AZ

SOCAR-ın transformasiyası: Azərbaycanın enerji tarixinin yeni səhifəsi

Azərbaycan iqtisadiyyatının təməl sütunu olan SOCAR yeni transformasiya mərhələsinə qədəm qoyub. Şirkətin əsas məqsədi ənənəvi neft-qaz şirkətindən ölkənin enerji təhlükəsizliyini davamlı olaraq təmin edən və dəyər yaradan beynəlxalq enerji şirkətinə çevrilməkdir.

Şirkətin transformasiyası yalnız milli sərhədlərlə məhdudlaşmayıb – beynəlxalq layihələrdə fəal iştirakı və strateji tərəfdaşlıqlar sayəsində şirkət gəlir mənbələrini şaxələndirərək beynəlxalq səviyyədə fəaliyyətini genişləndirib.

Bütün bunlar SOCAR-ın uzunmüddətli dayanıqlı inkişafı üçün möhkəm əsas formalaşdırır və şirkətin qlobal enerji ekosisteminə daha dərin inteqrasiyası üçün bir platforma rolunu oynayır. Şirkətin karbonsuzlaşdırma, beynəlxalq tərəfdaşlıq və “yaşıl keçid” çərçivəsində əlavə dəyər yaradılması istiqamətindəki strategiyası SOCAR-ı yeni enerji dünyasının aparıcı regional oyunçularından birinə çevirir.

SOCAR-ın transformasiya mərhələsi üç əsas strateji istiqamət üzrə formalaşır:

1 - Çətin şəraitə, neft yataqlarında hasilatın təbii şəkildə azalmasına və köhnəlmiş infrastrukturun mövcudluğuna baxmayaraq əməliyyat göstəricilərinin artırılması.

2 - SOCAR-ın beynəlxalq enerji bazarına çıxışı ilə yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi

3 - SOCAR-ın sosial missiyasının effektiv şəkildə yerinə yetirilməsi ilə yanaşı, yüksək maliyyə dayanıqlılığının təmin edilməsi.

1. Çətin şərait fonunda əməliyyat dayanıqlılığı

Azərbaycanın hazırda istismarda olan yataqlarında hasilat uzun müddətdir ki, davam edir. Üç əsas yataq – AÇG (“Azəri-Çıraq-Günəşli”), “Dayazsulu Günəşli” və “Neft Daşları” 25 ildən çoxdur ki, istismardadır. “Neft Daşları”nda hasilat 70 ildən, “Dayazsulu Günəşli”də 35 ildən, AÇG-də isə 25 ildən artıq müddətdir ki, davam edir.

Ölkəmizdə neft yataqlarında təbii hasilat azalması öncədən proqnozlaşdırılırdı.Lakin, təbii azalma prosesi ilkin proqnozdan daha sürətli olub. Bu azalmaya əsasən iki amil təsir göstərib: HPBS çərçivəsində AÇG yatağında hasilatın azalması (əlavə azalmanın təxminən 90%-i məhz AÇG yatağı ilə bağlı olub). “Qarabağ” kimi bəzi layihələrin icrasında gecikmənin olması.

Yeni ACE platforması: AÇG blokunda uğurlu start

2024-cü il aprelin 16-da bp şirkəti Azəri–Çıraq–Günəşli (AÇG) blokuna daxil olan yeni "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından neft hasilatına başlandığını elan etdi. Artıq ilin sonuna kimi ACE platformasından hasilat gözləntiləri üstələyərək sutkada 24 min barel əvəzinə 26 min barel təşkil etmişdir.

ACE platforması AÇG blokunda sayca yeddinci olub və 48 layihə quyusunun tam istismara verilməsindən sonra sutkada 100 min barelədək neft hasilatı gücünə malikdir.

Bundan əlavə, 2025-ci ilin sonuna qədər sualtı və quru işlərinin başa çatması ilə "Qərbi Çıraq" platformasından da qaz hasilatına başlanacağı gözlənilir.

Təbii qaz: Hasilat artımı və yeni Shah Deniz Compression layihəsi

2024-cü ildə SOCAR təbii qaz hasilatında müsbət dinamika qeydə aldı. "Şahdəniz" və "Ümid" yataqlarında səmərəli istismar nəticəsində ümumi hasilat həcmi 50 milyard kubmetri ötərək, 2016-cı ildə müəyyən olunmuş 45 milyard kubmetrlik uzunmüddətli proqnozu (təkrar vurulmuş qaz da daxil olmaqla) aşdı.

Qaz potensialının genişləndirilməsi baxımından əhəmiyyətli addımlardan biri, "Şahdəniz" konsorsiumunun Shah Deniz Compression (SDC) layihəsi üzrə yekun investisiya qərarının qəbul olunmasıdır. Bu layihə ölkənin ən iri qaz yatağının işlənməsinin üçüncü mərhələsidir.

2,9 milyard ABŞ dolları dəyərində olan SDC layihəsi, lay təzyiqinin aşağı salınması ilə çıxarılma əmsalını artırmağa yönəlib. Layihə çərçivəsində əlavə olaraq 50 milyard kubmetr qaz və 25 milyon barel qaz kondensatı hasil edilərək ixrac ediləcək.

“Midstream” və “downstream” infrastrukturunun köhnəlməsi: Problemlərin həlli üçün genişmiqyaslı transformasiya

Strateji əhəmiyyətinə baxmayaraq, SOCAR-ın midstream və downstream seqmentlərindəki neft-qaz aktivləri yüksək dərəcədə köhnəlmiş infrastruktur şəraitində fəaliyyət göstərməyə davam edir. Ən bariz nümunə qaz nəqli sistemində müşahidə olunur: “Azəriqaz” İB-nin mövcud boru kəmərlərinin 60%-i 35 ildən artıqdır ki, istismardadır və bu səbəbdən qaz itkiləri məqbul səviyyədə deyil.

“Downstream” fəaliyyətinin əsas hissəsini təşkil edən Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) isə artıq 70 ildən çoxdur ki, fəaliyyət göstərir.

Köhnəlmiş infrastruktura baxmayaraq, 2022-ci ilə qədər SOCAR-ın digər prioritet layihələrinə görə, təəssüf ki, mövcud aktivlərin qorunub saxlanılmasına məhdud həcmdə investisiya qoyuluşu həyata keçirilib. Bu xüsusda, 2019–2021-ci illər ərzində istismarda olan yataqlarda hasilatı stabil saxlamaq məqsədilə ümumi investisiya qoyuluşları 1 milyard ABŞ dollarından az olub. Bu isə analoji sənaye obyektləri üçün orta investisiya göstəricisinin yarısını təşkil edib. Eyni şəkildə, 2022-ci ildə Heydər Əliyev adına NEZ-ə qoyulan investisiya həcmi təxminən 20 milyon ABŞ dolları olub. Halbuki, NEZ-in mürəkkəb infrastrukturu və miqyası nəzərə alınarsa, qlobal etalon (benchmark) üzrə bu məbləğ təxminən 60 milyon dollar olmalı idi.

Bu problemlərin aradan qaldırılması üçün SOCAR bütün əsas fəaliyyət sahələrində əməliyyatların təkmilləşdirilməsinə yönəlmiş genişmiqyaslı transformasiyalara start verib. Diqqət köhnə infrastrukturun yenilənməsinə, səmərəliliyin artırılmasına və hasilatın davamlı genişləndirilməsinə yönəlib.

Upstream seqmentində ilk addım AÇG potensialının təkrar qiymətləndirilməsi olub: AÇG yatağında hasilatın gözləniləndən aşağı səviyyədə olması səbəbindən, SOCAR HPBS tərəfdaşları ilə birgə yatağın hasilat proqnozlarının qiymətləndirilməsi və yenidən nəzərdən keçirilməsi məqsədilə texniki tədqiqat işlərinə başlayıb. Bu tədqiqat müstəqil texniki məsləhətçi şirkətlərin dəstəyi ilə həyata keçirilib. Nəticə olaraq, növbəti beş il ərzində AÇG yatağında hasilatın 2024-cü il səviyyəsində qorunub saxlanılması ilə bağlı öhdəlik qəbul edilib. Bu yeni öhdəlik sayəsində 2030-cu ilə qədər əlavə olaraq 5 milyon ton neftin hasil olunacağı, bununla da uzunmüddətli hasilatın və dəyərin artırılacağı proqnozlaşdırılır.

Paralel olaraq digər perspektivli aktivlərdə də miqyaslı layihələr gerçəkləşdirilir.

KADUA layihəsi çərçivəsində (bp ilə birgə) ilk neft hasilatı 2029–2030-cu illərdə nəzərdə tutulur. Layihənin pik hasilat mərhələsində illik 3 milyon tondan artıq neft hasilatı gözlənilir.

“Ümid Faza-2” layihəsi üzrə yekun investisiya qərarının 2026-cı ilin sonuna qədər verilməsi nəzərdə tutulur. İlk qaz hasilatı isə 2028-ci ilin sonuna planlaşdırılır. Ümumilikdə “Ümid” yatağından 2050-ci ilə qədər 50 milyard kubmetrdən çox qaz hasil ediləcəyi, pik hasilat dövründə isə (2030-cu illərin əvvəllərində) illik 4,4 milyard kubmetr qaz hasilatı proqnozlaşdırılır.

Oxşar dinamika “Abşeron” yatağındada müşahidə olunur: “Abşeron” yatağının işlənməsinin İkin Hasilat Sxemi mərhələsi üzrə qaz hasilatına 2023-cü ildə başlanılıb. Yatağın tammiqyaslı işlənməsi (“Total” və ADNOC ilə birgə) üzrə yekun investisiya qərarının 2025-ci ilin sonuna qədər verilməsi planlaşdırılır. Layihə çərçivəsində ilk qaz hasilatı isə 2028-ci ilin sonuna nəzərdə tutulur. Pik hasilat dövründə (2030-cu ilin əvvəllərinə proqnozlaşdırılır) illik hasilatın 6 milyard kubmetrə çatacağı gözlənilir.

Babək” perspektiv sahəsinin kəşfiyyatı üzrə yeni HPBS-nin hazırlanması planlaşdırılır . Hazırkı qiymətləndirmələrə əsasən, “Babək” yatağında çıxarıla bilən qaz ehtiyatları 100 milyard kubmetrdən çoxdur ki, bu da onun uzunmüddətli strateji əhəmiyyətini göstərir. Eyni zamanda, bu yeni HPBS-də iştirak etməkdə maraqlı bir sıra investorlar mövcuddur.Bundan əlavə, SOCAR, “ExxonMobil” (ABŞ), “MOL Group” (Macarıstan) və ENI (İtaliya) kimi qlobal enerji şirkətləri ilə yeni kəşfiyyat sahələri üzrə əməkdaşlıq imkanlarını müzakirə edir.

Yeni layihələrlə yanaşı, şirkət köhnə yataqlarda əməliyyat fəaliyyətinin yaxşılaşdırılmasına diqqət ayırır. 2023-2024-cü illərdə “Azneft” İB-də neftçilərin yataqxana, yeməkxana və digər ümumi istifadə yerlərinin təmiri daxil olmaqla platformalarda yaşayış şəraitinin yaxşılaşdırılması üçün 350-dən çox iş görülüb. Digər əsas istismar olunan yataqların modernləşdirilməsi üçün tərəfdaş şirkətlər ilə dəyər mübadiləsi çərçivəsində əməkdaşlıq modelinin müzakirəsinə start verilib.

Uzun müddət istismarda olan “Dayazsulu Günəşli” yatağının yenidən işlənməsi planına, o cümlədən su axınının optimallaşdırılması kimi təşəbbüslərə başlanılıb. İnfrastrukturun və əməliyyatların modernləşdirilməsi təşəbbüsləri çərçivəsində 2024-cü ildə pilot olaraq tətbiq edilən sahələrdə hasilat 3% artıb ki, bu da ilkin proqnozları üstələyir. Hazırda bu pilot layihələrin miqyasının genişləndirilərək “Dayazsulu Günəşli” və digər müvafiq yataqlarda tətbiqi planlaşdırılır.

“Midstream” seqmentində qazpaylayıcı sistemin kompleks transformasiyasına start verilib. “Azəriqaz”da sayğacların klasterləşdirilməsi və modernləşdirilməsindən tutmuş, şəbəkələrin idarə olunması üçün rəqəmsal həllərin tətbiqinədək iki ondan çox təşəbbüs həyata keçirilir. Bu tədbirlər qaz itkilərinin azaldılmasına, səmərəliliyin artırılmasına və müştəri xidmətlərinin yaxşılaşdırılmasına yönəlib. Bu xüsusda, 2031-ci ilin sonuna kimi təşəbbüslərin pik həddə çatdırılması ilə illik 50 milyon ABŞ dollarından çox mənfəət əldə edilməsi gözlənilir (5 illik müddətdən sonra ~250 milyon ABŞ dolları).

2022-2024-cü illərdə 820 km-dən çox boru kəmərində təmir-bərpa işləri aparılıb. 2023-cü illə müqayisədə 2024-cü ildə CAPEX-də (kapital xərcləri) 17% səmərəliliyə nail olunub. 2024-cü ildə sayğacların 10%-i yüksək keyfiyyətli sayğaclarla yenilənib. Aparıcı qlobal şirkətlərlə əməkdaşlıq nəticəsində və rəqəmsal həllərlə birlikdə qaz sızmalarının ~1% azalmasına nail olunub. 2024-cü ildə sahə işi, hesablama, müştəri həlləri və digər əməliyyat və kommersiya prosesləri üçün 15-dən çox rəqəmsal həllər hazırlanıb.

Yığımlar 4,4 faiz artaraq 2023-cü ildəki 94,8%-dən 2024-cü ildə 99,2%-ə yüksəlib. Son 3 ildə 55-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb ki, bu da 91 000-dən çox ev təsərrüfatının enerji təminatına imkan yaradıb. Bundan başqa, son 3 ildə 160 000-dən çox yeni abunəçi qeydə alınıb ki, onlardan 3500-dən çoxu işğaldan azad edilmiş ərazilərdədir.

“Mitsui & Co.” kimi beynəlxalq şirkətlərlə “Karbon Krediti” mexanizminin işlənib hazırlanması üzrə əməkdaşlıq edilib. Bu təşəbbüs qaz sızmalarının qarşısının alınması ilə metan emissiyalarının azaldılmasına, Karbon Krediti mexanizminin gələcəkdə tətbiqinə imkan yaratmaq məqsədi daşıyır.

Uzunmüddətli strategiya çərçivəsində Yaxın Şərq ölkələrindən tərəfdaşlar cəlb olunub və bu əməkdaşlıq ağıllı qaz infrastrukturlarının inkişafını hədəfləyir. Bu tərəfdaşlıqların məqsədi sızmaların müəyyən olunması dəqiqliyinin artırılması, əməliyyat səmərəliliyinin yüksəldilməsi, müştəri xidmətlərinin təkmilləşdirilməsi və aktivlərin idarə olunmasının optimallaşdırılmasıdır.

Beləliklə, SOCAR-ın transformasiya təşəbbüsləri yalnız mövcud göstəricilərin sabitləşdirilməsinə deyil, həm də uzunmüddətli dövrdə davamlı inkişaf üçün möhkəm əsasların formalaşdırılmasına yönəlib.

Təbii qazın ixracı:

Azərbaycanın qaz ixracı hazırda rekord səviyyədədir – 2024-cü ildə bu göstərici 25,3 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ildəki 23,9 milyard kubmetr və 2022-ci ildəki 22,4 milyard kubmetrlə müqayisədə artım deməkdir.

2026-cı ilə qədər Avropaya illik qaz ixracının təxminən 18,6% artırılaraq 2023-cü ildəki 11,8 milyard kubmetrdən 14 milyard kubmetrə çatdırılması hədəflənir. Azərbaycan əlavə kapital xərclərinə (CAPEX) ehtiyac olmadan, “SWAP” mexanizmləri vasitəsilə 12 ölkəyə qaz ixracını həyata keçirir.

“Downstream” (emal və satış):

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiya proqramına start verilib və bu proqramın birinci mərhələsi 2024-cü ildə uğurla tamamlanaraq, Azərbaycanda ilk dəfə “Avro-5” standartına uyğun yanacaq istehsal olunub.

Modernizasiyanın birinci mərhələsində qarşıya üç əsas hədəf qoyulmuşdu:

- Avro-5 standartlarına cavab verən dizel yanacağı və benzin istehsalının təmin olunması;

- “Azərikimya” ASC üçün daha keyfiyyətli və sabit xammal tədarükünün təşkil olunması;

- Emal prosesi zamanı ətraf mühitə mənfi təsirlərin azaldılması.

Layihənin ilkin olaraq 2021-ci ildə tamamlanması nəzərdə tutulsa da, işlərin həcminin əhəmiyyətli dərəcədə genişlənməsi səbəbindən layihə yalnız 2024-cü ildə başa çatdırılıb. Əvvəlcə yalnız ayrı-ayrı qurğuların yenilənməsi planlaşdırılsa da, genişmiqyaslı dayanıqlılıq sınaqları zamanı əlavə problemlər aşkarlanıb: bəzi qurğularda metal qatının kifayət qədər qalın olmaması və bir neçə kolonun istismara yararsız olması. Bu səbəbdən işlərin həcmi qismən modernizasiyadan tamamilə yeni qurğuların tikintisinə dəyişdirilib (əsasən Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi sahəsində risklərin azaldılması məqsədilə), bu isə layihənin icrasının uzadılmasına gətirib çıxarıb. Belə dəyişikliklər və müddət gecikmələri emal müəssisələrində həyata keçirilən iri layihələr üçün tipik haldır.

Məqsədli şəkildə həyata keçirilən əməliyyat mükəmməlliyi proqramları vasitəsilə NEZ-də ağ neft məhsullarının (benzin, dizel, aviasiya yanacağı) istehsalı 2022-ci ildəki 63%-dən 2024-cü ilin sonuna 69%-ə yüksəlib, əməliyyat itkiləri isə 2%-dən 1,6%-ə qədər azalıb.

Proseslərin optimallaşdırılması nəticəsində 2024-cü ildə daxili bazar üçün neft məhsullarının xarici ticarət balansında müsbət saldo 50 milyon ABŞ dollarını ötüb və proqnozlara görə bu göstəricinin növbəti 5 il ərzində təxminən 250 milyon dollaradək artacağı gözlənilir. Bu nəticə benzinin idxalının azalması və aviasiya yanacağının ixracının artması hesabına mümkün olub.

Karbamid Zavodunda 2024-cü ildə istehsalı həcmi 2022-ci ildəki 537 min tondan 652 min ton səviyyəsinə çatıb ki, bu da 21,4%-lik artım deməkdir. Paralel olaraq, 1 ton üzrə təbii qaz sərfiyyatı 24% azalıb.

“Azərikimya” İstehsalat Birliyi üzrə etilen və propilen hasilatı 2022-ci ildəki 48,6%-dən 2024-cü ildə 55,4%-ə yüksəlib.

Ümumilikdə, 2023-cü ildən bəri həyata keçirilən təkmilləşdirmə işləri nəticəsində “Dəyər Yaratma Layihələri”nin illik iqtisadi təsiri 131 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir ki, bu da növbəti beş il ərzində təxminən 650 milyon ABŞ dolları deməkdir.

Türkiyədəki downstream fəaliyyəti çərçivəsində STAR Neft Emalı Zavodunda istehsalat gücü 2020-ci ilin may ayında 98,5% olduğu halda, 2023-cü ilin yanvarında 119%-ə çatdırılıb. Bu, NEZ-lər arasında ən yüksək istismar səmərəlilik göstəricilərindən biri hesab olunur və xüsusilə 2022–2023-cü illərdə emal marjalarının yüksək olduğu şəraitdə müəssisəyə əhəmiyyətli maliyyə üstünlüyü qazandırıb.

q) Rəqəmsallaşma (bütün seqmentlər üzrə əsas və strateji əhəmiyyət daşıyan istiqamət kimi):

SOCAR genişmiqyaslı rəqəmsal transformasiya proqramına start verib və bütün dəyər zənciri üzrə rəqəmsal həllərin tətbiqinə başlayıb. Bu proses ilk olaraq Türkiyədə həyata keçirilərək, daha sonra Azərbaycanda əməliyyat sahələri üzrə genişləndirilib.

Türkiyədə “Petkim” və “STAR” zavodları müvafiq olaraq 2020 və 2021-ci illərdə Dünya İqtisadi Forumu tərəfindən dünyada ilk dəfə nüfuzlu “Global Lighthouse Network” mükafatına layiq görülən neft-kimya və emal müəssisələri olub.

2023-cü ildə SOCAR Azərbaycanda Karbamid Zavodunda rəqəmsal transformasiya proqramına start verib. Hazırda zavod Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” şəbəkəsinə qoşulmaq üçün hazır vəziyyətə gətirilib.

Azəriqaz" İB, “Italgas” kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində yüksək ölçmə infrastrukturu və “ağıllı sayğac şəbəkəsi”nin qurulmasına dair strateji təşəbbüsə start verib. Qaz sızmasının aşkarlanması üzrə yüksək həssaslığa malik texnologiya ilə 5000-dən çox sızma müəyyən edilib, onların 3000-dən çoxu operativ şəkildə aradan qaldırılıb. Bu tədbirlər nəticəsində illik qaz itkisi təxminən 2,6 milyon kubmetr azalıb, bu da təxminən 50 min ton CO₂ ekvivalent emissiyaların azalması ilə nəticələnib.

2025-ci ildə "Azneft" İB qlobal texnologiya təminatçıları ilə strateji tərəfdaşlıq çərçivəsində çoxillik rəqəmsal transformasiya və infrastrukturun modernləşdirilməsi proqramına start verib. İlkin mərhələdə, “Azneft” İB ilk dəfə olaraq quyuların hasilat və əməliyyat göstəricilərinə uzaq məsafədən real vaxt rejimində nəzarəti təmin edən virtual monitorinq sisteminin istifadəsinə başlayıb. Bu sistem ən iri hasilat platforması olan “Günəşli Platforma 8”, “Neft Daşları” çən parkı və Dübəndi çən parkını əhatə edir

2. Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi və SOCAR-ın beynəlxalq enerji şirkətinə çevrilməsi:

Milli neft və qaz şirkətləri (MNQŞ-lər) adətən iki əsas məqsəd daşıyır: daxili enerji təhlükəsizliyini təmin etmək, eyni zamanda regional və qlobal səviyyədə rəqabətədavamlı şirkətə çevrilmək. SOCAR bu “iki məqsədi” uğurla həyata keçirir. Daxili bazarda neft və qaz məhsullarının əsas təchizatçısı kimi SOCAR Azərbaycanın enerji təhlükəsizliyini təmin edir və yerli bazara satılan xam neftin 100%-ni təmin edir. Bundan əlavə, avtomobil yanacağı (o cümlədən ilk dəfə Avro-5 standartlarına cavab verən benzin) və aviasiya yanacağı üzrə yerli tələbatın 90%-i SOCAR tərəfindən qarşılanır.

Qeyd edək ki, Heydər Əliyev adına NEZ-in ümumi istehsal həcmi 2019–2024-cü illər ərzində təxminən 2% artıb və bu artım əsasən texnoloji itkilərin 3,6%-dən 1,6%-ə endirilməsi hesabına əldə olunub. Eyni zamanda, yüngül məhsulların (benzin, dizel və s.) ümumi məhsul portfelindəki payı 65,9%-dən 70,5%-ə qədər yüksəlib

Digər tərəfdən, son illərdə SOCAR ölkə üzrə qazlaşdırma səviyyəsini 97%-ə çatdırıb ki, bu göstərici həm regionda, həm də dünya miqyasında ən yüksək səviyyələrdən biridir.

Qlobal enerji keçidi şəraitində və Azərbaycanın bərpa olunan enerji sahəsində böyük potensialını nəzərə alaraq, SOCAR davamlı inkişaf istiqamətində strategiyasını fəal şəkildə yenidən qurur.

COP28 konfransında şirkət karbonsuzlaşdırma üzrə iddialı hədəflərini təqdim edib:

- 2050-ci ilə qədər karbon neytrallığına (net-zero) nail olmaq;

- 2035-ci ilə qədər upstream (hasilat) seqmentində metan emissiyalarını tamamilə aradan qaldırmaq;

- 2035-ci ilə qədər şirkətin karbon intensivliyini 30% və ümumi tullantıları 20% azaltmaq.

Bu hədəflər SOCAR-ın investisiya portfelinin bərpa olunan enerji istiqamətində genişmiqyaslı şəkildə yenidən formalaşdırılmasına təkan verib. 2024-cü ilin sonuna olan məlumata görə, SOCAR Green törəmə şirkətinin təsdiqlənmiş layihə portfeli 1,4 QVt təşkil edib. Bu portfelyə aşağıdakılar daxildir:

Total şirkəti ilə birlikdə həyata keçirilən 1 QVt-lıq “Mega” layihəsi;

bp ilə birlikdə həyata keçirilən 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası;

Çin tərəfdaşları ilə birlikdə həyata keçirilən 160 MVt-lıq layihələr.

Seçilən
15
19
aznews.az

10Mənbələr