AZ

Azərbaycan dövlətçiliyinin xilas günü » AzadMedia.az


“15 iyun 1993-cü il tarixdən 32 il keçir. Bu tarixi gün Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin tarixdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir. Bu tarixdən başlanan inkişaf, tərəqqi yolu Azərbaycana bir-birindən möhtəşəm uğurlar, Zəfərlər qazandırır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının böyük qürur hissi keçirdiyi tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsidir. Bu qayıdış Azərbaycanın bir dövlət olaraq varlığını qorumasını, müstəqilliyinin əbədiliyini təmin etdi. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Vətənini, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə daim Azərbaycanı zirvələrdə görmək istədi və atdığı addımları ilə bu istəyi reallığa çevirdi: “Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin edən məhz Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti oldu. Azərbaycanın qısa müddətdə sabitlik məkanına çevrilməsi hər bir sahədə uğurlu addımların atılmasına geniş yol açdı. 1994-cü il 20 sentyabr tarixində Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Dahi şəxsiyyət bu çağırışı etmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Neft gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsini şərtləndirir”.

Malik Həsənov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlərdə öz aktuallığını qoruyur: “İqtisadi tərəqqi bütün sahələrdə mühüm addımların atılmasına və uğurlu nəticələrə yol açdı. Ordu quruculuğu sahəsində yaradılan möhkəm təməlin nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Son 21 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı Ümummilli Liderin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Bu arzu 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Artıq 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin beş ili tamam olur. Bu şanlı Qələbədən sonra mövbəti Zəfərə imza atdıq. 2023-cü ildə suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Həmin ilin 20 sentyabr tarixi yeni dövrün başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır”.

Millət vəkili bildirib ki, Milli Qurtuluş Gününün müasir sədası azad Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır: “Azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş miqyas alıb. Dövlət başçısı İlham Əliyevin bu torpaqlara hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasının aydın mənzərəsini yaradır. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalan bu səfərlər çərçivəsində Prezident İlham Əliyev, eyni zamanda, bu torpaqlara qayıdan sakinlərlə görüşür. Hər zaman azad Qarabağdan və azad Şərqi Zəngəzurdan bu çağırış edilir ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq”.

Malik Həsənov qeyd edib ki, bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi, həmçinin imzalanan sənədlərə şahidlik edir: “Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə baxış əsasında bu gününün və qarşıdakı dövrün hədəflərini özündə ehtiva edən Şuşa Bəyannaməsinin imzalanmasından dörd il keçir. Tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanması atılan addımlarda özünün aydın ifadəsini tapır. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya mesaj oldu. Sonadək mənəvi və siyasi dəstəyini göstərən qardaş Türkiyə Zəfərimizi Azərbaycan ilə birgə yaşadı. Postmünaqişə dövrünün reallıqlarının qəbul etdirilməsində və həyata keçirilməsində Türkiyə daim Azərbaycanın yanındadır. Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik sənədi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığnın və müttəfiqliyinin gələcək inkişafının yol xəritəsi oldu. Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş Gününə – 15 İyun tarixinə, Qarabağ və Zəngəzur üçün çox vacib olan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə yönələn bu sənəd Bakı və Ankaranın rəhbərliyi ilə regionda etimad, inkişaf mühitinin yaradılmasının başlanğıcı oldu. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə iki qardaş ölkənin birliyinin gələcəyini göstərir”.

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış Şuşa Bəyannaməsi tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları öz əksini tapıb. Bu tarixi kəlamlar fəaliyyətimiz üçün əsas amildir. Bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün bütün imkanlar mövcuddur. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Postmünaqişə dövrünün mühüm reallıqlarından biri kimi, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər qardaş Türkiyə tərəfindən təqdir edilir. 28 May-Müstəqillik Günündə Laçında keçirilən bayram tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bildirdi ki, sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Otuz ildən sonra əsarətdən azad olunan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır. Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq.
Seçilən
56
11
azadmedia.az

10Mənbələr