Misli Premyer Liqasının 2024/2025 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib.

Offsideplus.az xəbər verir ki, bununla bağlı Peşəlar Futbol Liqası statistik yazı hazırlayıb.

Mövsüm ərzində 180 matç keçirilib, hər oyuna orta tamaşaçı sayı 1533-ə bərabər olub.

Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisinin qarşılaşmaları ümumilikdə 78500, orta hesabla hər görüşdə 4361 seyrçi toplayıb.

“Turan Tovuz” ikinci yerdən təxminən 2 dəfə önədir.

Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” isə üçüncü pillədə qərarlaşıb.

Avrokuboklarda stadionu dolduran "Qarabağ"ın oyunlarına futbol ili ərzində cəmi 31130 tamaşaçı baxıb. Bu, az qala 1 avrokubok görüşündəki azarkeşlərin də sayından azdır.

Antirekord "Araz-Naxçıvan"a məxsusdur. Bu komandanın ev matçlarına orta hesabla 256 azarkeş gəlib.

Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir: XXIII turda “Neftçi” – “Qarabağ” oyununda 9355, XXXI turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, XV turun “Neftçi” – “Qarabağ” matçında 7069 seyrçi qeydə alınıb.

“Sumqayıt” – “Qarabağ” (IX tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.