilmədikləri üçün uşaqların çox olmasında maraqlı olmurlar”
Son illər demoqrafik eniş, doğuş sayının kəskin azalması cəmiyyəti ciddi narahat edən məsələlərdən biridir. Açıqlanan statistik məlumatlara əsasən, Azərbaycanda uşaqların sayı sürətlə azalır. 1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9%-ə düşüb.
Yəni əvvəl hər 3 nəfərdən biri uşaq idisə, indi hər 4 nəfərdən biridir. Məsələ burasındadır ki, azalma təkcə xüsusi çəkidə baş vermir, həm də sayda müşahidə edilir. 1990-cı ildə bu yaş qrupu üzrə uşaqların sayı 2 milyon 781,3 min nəfər olduğu halda, 2023-cü ilə qədər olan dövrdə 5.3% azalaraq 2 milyon 633 min nəfərə düşüb. Azalma daha çox qız uşaqları hesabına baş verib. Oğlan uşaqları 1,8%, qız uşaqları isə 9% azalıb. Məlumat üçün bildirək ki, 1990-cı ildəbu əmsal 2,8 olduğu halda hazırda 1,6-ya düşüb. Halbuki, ötən əsrin 60-cı illərində bu göstərici 5,2-5,5 civarında olub.
Açıqlanan rəqəmlərdən də bəlli olur ki, ölkədə uşaqların sayı sürətlə azalır. Maraqlıdır, uşaq sayının azalması sosial, yoxsa iqtisadi səbəblərlə bağlıdır?
“Gərgin münasibətlərdə yaşayan ailələr də ikinci uşaq istəmir, belə ailələrin hər an dağılma ehtimalıolduğu üçün...”
Sosioloq Fatimə Hacıbəyli "Bakı-Xəbər"-ə şərhində bildirdi ki, uşaq sayının azalması tendensiyası ildən-ilə azalır: "Uşaq sayının azalmasının əsas səbəbiiqtisadi və sosial vəziyyətin ağırlığı ilə bağlıdır. İlk olaraq deyim ki, sosial vəziyyətin ağırlığı demoqrafik problemin yaranmasına əsas səbəbdir. Ailələrin sosial təminatı nə qədər güclü olarsa, çoxuşaqlı ailələrin sayı bir o qədər artar. Düşünürəm ki, bu istiqamətdə aidiyyəti qurumlar maarifləndirmə işləri aparmalıdır. Onu da deyim ki, ölkədə evlənənlərin sayı kifayət qədər azalıb. Çünki gənclərimiz daha çox ölkədən kənarda karyera qurmağa üstünlük verir. Ona görə ki, ölkədə normal iş tapa bilmirlər. Bu səbəbdən çıxış yolunu xaricə getməkdə axtarırlar. Həmçinin, ölkədə mövcud olan işsizlik, maaşların aşağı olması ailələrin tək və ya iki uşaqla kifayətlənməsinə səbəb olur. İnsanlar ailənin təminatını ödəyə bilmədikləri üçün uşaqların çox olmasında maraqlı olmurlar. Ona görə ki, bunun təminat xərcləri var və hər ailə başçısı bunu qarşılamaq gücündə deyil. Bu səbəbdən çoxuşaqlı ailələrin sayı durmadan azalmaqdadır. O da məlumdur ki, bu gün boşanmaların sayı ildirım sürəti ilə artır. Gərgin münasibətlərdə yaşayan ailələr də ikinci uşaq istəmir. Belə ailələrin hər an dağılma ehtimalıolduğu üçün ikinci, üçüncü uşağa qarşı etinasızlıq yaranır. Yəni mümkün boşanma ehtimalını nəzərə alıb minimum uşaq sayı ilə kifayətlənirlər”.
Həmsöhbətimiz hesab edir ki, uşaq pulu mütləq qaydadabərpa olunmalıdır: "Məlumdur ki, 3 yaşına qədər adətən uşaqların xərci çox olur, bu zaman əlavə uşaq yeməkləri, bezlər və sairə haqda düşünüb dövlət öz dəstəyini verə bilər. Həmçinin məktəb yaşına qədər başqa, məktəbi bitirən yaşa qədər başqa məbləğ təyin edə bilər. Simvolik də olsa ailələrə dəstək göstərmək lazımdır. Yəni dövlət hər uşaq üçün 150-200 manat təyin edə bilər və buna dövlətimizin gücü çatır".
Günel CƏLİLOVA