“Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır”.
Hafta.az xəbər verir ki, bunu “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” lə bağlı qanun layihəsini müzakirəyə təqdim edən Milli Məclisin Müdafiə,Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Deputat qeyd edib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizmi nin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 06 noyabr 2024-cü il tarixində Bişkek şəhərində imzalanıb. Qanun layihəsi baxılmaq üçün cənab Prezidentin imzası ilə Milli Məclisə daxil olub.
Onun sözlərinə görə, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizmi Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmiş dövlətin müraciəti əsasında təmin edilir və Mexanizmin dəstək fəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir və əsas funksiyaları haqqında Sazişdə ətraflı məlumat verilib.
“Bura fəlakət və fövqəladə hallar zamanı həyat və əmlakın xilas edilməsi, tibbi yardım, monitorinq və təhlil, sığınacaq, humanitar yardım və s. kimi tədbirlər aiddir.
Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumlar kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləri tərəfindən həmin dövlətlərin Fövqəladə Hallar Nazirlikləri, Türkiyə Respublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyən edilib.
Sazişə əsasən, Tərəflər Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmini hüquqi şəxs statusuna malik olan beynəlxalq təşkilat formasında təsis edirlər.Mexanizmin inzibati strukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsul olan Nazirlər Şurası və Katibliyi aid edilir. Nazirlər Şurasının tərkibi tərəflərin fəlakət və fövqəladə halların idarə edilməsinə məsul nazirlərindən ibarət olur.
Şura ildə ən azı bir dəfə toplanır. TDT-yə sədrlik edən tərəfi təmsil edən nazir həm də Şuraya sədrlik edir. TDTMMM-in Katibliyi isə məqsəd və vəzifələrin icrasına, iş fəaliyyətinin həyata keçirilməsinə və əlaqələndirilməsinə yardım göstərir. Katibliyə tərəflərin rəsmi adlarının ingilis əlifbası sırasına uyğun olaraq rotasiya əsasında
Nazirlər Şurası tərəfindən təyin edilən Baş katib rəhbərlik edir. Baş katibin səlahiyyət müddəti üç ildir və bu müddət maksimum iki il uzadıla bilər. Katibliyin qərargahı isə İstanbul şəhərində yerləşir.
Sazişin təfsiri və ya yerinə yetirilməsi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tərəflər tərəfindən yerinə yetirilməsini təsdiq edən sonuncu yazılı bildirişin Depozitari tərəfindən diplomatik kanallar vasitəsilə qəbul edilməsindən sonra otuzuncu gün qüvvəyə minir və TDT-yə üzv və müşahidəçi dövlətlərin qoşulması üçün açıqdır.
Habelə digər dövlətlər bütün tərəflərin razılığı əsasında bu Sazişə qoşula bilərlər.
Sazişə əsasən, Türkiyə Respublikası Hökuməti bu Sazişin Depozitarisi olur.
Sazişə edilən düzəliş və əlavələr Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilir.
Tərəflərdən hər biri istənilən vaxt Depozitariyə müvafiq yazılı bildiriş göndərməklə Sazişdən çıxa bilər”- komitə sədri məlumat verib.