Müasir dövrdə bir çox ölkədə doğum nisbətlərinin azalması cəmiyyətlərin sürətlə yaşlanmasına səbəb olur. Bu demoqrafik dəyişiklik əmək bazarında işçi qüvvəsinin azalması, sosial təminat sistemlərinə – o cümlədən pensiya və səhiyyə xidmətlərinə – artan yük, eləcə də iqtisadi durğunluq və sosial balanssızlıq kimi ciddi nəticələrə yol açır.
Mütəxəssislər bu tendensiyanı XXI əsrin ən mühüm çağırışlarından biri kimi qiymətləndirirlər. Maraqlı suallar ortaya çıxır:
Gənc nəslin azaldığı bir dünyada vergini kim ödəyəcək? Yaşlı əhaliyə tibbi və sosial xidmətlər necə maliyyələşdiriləcək?
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Bizim.Media-ya açıqlamasında bildirib ki, demoqrafik problem Azərbaycanda da getdikcə dərinləşir:
“Biz artıq 20 ildən çoxdur ki, bu barədə həyəcan təbili çalırıq. Son 50 ildə uşaq doğumu ən azı 5 dəfə azalıb. Ümumi mənzərə milli genofondun sürətlə tükənməsinə işarə edir. Boşanmalar 50 faizə çatıb, doğum 60 faiz, ailə qurulması isə 40 faiz azalıb. Bu göstəricilər sürətlə demoqrafik böhrana və cəmiyyətin qocalmasına aparır. Gənc nəsil azalır və bu da gələcək üçün çox ciddi təhlükədir”.
Ekspert qeyd edir ki, belə davam edərsə, yaxın onilliklərdə cəmiyyətin iqtisadi və sosial sabitliyi də risk altına düşəcək:
“Əgər bir cəmiyyətdə 10 nəfərdən 7-si işləməli, 3 nəfəri pensiyaçı olmalıdırsa, hazırkı tendensiya bu nisbətin tam tərsinə çevrilməsinə səbəb olur. Bu isə dövlətin iqtisadiyyatını çətin vəziyyətə salmaqla yanaşı, ailə strukturlarının da dağılmasına gətirib çıxarır”.
Elçin Bayramlı problemin həlli istiqamətində bir sıra təkliflərlə çıxış edib:
“İlk növbədə cəmiyyətin sosial durumu yaxşılaşdırılmalı, işsizlik səviyyəsi azaldılmalı, gənclər üçün sabit məşğulluq imkanları yaradılmalıdır. Gənc ailələrin ev alması asanlaşdırılmalı, uşaq doğumunu stimullaşdıran sosial dəstək proqramları tətbiq edilməlidir. Bu praktika artıq dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir. Paralel olaraq, mənəvi dəyərlərə zidd təbliğatların qarşısı alınmalı, ailə institutunun möhkəmləndirilməsi istiqamətində maarifləndirmə işləri aparılmalıdır”.
Ayşən Rəhim, Bizim.Media