“Bayern”dən “Qalatasaray”a keçmiş 29 yaşlı almaniyalı sağ cinah hücumçusu Leroy Sane Almaniya nəhənginin azarkeşlərinə müraciət ünvanlayıb.
Arena.az məlumat verir ki, Sane bu barədə özünü “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb:
“Bayern”in əziz azarkeşləri, Münhendəki beş zəngin ildən sonra, mən növbəti mövsümdə yeni fəsil açmaq qərarına gəldim. Mən Almaniyanın ən yaxşı və ən böyük klubunun futbol köynəyində 200-dən artıq oyun keçirməyimlə hüdudsuzcasına qürur duyuram və bizim birlikdə qazandığımız qənimətləri xoş istiliklə xatırlayacağam.
Kluba, məşqçilər qərargahına, pərdə arxasında çalışan hər kəsə, mənim komanda yoldaşlarıma, xüsusən də sizlərə, azarkeşlərə birlikdə keçirdiyimiz vaxt və yaratdığımız xatıirələr müqabilində təşəkkürümü bildirirəm. Mən “Bayern”də keçirdiyim vaxta görə həmişə minnətdar olacağam”, – Sane dərc edib.
Xatırladaq ki, Sane “Qalatasaray”la 3 illik müqaviləyə imza atıb. Almaniyalı futbolçu Türkiyə nəhənginə azad agent qismində qoşulacaq. Sane İstanbul klubunda ildə 9 milyon avro məbləğində əməkhaqqı alacaq. Üstəlik, “Qalatasaray” Saneyə 3 milyon avro məbləğində imza üstəliyi də ödəyəcək. Sane “Bayern”lə müqaviləsinin müddəti başa çatdıqdan – 2025-ci ilin iyun ayından sonra “Qalatasaray”a qoşulacaq.
Leroy Sane futbola “Vattenşayd” klubunda qədəm qoyub. Leroy “Şalke” və “Bayer”in futbol akademiyalarında oynayıb, böyük futbolda “Şalke”nin heyətində debüt edib və buradan da “Mançester Siti”yə keçib.
2020-ci ilin iyul ayında “Bayern” 49 milyon avro məbləğ müqabilində Saneni “şəhərlilər”in düşərgəsindən tamhüquqlu əsasda öz heyətinə qatıb.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Sane “Bayern”in heyətində bütün yarışlarda 45 oyuna 13 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.
Sanenin “Bayern”dəki çıxışının ümumi mənzərəsi 220 oyun, 61 qol və 55 məhsuldar ötürmədən ibarətdir.
Leroy Sane 2015-ci ilin noyabırnda debüt etdiyi Almaniya yığmasının heyətində 70 oyun keçirib, 14 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı almaniyalı hücumçunun transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.