AZ

“Bayern” Leroy Sane ilə bağlı rəsmi açıqlama verdi

“Bayern” münhenlilərin “Qalatasaray”a keçmiş 29 yaşlı almaniyalı sağ cinah hücumçusu Leroy Sane ilə bağlı rəsmi açıqlama verib.

Arena.az xəbər verir ki, Münhen təmsilçisinin idman direktoru Maks Eberl, Sanenin “Qalatasaray”a, Almaniya nəhəngi ilə müqaviləsi başa çatdıqdan sonra qoşulacağını bildirib:

“Əgər oyunçunun başqa təklifi varsa və o, bunu qəbul edirsə, bu, tamamilə adi haldır. Bu, qanunidir, bunda heç bir umu-küsü ola bilməz. Həmçinin ümumi qərar əsasında təsdiq edirəm ki, Sane klublararası dünya çempionatının qrup mərhələsində və yarışın mümkün 1/8 final mərhələsində komandamızla olacaq”, deyə Eberl bildirib.

Xatırladaq ki, Sane “Qalatasaray”la 3 illik müqaviləyə imza atıb. Almaniyalı futbolçu Türkiyə nəhənginə azad agent qismində qoşulacaq. Sane İstanbul klubunda ildə 9 milyon avro məbləğində əməkhaqqı alacaq. Üstəlik, “Qalatasaray” Saneyə 3 milyon avro məbləğində imza üstəliyi də ödəyəcək. Beləliklə, Sane “Bayern”lə müqaviləsinin müddəti başa çatdıqdan – 2025-ci ilin iyun ayından sonra “Qalatasaray”a qoşulacaq.

Leroy Sane futbola “Vattenşayd” klubunda qədəm qoyub. Leroy “Şalke” və “Bayer”in futbol akademiyalarında oynayıb, böyük futbolda “Şalke”nin heyətində debüt edib və buradan da “Mançester Siti”yə keçib.

2020-ci ilin iyul ayında “Bayern” 49 milyon avro məbləğ müqabilində Saneni “şəhərlilər”in düşərgəsindən tamhüquqlu əsasda öz heyətinə qatıb.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Sane “Bayern”in heyətində bütün yarışlarda 45 oyuna 13 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

Sanenin “Bayern”dəki çıxışının ümumi mənzərəsi 220 oyun, 61 qol və 55 məhsuldar ötürmədən ibarətdir.

Leroy Sane 2015-ci ilin noyabırnda debüt etdiyi Almaniya yığmasının heyətində 70 oyun keçirib, 14 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı almaniyalı hücumçunun transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
11
1
arena.az

3Mənbələr