Milli Məclis "Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş"i ratifikasiya edib.
“Cebheinfo.az” xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
“Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib. Bildirilib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş" Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb.
Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin (TDTMMM) məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmiş dövlətin müraciəti əsasında təmin edilir və TDTMMM-in dəstək fəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir.
TDTMMM-in əsas funksiyaları haqqında Sazişdə ətraflı məlumat verilib. Bura fəlakət və fövqəladə hallar zamanı həyat və əmlakın xilas edilməsi, tibbi yardım, monitorinq və təhlil, sığınacaq, humanitar yardım və s. kimi tədbirlər aiddir. Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumlar kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləri tərəfindən həmin dövlətlərin Fövqəladə Hallar Nazirlikləri, Türkiyə Respublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyən edilib.
Sazişə əsasən, Tərəflər Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmini hüquqi şəxs statusuna malik olan beynəlxalq təşkilat formasında təsis edirlər. TDTMMM-in inzibati strukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsul olan Nazirlər Şurası və TDTMMM-in Katibliyi aid edilir. Nazirlər Şurasının tərkibi tərəflərin fəlakət və fövqəladə halların idarə edilməsinə məsul nazirlərindən ibarət olur.
Şura ildə ən azı bir dəfə toplanır. TDT-yə sədrlik edən tərəfi təmsil edən nazir həm də Şuraya sədrlik edir. TDTMMM-in Katibliyi isə məqsəd və vəzifələrin icrasına, iş fəaliyyətinin həyata keçirilməsinə və əlaqələndirilməsinə yardım göstərir. Katibliyə tərəflərin rəsmi adlarının ingilis əlifbası sırasına uyğun olaraq rotasiya əsasında Nazirlər Şurası tərəfindən təyin edilən Baş katib rəhbərlik edir. Baş katibin səlahiyyət müddəti üç ildir və bu müddət maksimum iki il uzadıla bilər. Katibliyin qərargahı isə İstanbul şəhərində yerləşir.
Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tərəflər tərəfindən yerinə yetirilməsini təsdiq edən sonuncu yazılı bildirişin Depozitari tərəfindən diplomatik kanallar vasitəsilə qəbul edilməsindən sonra otuzuncu gün qüvvəyə minir və TDT-yə üzv və müşahidəçi dövlətlərin qoşulması üçün açıqdır. Habelə digər dövlətlər bütün tərəflərin razılığı əsasında bu Sazişə qoşula bilərlər. Sazişə əsasən, Türkiyə Respublikası Hökuməti bu Sazişin Depozitarisi olur. Tərəflərdən hər biri istənilən vaxt Depozitariyə müvafiq yazılı bildiriş göndərməklə Sazişdən çıxa bilər.