Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı məqsədilə Ədliyyə Nazirliyinin ötən ilin sonunda istifadəyə verdiyi “Elektron Hərrac Portalı” vasitəsilə son 6 ay ərzində ümumi dəyəri 100 milyon manat olan 140 əmlak realizə edilib (satışı və ya ipoteka saxlayana təklif edilməsi).
FED.az xəbər verir ki, nəticədə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı uğurlu nəticələr əldə olunub.
Tam rəqəmsal formada həyata keçirilən hərraclarda ümumilikdə 308 fiziki və hüquqi şəxs iştirak edib.
Hazırda Portalda elan mərhələsində 58, davam edən isə 47 hərrac mövcuddur.
Bu hərraclarda iştirak imkanları hər kəs üçün bərabər və əlçatandır. Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və Portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə bilərlər.
Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və hərrac elanları ilə Portalın saytı və sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.