Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF), Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə açıq Bakı birinciliyi keçiriləcək.
AKAF-dan AZƏRTAC-a verilən məlumata görə, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.
Reqlamentə əsasən, idmançılar akademik avarçəkmə və kanoedə birnəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə 500 metr məsafədə həm təknəfərlik, həm də ikinəfərlik qayıqda çempionluq uğrunda mübarizə gedəcək.
Birincilik iyunun 18-də təşkil olunacaq.