Şəmkirçay su anbarında 2 nəfərin boğularaq ölməsinin bəzi detalları üzə çıxıb.
Bizim.Media Unikal-a istinadən xəbər verir ki, su anbarında boğulub ölən hər iki şəxs sözügedən əraziyə istirahətə gediblər.
Onlar istirahət edən zaman 2005-ci il təvəllüdlü Aliyə Həsənova su anbarında çimmək üçün suya girib. Bu zaman gənc qız suda boğulub. Onun boğulduğunu görən rayonun Seyfəli kənd sakini 2004-cü il təvəllüdlü Ümid İbrahimov özünü suya atıb. Nəticədə hər iki şəxs su anbarında boğularaq ölüb.
Onların suda boğulduğunu görən Ümid İbrahimovun dostu Fazil Həsənov dərhal FHN-ə məlumat verib. Əraziyə məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan biri, 2004-cü il təvəllüdlü Ümid İbrahimovun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda suda batan digər şəxs, 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın axtarışları davam edir.
Su anbarında boğularaq ölən hər iki şəxsin sevgili olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media