AZ

SOCAR-ın transformasiyası - Azərbaycanın enerji tarixinin yeni səhifəsi

Azərbaycan iqtisadiyyatının təməl sütunu olan SOCAR yeni transformasiya mərhələsinə qədəm qoyub. Şirkətin əsas məqsədi ənənəvi neft-qaz şirkətindən ölkənin enerji təhlükəsizliyini davamlı olaraq təmin edən və dəyər yaradan beynəlxalq enerji şirkətinə çevrilməkdir.

Şirkətin transformasiyası yalnız milli sərhədlərlə məhdudlaşmayıb – beynəlxalq layihələrdə fəal iştirakı və strateji tərəfdaşlıqlar sayəsində şirkət gəlir mənbələrini şaxələndirərək beynəlxalq səviyyədə fəaliyyətini genişləndirib.

Bütün bunlar SOCAR-ın uzunmüddətli dayanıqlı inkişafı üçün möhkəm əsas formalaşdırır və şirkətin qlobal enerji ekosisteminə daha dərin inteqrasiyası üçün bir platforma rolunu oynayır. Şirkətin karbonsuzlaşdırma, beynəlxalq tərəfdaşlıq və “yaşıl keçid” çərçivəsində əlavə dəyər yaradılması istiqamətindəki strategiyası SOCAR-ı yeni enerji dünyasının aparıcı regional oyunçularından birinə çevirir.

SOCAR-ın transformasiya mərhələsi üç əsas strateji istiqamət üzrə formalaşır:

- Çətin şəraitə, neft yataqlarında hasilatın təbii şəkildə azalmasına və köhnəlmiş infrastrukturun mövcudluğuna baxmayaraq əməliyyat göstəricilərinin artırılması.

 SOCAR-ın beynəlxalq enerji bazarına çıxışı ilə yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi

- SOCAR-ın sosial missiyasının effektiv şəkildə yerinə yetirilməsi ilə yanaşı, yüksək maliyyə dayanıqlılığının təmin edilməsi.

1. Çətin şərait fonunda əməliyyat dayanıqlılığı

Azərbaycanın hazırda istismarda olan yataqlarında hasilat uzun müddətdir ki, davam edir. Üç əsas yataq – AÇG (“Azəri-Çıraq-Günəşli”), “Dayazsulu Günəşli” və “Neft Daşları” 25 ildən çoxdur ki, istismardadır. “Neft Daşları”nda hasilat 70 ildən, “Dayazsulu Günəşli”də 35 ildən, AÇG-də isə 25 ildən artıq müddətdir ki, davam edir.

Ölkəmizdə neft yataqlarında təbii hasilat azalması öncədən proqnozlaşdırılırdı.Lakin, təbii azalma prosesi ilkin proqnozdan daha sürətli olub. Bu azalmaya əsasən iki amil təsir göstərib: HPBS çərçivəsində AÇG yatağında hasilatın azalması (əlavə azalmanın təxminən 90%-i məhz AÇG yatağı ilə bağlı olub). “Qarabağ” kimi bəzi layihələrin icrasında gecikmənin olması.

Yeni ACE platforması: AÇG blokunda uğurlu start

2024-cü il aprelin 16-da bp şirkəti Azəri–Çıraq–Günəşli (AÇG) blokuna daxil olan yeni "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından neft hasilatına başlandığını elan etdi. Artıq ilin sonuna kimi ACE platformasından hasilat gözləntiləri üstələyərək sutkada 24 min barel əvəzinə 26 min barel təşkil etmişdir.

ACE platforması AÇG blokunda sayca yeddinci olub və 48 layihə quyusunun tam istismara verilməsindən sonra sutkada 100 min barelədək neft hasilatı gücünə malikdir.

Bundan əlavə, 2025-ci ilin sonuna qədər sualtı və quru işlərinin başa çatması ilə "Qərbi Çıraq" platformasından da qaz hasilatına başlanacağı gözlənilir.

Təbii qaz: Hasilat artımı və yeni Shah Deniz Compression layihəsi

2024-cü ildə SOCAR təbii qaz hasilatında müsbət dinamika qeydə aldı. "Şahdəniz" və "Ümid" yataqlarında səmərəli istismar nəticəsində ümumi hasilat həcmi 50 milyard kubmetri ötərək, 2016-cı ildə müəyyən olunmuş 45 milyard kubmetrlik uzunmüddətli proqnozu (təkrar vurulmuş qaz da daxil olmaqla) aşdı.

Qaz potensialının genişləndirilməsi baxımından əhəmiyyətli addımlardan biri, "Şahdəniz" konsorsiumunun Shah Deniz Compression (SDC) layihəsi üzrə yekun investisiya qərarının qəbul olunmasıdır. Bu layihə ölkənin ən iri qaz yatağının işlənməsinin üçüncü mərhələsidir.

2,9 milyard ABŞ dolları dəyərində olan SDC layihəsi, lay təzyiqinin aşağı salınması ilə çıxarılma əmsalını artırmağa yönəlib. Layihə çərçivəsində əlavə olaraq 50 milyard kubmetr qaz və 25 milyon barel qaz kondensatı hasil edilərək ixrac ediləcək.

“Midstream” və “downstream” infrastrukturunun köhnəlməsi: Problemlərin həlli üçün genişmiqyaslı transformasiya

Strateji əhəmiyyətinə baxmayaraq, SOCAR-ın midstream və downstream seqmentlərindəki neft-qaz aktivləri yüksək dərəcədə köhnəlmiş infrastruktur şəraitində fəaliyyət göstərməyə davam edir. Ən bariz nümunə qaz nəqli sistemində müşahidə olunur: “Azəriqaz” İB-nin mövcud boru kəmərlərinin 60%-i 35 ildən artıqdır ki, istismardadır və bu səbəbdən qaz itkiləri məqbul səviyyədə deyil.

“Downstream” fəaliyyətinin əsas hissəsini təşkil edən Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) isə artıq 70 ildən çoxdur ki, fəaliyyət göstərir.

Köhnəlmiş infrastruktura baxmayaraq, 2022-ci ilə qədər SOCAR-ın digər prioritet layihələrinə görə, təəssüf ki, mövcud aktivlərin qorunub saxlanılmasına məhdud həcmdə investisiya qoyuluşu həyata keçirilib. Bu xüsusda, 2019–2021-ci illər ərzində istismarda olan yataqlarda hasilatı stabil saxlamaq məqsədilə ümumi investisiya qoyuluşları 1 milyard ABŞ dollarından az olub. Bu isə analoji sənaye obyektləri üçün orta investisiya göstəricisinin yarısını təşkil edib. Eyni şəkildə, 2022-ci ildə Heydər Əliyev adına NEZ-ə qoyulan investisiya həcmi təxminən 20 milyon ABŞ dolları olub. Halbuki, NEZ-in mürəkkəb infrastrukturu və miqyası nəzərə alınarsa, qlobal etalon (benchmark) üzrə bu məbləğ təxminən 60 milyon dollar olmalı idi.

Bu problemlərin aradan qaldırılması üçün SOCAR bütün əsas fəaliyyət sahələrində əməliyyatların təkmilləşdirilməsinə yönəlmiş genişmiqyaslı transformasiyalara start verib. Diqqət köhnə infrastrukturun yenilənməsinə, səmərəliliyin artırılmasına və hasilatın davamlı genişləndirilməsinə yönəlib.

Upstream seqmentində ilk addım AÇG potensialının təkrar qiymətləndirilməsi olub: AÇG yatağında hasilatın gözləniləndən aşağı səviyyədə olması səbəbindən, SOCAR HPBS tərəfdaşları ilə birgə yatağın hasilat proqnozlarının qiymətləndirilməsi və yenidən nəzərdən keçirilməsi məqsədilə texniki tədqiqat işlərinə başlayıb. Bu tədqiqat müstəqil texniki məsləhətçi şirkətlərin dəstəyi ilə həyata keçirilib. Nəticə olaraq, növbəti beş il ərzində AÇG yatağında hasilatın 2024-cü il səviyyəsində qorunub saxlanılması ilə bağlı öhdəlik qəbul edilib. Bu yeni öhdəlik sayəsində 2030-cu ilə qədər əlavə olaraq 5 milyon ton neftin hasil olunacağı, bununla da uzunmüddətli hasilatın və dəyərin artırılacağı proqnozlaşdırılır.

Paralel olaraq digər perspektivli aktivlərdə də miqyaslı layihələr gerçəkləşdirilir.

KADUA layihəsi çərçivəsində (bp ilə birgə) ilk neft hasilatı 2029–2030-cu illərdə nəzərdə tutulur. Layihənin pik hasilat mərhələsində illik 3 milyon tondan artıq neft hasilatı gözlənilir.

“Ümid Faza-2” layihəsi üzrə yekun investisiya qərarının 2026-cı ilin sonuna qədər verilməsi nəzərdə tutulur. İlk qaz hasilatı isə 2028-ci ilin sonuna planlaşdırılır. Ümumilikdə “Ümid” yatağından 2050-ci ilə qədər 50 milyard kubmetrdən çox qaz hasil ediləcəyi, pik hasilat dövründə isə (2030-cu illərin əvvəllərində) illik 4,4 milyard kubmetr qaz hasilatı proqnozlaşdırılır.

Oxşar dinamika “Abşeron” yatağındada müşahidə olunur: “Abşeron” yatağının işlənməsinin İkin Hasilat Sxemi mərhələsi üzrə qaz hasilatına 2023-cü ildə başlanılıb. Yatağın tammiqyaslı işlənməsi (“Total” və ADNOC ilə birgə) üzrə yekun investisiya qərarının 2025-ci ilin sonuna qədər verilməsi planlaşdırılır. Layihə çərçivəsində ilk qaz hasilatı isə 2028-ci ilin sonuna nəzərdə tutulur. Pik hasilat dövründə (2030-cu ilin əvvəllərinə proqnozlaşdırılır) illik hasilatın 6 milyard kubmetrə çatacağı gözlənilir.

“Babək” perspektiv sahəsinin kəşfiyyatı üzrə yeni HPBS-nin hazırlanması planlaşdırılır . Hazırkı qiymətləndirmələrə əsasən, “Babək” yatağında çıxarıla bilən qaz ehtiyatları 100 milyard kubmetrdən çoxdur ki, bu da onun uzunmüddətli strateji əhəmiyyətini göstərir. Eyni zamanda, bu yeni HPBS-də iştirak etməkdə maraqlı bir sıra investorlar mövcuddur.Bundan əlavə, SOCAR, “ExxonMobil” (ABŞ), “MOL Group” (Macarıstan) və ENI (İtaliya) kimi qlobal enerji şirkətləri ilə yeni kəşfiyyat sahələri üzrə əməkdaşlıq imkanlarını müzakirə edir.

Yeni layihələrlə yanaşı, şirkət köhnə yataqlarda əməliyyat fəaliyyətinin yaxşılaşdırılmasına diqqət ayırır. 2023-2024-cü illərdə “Azneft” İB-də neftçilərin yataqxana, yeməkxana və digər ümumi istifadə yerlərinin təmiri daxil olmaqla platformalarda yaşayış şəraitinin yaxşılaşdırılması üçün 350-dən çox iş görülüb. Digər əsas istismar olunan yataqların modernləşdirilməsi üçün tərəfdaş şirkətlər ilə dəyər mübadiləsi çərçivəsində əməkdaşlıq modelinin müzakirəsinə start verilib.

Uzun müddət istismarda olan “Dayazsulu Günəşli” yatağının yenidən işlənməsi planına, o cümlədən su axınının optimallaşdırılması kimi təşəbbüslərə başlanılıb. İnfrastrukturun və əməliyyatların modernləşdirilməsi təşəbbüsləri çərçivəsində 2024-cü ildə pilot olaraq tətbiq edilən sahələrdə hasilat 3% artıb ki, bu da ilkin proqnozları üstələyir. Hazırda bu pilot layihələrin miqyasının genişləndirilərək “Dayazsulu Günəşli” və digər müvafiq yataqlarda tətbiqi planlaşdırılır.

“Midstream” seqmentində qazpaylayıcı sistemin kompleks transformasiyasına start verilib. “Azəriqaz”da sayğacların klasterləşdirilməsi və modernləşdirilməsindən tutmuş, şəbəkələrin idarə olunması üçün rəqəmsal həllərin tətbiqinədək iki ondan çox təşəbbüs həyata keçirilir. Bu tədbirlər qaz itkilərinin azaldılmasına, səmərəliliyin artırılmasına və müştəri xidmətlərinin yaxşılaşdırılmasına yönəlib. Bu xüsusda, 2031-ci ilin sonuna kimi təşəbbüslərin pik həddə çatdırılması ilə illik 50 milyon ABŞ dollarından çox mənfəət əldə edilməsi gözlənilir (5 illik müddətdən sonra ~250 milyon ABŞ dolları).

2022-2024-cü illərdə 820 km-dən çox boru kəmərində təmir-bərpa işləri aparılıb. 2023-cü illə müqayisədə 2024-cü ildə CAPEX-də (kapital xərcləri) 17% səmərəliliyə nail olunub. 2024-cü ildə sayğacların 10%-i yüksək keyfiyyətli sayğaclarla yenilənib. Aparıcı qlobal şirkətlərlə əməkdaşlıq nəticəsində və rəqəmsal həllərlə birlikdə qaz sızmalarının ~1% azalmasına nail olunub. 2024-cü ildə sahə işi, hesablama, müştəri həlləri və digər əməliyyat və kommersiya prosesləri üçün 15-dən çox rəqəmsal həllər hazırlanıb.

Yığımlar 4,4 faiz artaraq 2023-cü ildəki 94,8%-dən 2024-cü ildə 99,2%-ə yüksəlib. Son 3 ildə 55-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb ki, bu da 91 000-dən çox ev təsərrüfatının enerji təminatına imkan yaradıb. Bundan başqa, son 3 ildə 160 000-dən çox yeni abunəçi qeydə alınıb ki, onlardan 3500-dən çoxu işğaldan azad edilmiş ərazilərdədir.

“Mitsui & Co.” kimi beynəlxalq şirkətlərlə “Karbon Krediti” mexanizminin işlənib hazırlanması üzrə əməkdaşlıq edilib. Bu təşəbbüs qaz sızmalarının qarşısının alınması ilə metan emissiyalarının azaldılmasına, Karbon Krediti mexanizminin gələcəkdə tətbiqinə imkan yaratmaq məqsədi daşıyır.

Uzunmüddətli strategiya çərçivəsində Yaxın Şərq ölkələrindən tərəfdaşlar cəlb olunub və bu əməkdaşlıq ağıllı qaz infrastrukturlarının inkişafını hədəfləyir. Bu tərəfdaşlıqların məqsədi sızmaların müəyyən olunması dəqiqliyinin artırılması, əməliyyat səmərəliliyinin yüksəldilməsi, müştəri xidmətlərinin təkmilləşdirilməsi və aktivlərin idarə olunmasının optimallaşdırılmasıdır.

Beləliklə, SOCAR-ın transformasiya təşəbbüsləri yalnız mövcud göstəricilərin sabitləşdirilməsinə deyil, həm də uzunmüddətli dövrdə davamlı inkişaf üçün möhkəm əsasların formalaşdırılmasına yönəlib.

Təbii qazın ixracı:

Azərbaycanın qaz ixracı hazırda rekord səviyyədədir – 2024-cü ildə bu göstərici 25,3 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ildəki 23,9 milyard kubmetr və 2022-ci ildəki 22,4 milyard kubmetrlə müqayisədə artım deməkdir.

2026-cı ilə qədər Avropaya illik qaz ixracının təxminən 18,6% artırılaraq 2023-cü ildəki 11,8 milyard kubmetrdən 14 milyard kubmetrə çatdırılması hədəflənir. Azərbaycan əlavə kapital xərclərinə (CAPEX) ehtiyac olmadan, “SWAP” mexanizmləri vasitəsilə 12 ölkəyə qaz ixracını həyata keçirir.

“Downstream” (emal və satış):

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiya proqramına start verilib və bu proqramın birinci mərhələsi 2024-cü ildə uğurla tamamlanaraq, Azərbaycanda ilk dəfə “Avro-5” standartına uyğun yanacaq istehsal olunub.

Modernizasiyanın birinci mərhələsində qarşıya üç əsas hədəf qoyulmuşdu:

- Avro-5 standartlarına cavab verən dizel yanacağı və benzin istehsalının təmin olunması;

- “Azərikimya” ASC üçün daha keyfiyyətli və sabit xammal tədarükünün təşkil olunması;

- Emal prosesi zamanı ətraf mühitə mənfi təsirlərin azaldılması.

Layihənin ilkin olaraq 2021-ci ildə tamamlanması nəzərdə tutulsa da, işlərin həcminin əhəmiyyətli dərəcədə genişlənməsi səbəbindən layihə yalnız 2024-cü ildə başa çatdırılıb. Əvvəlcə yalnız ayrı-ayrı qurğuların yenilənməsi planlaşdırılsa da, genişmiqyaslı dayanıqlılıq sınaqları zamanı əlavə problemlər aşkarlanıb: bəzi qurğularda metal qatının kifayət qədər qalın olmaması və bir neçə kolonun istismara yararsız olması. Bu səbəbdən işlərin həcmi qismən modernizasiyadan tamamilə yeni qurğuların tikintisinə dəyişdirilib (əsasən Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi sahəsində risklərin azaldılması məqsədilə), bu isə layihənin icrasının uzadılmasına gətirib çıxarıb. Belə dəyişikliklər və müddət gecikmələri emal müəssisələrində həyata keçirilən iri layihələr üçün tipik haldır.

Məqsədli şəkildə həyata keçirilən əməliyyat mükəmməlliyi proqramları vasitəsilə NEZ-də ağ neft məhsullarının (benzin, dizel, aviasiya yanacağı) istehsalı 2022-ci ildəki 63%-dən 2024-cü ilin sonuna 69%-ə yüksəlib, əməliyyat itkiləri isə 2%-dən 1,6%-ə qədər azalıb.

Proseslərin optimallaşdırılması nəticəsində 2024-cü ildə daxili bazar üçün neft məhsullarının xarici ticarət balansında müsbət saldo 50 milyon ABŞ dollarını ötüb və proqnozlara görə bu göstəricinin növbəti 5 il ərzində təxminən 250 milyon dollaradək artacağı gözlənilir. Bu nəticə benzinin idxalının azalması və aviasiya yanacağının ixracının artması hesabına mümkün olub.

Karbamid Zavodunda 2024-cü ildə istehsalı həcmi 2022-ci ildəki 537 min tondan 652 min ton səviyyəsinə çatıb ki, bu da 21,4%-lik artım deməkdir. Paralel olaraq, 1 ton üzrə təbii qaz sərfiyyatı 24% azalıb.

“Azərikimya” İstehsalat Birliyi üzrə etilen və propilen hasilatı 2022-ci ildəki 48,6%-dən 2024-cü ildə 55,4%-ə yüksəlib.

Ümumilikdə, 2023-cü ildən bəri həyata keçirilən təkmilləşdirmə işləri nəticəsində “Dəyər Yaratma Layihələri”nin illik iqtisadi təsiri 131 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir ki, bu da növbəti beş il ərzində təxminən 650 milyon ABŞ dolları deməkdir.

Türkiyədəki downstream fəaliyyəti çərçivəsində STAR Neft Emalı Zavodunda istehsalat gücü 2020-ci ilin may ayında 98,5% olduğu halda, 2023-cü ilin yanvarında 119%-ə çatdırılıb. Bu, NEZ-lər arasında ən yüksək istismar səmərəlilik göstəricilərindən biri hesab olunur və xüsusilə 2022–2023-cü illərdə emal marjalarının yüksək olduğu şəraitdə müəssisəyə əhəmiyyətli maliyyə üstünlüyü qazandırıb.

q) Rəqəmsallaşma (bütün seqmentlər üzrə əsas və strateji əhəmiyyət daşıyan istiqamət kimi):

SOCAR genişmiqyaslı rəqəmsal transformasiya proqramına start verib və bütün dəyər zənciri üzrə rəqəmsal həllərin tətbiqinə başlayıb. Bu proses ilk olaraq Türkiyədə həyata keçirilərək, daha sonra Azərbaycanda əməliyyat sahələri üzrə genişləndirilib.

Türkiyədə “Petkim” və “STAR” zavodları müvafiq olaraq 2020 və 2021-ci illərdə Dünya İqtisadi Forumu tərəfindən dünyada ilk dəfə nüfuzlu “Global Lighthouse Network” mükafatına layiq görülən neft-kimya və emal müəssisələri olub.

2023-cü ildə SOCAR Azərbaycanda Karbamid Zavodunda rəqəmsal transformasiya proqramına start verib. Hazırda zavod Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” şəbəkəsinə qoşulmaq üçün hazır vəziyyətə gətirilib.

Azəriqaz" İB, “Italgas” kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində yüksək ölçmə infrastrukturu və “ağıllı sayğac şəbəkəsi”nin qurulmasına dair strateji təşəbbüsə start verib. Qaz sızmasının aşkarlanması üzrə yüksək həssaslığa malik texnologiya ilə 5000-dən çox sızma müəyyən edilib, onların 3000-dən çoxu operativ şəkildə aradan qaldırılıb. Bu tədbirlər nəticəsində illik qaz itkisi təxminən 2,6 milyon kubmetr azalıb, bu da təxminən 50 min ton CO₂ ekvivalent emissiyaların azalması ilə nəticələnib.

2025-ci ildə "Azneft" İB qlobal texnologiya təminatçıları ilə strateji tərəfdaşlıq çərçivəsində çoxillik rəqəmsal transformasiya və infrastrukturun modernləşdirilməsi proqramına start verib. İlkin mərhələdə, “Azneft” İB ilk dəfə olaraq quyuların hasilat və əməliyyat göstəricilərinə uzaq məsafədən real vaxt rejimində nəzarəti təmin edən virtual monitorinq sisteminin istifadəsinə başlayıb. Bu sistem ən iri hasilat platforması olan “Günəşli Platforma 8”, “Neft Daşları” çən parkı və Dübəndi çən parkını əhatə edir

2. Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi və SOCAR-ın beynəlxalq enerji şirkətinə çevrilməsi:

Milli neft və qaz şirkətləri (MNQŞ-lər) adətən iki əsas məqsəd daşıyır: daxili enerji təhlükəsizliyini təmin etmək, eyni zamanda regional və qlobal səviyyədə rəqabətədavamlı şirkətə çevrilmək. SOCAR bu “iki məqsədi” uğurla həyata keçirir. Daxili bazarda neft və qaz məhsullarının əsas təchizatçısı kimi SOCAR Azərbaycanın enerji təhlükəsizliyini təmin edir və yerli bazara satılan xam neftin 100%-ni təmin edir. Bundan əlavə, avtomobil yanacağı (o cümlədən ilk dəfə Avro-5 standartlarına cavab verən benzin) və aviasiya yanacağı üzrə yerli tələbatın 90%-i SOCAR tərəfindən qarşılanır.

Qeyd edək ki, Heydər Əliyev adına NEZ-in ümumi istehsal həcmi 2019–2024-cü illər ərzində təxminən 2% artıb və bu artım əsasən texnoloji itkilərin 3,6%-dən 1,6%-ə endirilməsi hesabına əldə olunub. Eyni zamanda, yüngül məhsulların (benzin, dizel və s.) ümumi məhsul portfelindəki payı 65,9%-dən 70,5%-ə qədər yüksəlib

Digər tərəfdən, son illərdə SOCAR ölkə üzrə qazlaşdırma səviyyəsini 97%-ə çatdırıb ki, bu göstərici həm regionda, həm də dünya miqyasında ən yüksək səviyyələrdən biridir.

Qlobal enerji keçidi şəraitində və Azərbaycanın bərpa olunan enerji sahəsində böyük potensialını nəzərə alaraq, SOCAR davamlı inkişaf istiqamətində strategiyasını fəal şəkildə yenidən qurur.

COP28 konfransında şirkət karbonsuzlaşdırma üzrə iddialı hədəflərini təqdim edib:

- 2050-ci ilə qədər karbon neytrallığına (net-zero) nail olmaq;

- 2035-ci ilə qədər upstream (hasilat) seqmentində metan emissiyalarını tamamilə aradan qaldırmaq;

- 2035-ci ilə qədər şirkətin karbon intensivliyini 30% və ümumi tullantıları 20% azaltmaq.

Bu hədəflər SOCAR-ın investisiya portfelinin bərpa olunan enerji istiqamətində genişmiqyaslı şəkildə yenidən formalaşdırılmasına təkan verib. 2024-cü ilin sonuna olan məlumata görə, SOCAR Green törəmə şirkətinin təsdiqlənmiş layihə portfeli 1,4 QVt təşkil edib. Bu portfelyə aşağıdakılar daxildir:

Total şirkəti ilə birlikdə həyata keçirilən 1 QVt-lıq “Mega” layihəsi;

bp ilə birlikdə həyata keçirilən 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası;

Çin tərəfdaşları ilə birlikdə həyata keçirilən 160 MVt-lıq layihələr.

Eyni zamanda, SOCAR və BƏƏ-nin Masdar şirkəti Azərbaycanın bərpa olunan enerji və hidrogen enerjisi sahəsində ümumi gücü 4 QVt olan layihələrin birgə reallaşdırılması barədə razılıq əldə ediblər. Bu əməkdaşlıq çərçivəsində 2024-cü ildə Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyalarının tikintisinə investisiyalar başlayıb. Bu layihələr üzrə ümumi investisiya həcmi 600 milyon ABŞ dollarını ötəcək.

Əlavə olaraq irimiqyaslı layihələr elan olunub:

Əlavə olaraq, “ACWA Power” (Səudiyyə Ərəbistanı) və “Masdar” (BƏƏ) ilə birlikdə 3,5 QVt-lıq, “China Datang Overseas Investment” və “PowerChina” ilə 2 QVt-lıq dənizdə külək elektrik stansiyası layihəsi üzrə planlar mövcuddur.

Bundan əlavə, SOCAR və SLB Azərbaycanda geotermal enerji potensialının birgə araşdırılması barədə razılığa gəlib.

Son illərdə SOCAR qlobal bazarlarda müşahidə edilən volatillik fonunda uğurlu fəaliyyət göstərərək strateji inkişaf imkanlarından istifadə etmə bacarığını bir daha təsdiq edib. SOCAR-ın transformasiyası yalnız milli sərhədlərlə məhdudlaşmayıb – beynəlxalq layihələrdə fəal iştirakı və strateji tərəfdaşlıqlar sayəsində şirkət gəlir mənbələrini şaxələndirərək beynəlxalq səviyyədə fəaliyyətini genişləndirib.

Son illərdə SOCAR qlobal enerji bazarlarında müşahidə olunan volatillik fonunda sabit və effektiv fəaliyyət nümayiş etdirərək strateji inkişaf imkanlarından səmərəli şəkildə faydalandığını sübut edib. Şirkətin transformasiyası yalnız ölkə daxilindəki fəaliyyəti ilə məhdudlaşmayıb — beynəlxalq layihələrdə fəal iştirakı və strateji tərəfdaşlıqlar sayəsində SOCAR gəlir mənbələrini uğurla şaxələndirib və xaricdəki fəaliyyət sahəsini genişləndirib.

Neft və qaz ixrac infrastrukturunun daha da səmərəli istifadəsi və genişləndirilməsi:

Azərbaycanın qaz ixracı rekord səviyyəyə çatıb – 2024-cü ildə bu göstərici 25,3 milyard kubmetr ( 2023-cü ildə 23,9 milyard kubmetr və 2022-ci ildə 22,3 milyard kubmetr olub). 2026-cı ilədək Avropaya illik qaz ixracının 2023-cü ildəki 11,8 milyard kubmetrdən 14 milyard kubmetrə qədər (təxminən 18,6%) artırılması hədəflənir. Azərbaycan əlavə kapital xərcləri olmadan, SWAP çərçivəsində 12 ölkəyə qaz tədarük edir.

SOCAR, Türkiyənin BOTAŞ şirkəti ilə əməkdaşlıq çərçivəsində 97,5 km-lik “İğdır-Naxçıvan” qaz kəmərinin tikintisini başa çatdırıb. Bu strateji layihə Türkiyə ilə Azərbaycanın Naxçıvan bölgəsi arasında enerji əlaqəsini gücləndirir və Naxçıvanın enerji ehtiyaclarını qarşılamağa xidmət edir.

SOCAR və Qazaxıstanın milli neft və qaz şirkəti “KazMunayGas” 2024-cü ildə Aktau-Bakı-Ceyhan Neft Tranziti Sazişi çərçivəsində Bakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton neftin nəqli üzrə beşillik müqavilə imzalayıb.

Xarici “Upstream” investisiyaları:

SOCAR beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq çərçivəsində yüksək potensiala malik bölgələrdə neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə fəaliyyət göstərir.

Birləşmiş Ərəb Əmirliklərində: SOCAR, ADNOC şirkətindən “Umm Lulu” və SARB yataqlarında 3% effektiv iştirak payı əldə edib. Bu yataqlarda ümumi neft ehtiyatları 2,7 milyard barrel həcmində qiymətləndirilir. SOCAR-ın illik hasilat payının təxminən 2,8 milyon barrel (təxminən 0,4 milyon ton) neft olacağı proqnozlaşdırılır. Bu, SOCAR-ın ölkə hüdudlarından kənarda “usptream” sahəsinə yatırdığı ilk investisiyasıdır.

İsraildə: SOCAR, “Chevron” şirkətinin istismar etdiyi “Tamar” yatağında 10% iştirak payının alınmasına dair müqavilə imzalayıb. “Tamar” İsrailin ikinci ən böyük ofşor təbii qaz yatağıdır. Bundan əlavə, SOCAR, bp və “NewMed Energy” şirkətlərindən ibarət konsorsium İsrailin Xüsusi İqtisadi Zonasında (EEZ) təbii qaz kəşfiyyatı aparmaq üçün lisenziyalar əldə edib.

SOCAR, İsveçrədə 2026-cı ilə qədər 100 yüksək sürətli elektrik yükləmə stansiyalarının quraşdırılması və yerli enerji şirkətləri ilə birgə yaşıl hidrogen istehsalı üzrə zavodu inkişaf etdirməyi planlaşdırır

Vyetnamın “Binh Son” NEZ-i “SOCAR Trading” ilə 2025-ci il üçün xam neft təchizatı üzrə müqavilə imzalayıb.

SOCAR, həmçinin beynəlxalq LNG təchizatını artırmaq istiqamətində addımlar atıb. Bu xüsusda təbii qazın mayeləşdirilməsi terminalları, reqazifikasiya qurğuları və transmilli infrastruktur layihələrinə sərmayələr qoyulub. “Pakistan LNG Limited” (PLL) ilə “SOCAR Trading” arasında 2025-ci ildə Pakistana LNG yüklərinin təchizatı üzrə çərçivə sazişi imzalanıb.2025-ci ildə SOCAR Rumıniyada qazın topdansatışı bazarına daxil olub.2023-cü ildən etibarən “SOCAR Trading” Asiyada artan tələbatı qarşılamaq məqsədilə Sinqapurda LNG ticarəti üzrə fəaliyyətini gücləndirib.

Bu addımlar SOCAR-ı beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi tanıdaraq qlobal imicini gücləndirib və dayanıqlı səviyyədə gəlir axınının təmin edilməsi üçün strateji baza formalaşdırıb.

3. SOCAR-ın sosial missiyasını effektiv şəkildə yerinə yetirməklə yanaşı, yüksək maliyyə dayanıqlılığını təmin etmək:

Qlobal enerji bazarlarında hökm sürən volatillik və sürətli dəyişikliklər fonunda dayanıqlı inkişafın təmin edilməsi üçün güclü maliyyə intizamının qurulması labüddür. Bununla yanaşı, SOCAR kimi dövlət şirkətlərin vacib sosial məsuliyyət öhdəlikləri də mövcuddur

SOCAR neft-qaz sektorunda dövri dəyişikliklərin yaratdığı qeyri-müəyyənliklərə qarşı dayanıqlılığı artırmaq məqsədilə son iki ildə güclü maliyyə göstəricilərinə nail olmağı strateji hədəf kimi müəyyənləşdirib. Şirkətin 2023–2024-cü illərdəki əsas maliyyə nailiyyətləri aşağıdakılardır:

2023–2024-cü illər ərzində SOCAR-ın faiz, vergi və amortizasiya öncəsi gəliri (EBITDA) 8,3% artaraq 4,8 milyard ABŞ dollarından 5,2 milyard ABŞ dollarına yüksəlib (bu göstəricilər STAR və SGC-nin tam konsolidasiyasını nəzərə almır).

Aşağıda son illərin EBITDA dinamikası təqdim olunur:

2020: 2,4 milyard ABŞ dolları

2021: 4,6 milyard ABŞ dolları

2022: 8,7 milyard ABŞ dolları

2023: 4,8 milyard ABŞ dolları

2024: 5,2 milyard ABŞ dolları

Azad pul axınının artması:

2023–2024-cü illərdə sərbəst pul axını 46% artım göstərmişdir. Bu nəticəyə xərclərə ciddi nəzarət və nizamlı kapital idarəçiliyi vasitəsilə nail olunub.

Kredit reytinqinin yüksəldilməsi:

Fitch Ratings agentliyi 2024-cü ilin avqust ayında SOCAR-ın kredit reytinqini "BBB–" səviyyəsinə qaldırıb ki, bu da Azərbaycanın suveren reytinqinə bərabərdir. Moody’s agentliyi isə şirkətin mövcud likvidlik səviyyəsini və 2025-ci ilə qədər borc öhdəliklərinin yerinə yetirilməsi üçün maliyyə imkanlarını nəzərə alaraq, SOCAR-ın reytinq proqnozunu müsbətə dəyişib.

ESG reytinqi:

2024-cü ilin son rübündə MSCI agentliyi SOCAR-a ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) kriteriyaları üzrə ilkin “BBB” səviyyəsində reytinq vermişdir.

Maliyyə göstəricilərinin optimallaşdırılması:

Depozitlər üzrə faiz gəlirlərinin artması və sığorta xərclərinin optimallaşdırılması sayəsində SOCAR kreditlər üzrə faiz dərəcələrini səmərəli şəkildə aşağı sala bilib.

"Yaşıl" istiqrazlara böyük maraq:

2025-ci ilin birinci rübündə SOCAR bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi məqsədilə ümumi dəyəri 200 milyon ABŞ dolları olan "yaşıl" istiqrazlar buraxmışdır. 10 iyun 2025-ci il tarixində bu istiqrazlar üzrə ilk faiz ödənişi həyata keçirilmiş və istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon ABŞ dolları köçürülmüşdür. "Yaşıl" istiqrazlara yerli bazarda yüksək maraq müşahidə olunub — 7 mart tarixindən etibarən ikinci bazarda olan bu alətlər üzrə Bakı Fond Birjasında 330-dan çox əməliyyat aparılıb və əməliyyatların ümumi həcmi 13,8 milyon ABŞ dollarını keçib. Bu aktivlik daxili kapital bazarında ciddi canlanma yaratmışdır.

Dövlət büdcəsinə töhfələr: 2022–2024-cü illər ərzində SOCAR mənfəət vergisi və yol vergisi istisna olmaqla dövlət büdcəsinə 5,7 milyard AZN məbləğində vergi, 629 milyon AZN birbaşa divident ödənişləri həyata keçirib.

Bu faktlar SOCAR-ın neft və qaz sektorunda tsiklik təzyiqlərə qarşı davamlılığını, adaptasiya qabiliyyətini və maliyyə sabitliyini uğurla təmin etdiyini təsdiq edir.

Borc səviyyəsinin azalması:

Post-COVID dövründə neft-qaz sektorunda qlobal tələbat və təchizat “şok”larının təsiri ilə kəskin dəyişikliklər müşahidə olunub və sənayedə orta borc/EBITDA nisbəti 1–1,5 dəfə səviyyəsindən 2–2,5 dəfə səviyyəsinə yüksəlib. Bu dövrdə SOCAR-ın Beynəlxalq Maliyyə hesabatlarına əsasən borc/EBITDA nisbəti 2020-ci ildə 3,4-dən 4,2 dəfə yüksəlib. STAR, “Goldman Sachs”, SOFAZ borcları nəzərə alındıqda (CQD istisna olmaqla) bu göstərici 7 dəfə səviyyəsində olub.

Buna baxmayaraq SOCAR, əməliyyatların təkmilləşdirilməsi və strateji tədbirlər nəticəsində bu çağırışa qarşı sürətli və effektiv cavab verdiyini nümayiş etdirib:

2022-ci ildə SOCAR 70,1 milyard ABŞ dolları gəlir və 8,7 milyard ABŞ dolları EBITDA ilə rekord səviyyədə nəticələr əldə edib. Bu artımın təxminən yarısı neft və qaz qiymətlərinin kəskin yüksəlməsi ilə əlaqədar olub, qalan hissəsi isə ticarət əməliyyatlarının optimallaşdırılması və “STAR” zavodunun yüksək səmərəliliklə fəaliyyət göstərməsi kimi strateji təşəbbüslər nəticəsində təmin olunub.

2022-ci ilin sonuna qədər SOCAR borc/EBITDA nisbətini 2 dəfədən aşağı salıb və 2023–2024-cü illər ərzində bu göstəricini 2–3 dəfə aralığında saxlamağa nail olub. Nəticə etibarilə, 2021–2024-cü illər ərzində SOCAR, EBITDA göstəricisini ikiqat artırıb, bütün borclarının əhəmiyyətli hissəsini (35%-dən çoxunu) ödəyib və borc/EBITDA nisbətini 66% azaldaraq maliyyə sabitliyinə sadiqliyini və intizamlı yanaşmasını nümayiş etdirib.

Maliyyə nəticələri ilə sosial məsuliyyətin balanslaşdırılması:

Son üç il ərzində SOCAR mühüm sosial layihələrə 3 milyard ABŞ dollarından çox investisiya qoyub. Bu layihələrə aşağıdakılar daxildir:

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının qazlaşdırılması: Enerji infrastrukturunun yaradılması və regional inkişafın dəstəklənməsi.

Sosial rifah layihələrinə investisiyalar: Ehtiyac duyulan bütün hallarda, SOCAR Azərbaycan vətəndaşlarının sosial həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş təşəbbüsləri maliyyələşdirib, ölkənin rifahının təminatçılarından biri kimi rolunu gücləndirib.

2024-cü ildə SOCAR ekoloji tədbirləri maliyyələşdirib.

Bundan əlavə, SOCAR, Azərbaycan vətəndaşları üçün yanacağın qiymətini Avropa səviyyəsindən əhəmiyyətli dərəcədə aşağı saxlayaraq sosial rifaha töhfə verib. Belə ki, dizel yanacağının 1 litrinin qiyməti 0,59 ABŞ dolları (Avropadan 66% ucuz), Aİ-95 markalı benzinin isə 1 litri 0,94 ABŞ dolları təşkil edib (Avropadan 47% ucuz).

EY tərəfindən aparılmış əmək bazarı təhlili hesabatlarına əsasən, 2022–2024-cü illər ərzində SOCAR əməkdaşlarının rifah halının inkişafına sadiqliyini qoruyaraq, işçilərə illik orta hesabla 160 milyon AZN həcmində əlavə xərc çəkib.

Qarşıdakı Yol: Məqsədlər üzərində qurulmuş gələcək

SOCAR-ın transformasiya yolu davam edir və bu yolun əsas məqsədi ənənəvi neft-qaz şirkətindən Azərbaycan üçün enerji təhlükəsizliyini təmin edən və dəyər yaradan beynəlxalq enerji şirkətinə çevrilməkdir. SOCAR-ın "Next Horizon" (“Növbəti Üfüq”) strategiyası bu istiqamətdə aydın fəaliyyət planını müəyyən edir:

Karbohidrogen hasilatının maksimuma çatdırılması: SOCAR yerli “upstream” əməliyyatlarını effektiv şəkildə davam etdirməyə, eyni zamanda uzunmüddətli enerji təchizatını təmin etmək üçün beynəlxalq miqyasda “upstream” fəaliyyətini genişləndirməyə çalışır.

Emalın və neft-kimyasının modernizasiyası (downstream):

SOCAR enerji təhlükəsizliyini təmin etmək üçün ölkədə “downstream” aktivlərində (xüsusilə Heydər Əliyev adına NEZ və “Azərikimya” İB) modernizasiya işlərini davam etdirməklə yanaşı, Türkiyədəki strateji fəaliyyətini artırır.

Əməliyyat mükəmməlliyi:

SOCAR proseslərin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması vasitəsilə etibarlı və səmərəli neft-qaz təchizatını təmin edir; eyni zamanda ən yüksək təhlükəsizlik standartlarına riayət edir.

SOCAR üçün səmərəliliyin, etibarlılığın və təhlükəsizliyin artırılması əsas prioritet olaraq qalır. Ən müasir texnologiyaların tətbiqi və xərclərin optimallaşdırılması sayəsində şirkət neft və qazın dayanıqlı və fasiləsiz tədarükünü beynəlxalq ESG və sənaye təhlükəsizliyi standartlarına uyğun olaraq möhkəmləndirir.

HSE transformasiya proqramına SOCAR prezidenti birbaşa tabe olan, yeni müstəqil təşkilat rəhbərlik edir və bu təşkilat bütün aidiyyəti struktur bölmələri və biznes vahidləri ilə əməkdaşlıq edir. Bu yanaşma ExxonMobil və Shell kimi beynəlxalq neft şirkətlərinin dünya standartlarına uyğundur.

Təhlükəsizlik sahəsində sistemli səylərə baxmayaraq, SOCAR-ın fəaliyyəti yüksək risklə əlaqəlidir və insan faktoru ilə bağlı hadisələrin tamamilə istisna edilməsi mümkün deyil ki, bu da təəssüf doğurur. Buna baxmayaraq, təhlükəsiz iş şəraitinin təmin olunması və təhlükəsizlik standartlarının yüksəldilməsi istiqamətində daimi işlər aparılır.

2024-cü ildə SOCAR neft kəmərlərinin mövcud vəziyyətinin dərin təhlili və uzun illər yığılmış investisiya tələblərini nəzərə alaraq, zəruri tədbirlərin həyata keçirilməsi üzrə layihəyə start verib. Təəssüf ki, modernizasiya layihəsi davam edərkən (“Neft Daşları” – Çilov – Şah saçı – Dübəndi boru kəməri üzrə) 2025-ci ilin fevral ayında sızma hadisəsi baş verib.

2025-ci ilin mart ayında Heydər Əliyev adına NEZ-də xam neftin distillə olunması qurğusunun alt hissəsində nasosun texniki baxışı üçün hazırlıq zamanı yanğın hadisəsi baş verib. Hadisəyə operativ və effektiv reaksiya verilməsi məqsədilə xüsusi komanda yaradılıb və iki podratçı qısa zamanda texniki xidmət prosesinə cəlb olunub. Bu işlər çərçivəsində bir sıra vacib və əsaslı tədbirlər görülüb: nasosların təmiri, boru kəmərləri və kabellərin dəyişdirilməsi, atmosfer və vakuum kolonlarının xidməti, enjektorların texniki baxışı və 200-dən artıq klapanın dəyişdirilməsi. Bu kimi hadisələrin qarşısını almaq məqsədilə NEZ-in geniş miqyaslı modernizasiya layihəsi sürətlə davam etdirilir.

Enerji keçidinə dəstək:

2050-ci ilə qədər karbon neytrallığına nail olmaq öhdəliyinə uyğun olaraq, SOCAR iqlim neytralı həllərin tətbiqini sürətləndirir. Əsas diqqət təkrarolunan enerji sahəsində, qabaqcıl beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində həyata keçirilən layihələrin balanslı portfelinin formalaşdırılmasına yönəldilmişdir. Bu, şirkəti qlobal enerji keçidinin ayrılmaz hissəsinə çevirir.

Portfelin optimallaşdırılması və dayanıqlılığı:

SOCAR aktiv portfelinin strukturunu və coğrafiyasını ardıcıl şəkildə yenidən gözdən keçirir və enerji bazarının yeni reallıqlarına uyğunlaşdırır. Əsas məqsəd uzunmüddətli perspektivdə dayanıqlı böyüməni, maliyyə dayanıqlığını və şirkətin yüksək investisiya cəlbediciliyini təmin etməkdir.

Bu strateji istiqamətlər SOCAR-ın dəyişikliklərə yalnız uyğunlaşmaqla kifayətlənməyib, həm də enerji gələcəyini formalaşdırmaq, regional və qlobal səviyyədə liderliyini gücləndirmək niyyətində olduğunu göstərir.

Bugünkü SOCAR təkcə milli neft-qaz şirkəti deyil, beynəlxalq miqyasda fəaliyyət göstərən güclü və çoxşaxəli enerji oyunçusudur. Neft və qazın hasilatı, emalı və nəqli sahəsində kompleks layihələr həyata keçirərək, SOCAR Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində sistem yaradan rol oynayır. Eyni zamanda, şirkət Avropa və digər regionların enerji dayanıqlılığına əhəmiyyətli töhfə verərək, transmilli infrastruktur təşəbbüslərinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi çıxış edir.

SOCAR-ın qlobal enerji keçidində fəal iştirakı xüsusi önəm daşıyır. “Yaşıl” texnologiyaların inkişaf etdirilməsi, təkrarolunan enerji sahəsində layihələr portfelinin yaradılması və dayanıqlı təcrübələrin strategiyaya inteqrasiyası ilə şirkət yeni çağırışlara hazır olduğunu göstərir və davamlı inkişaf prinsiplərinə uzunmüddətli bağlılığını təsdiqləyir.

Beləliklə, SOCAR milli maraqları qlobal məsuliyyətlə uğurla uzlaşdıraraq, Azərbaycanı beynəlxalq enerji dialoqunun vacib və məsuliyyətli iştirakçısı kimi mövqeyini möhkəmləndirir.

 

Seçilən
18
19
ikisahil.az

10Mənbələr