AZ

Heydər Əliyevə qarşı çıxan vəzifəli şəxslər sonradan onu dəstəklədilər - MÜSAHİBƏ

Milli Məclisin sabiq deputatı, məşhur "91-lər"in sırasında Yeni Azərbaycan Partiyasını (YAP) yaradanlardan olan tibb elmləri doktoru, professor Südeyf İmamverdiyevlə müsahibə üçün onunla uzun müddətdir işlədiyi Respublika Klinik Xəstəxanasında görüşdük. İşinin çox olması səbəbindən Modern.az-ın redaksiyamıza gələ bilməyən akademik bizim üçün nahar vaxtını ayırmışdı. 87 yaşlı Südeyf İmamverdiyevi görəndə onun gümrahlığı bizi təəccübləndirdi. 
1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan “91-lər”in üzvü ilə görüşümüzün səbəbi 15 iyun - Qurtuluş günü ilə əlaqəli idi.
Südeyf İmamverdiyev 10 il (1995-2005) deputat fəaliyyəti göstərib. 

Onunla müsahibəni təqdim edirik: 

- Südeyf müəllim, vaxtilə "91-lər"in təşəbbüsü ilə başlayan siyasi proseslər bu gün necə qiymətləndirilməlidir? 

- “91-lər” hərəkatı Azərbaycanda gedən dağıdıcı proseslərin insanların təfəkkürünə, həyatına və ölkənin ümumiyyətlə parçalanma təhlükəsinə münasibətə bağlı yarandı. 1992-ci il üçün artıq Azərbaycan torpaqlarının işğalı addım-addım davam edirdi. Təcavüzkar Ermənistana və ona dəstək olan Sovet qoşunlarının qalıqlarına müqavimət göstərmək mümkün olmurdu, eyni zamanda ölkədə hakimiyyət sıradan çıxmışdı. İqtidarda onlarlar ölkəni səviyyəli idarə etmək əvəzinə dağıdıcı prosesləri izləyir, təkan verirdilər. Separatçılıq Cənubda, Şimalda, Qərbdə ölkəni bürümüşdü. Hər partiya özünə ordu yaradırdı, hərəsinin bir iddiası var idi. Ziyalılar, bu prosesləri izləyən Azərbaycan vətəndaşları vəzifəyə gələn insanların o posta layiq olmadığını qısa zamanda gördü. Ona görə də, ziyalılar prosesləri araşdıraraq, düşüncələrini o dövrdə xüsusi əhəmiyyət kəsb edən tərəfə yönəltdilər. Bu tərəf Naxçıvanda baş verən hadisələr idi. Ulu öndər Heydər Əliyev bir vətəndaş kimi 1990-cı ilin iyul ayında Naxçıvana gəldi və xalqın məhəbbət, istəyi, xahişi ilə dövlət rəhbərliyinə seçildi, Naxçıvan Ali Məclisinin sədri oldu və dağıdıcı proseslər gedən Naxçıvanı xilas etdi. Ziyalılar gördü ki, dünya siyasi məkanında, SSRİ adlı böyük ölkənin idarəçilər siyahısında ilk yerlərdə olan Heydər Əliyev kimi azərbaycanlı ola-ola, 1992-ci ildəki iqtidarın hərəkətlərinə laqeyd qalmaq olmaq? Ona görə məqsəd qoymaq lazım idi ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlsin. Bu düşüncə “91-lər”in Heydər Əliyevə müraciəti ilə nəticələndi. Biz müraciət etdik ki, siz razılıq verin, partiya yaransın. Partiyanın yaranmasına Heydər Əliyevin razılıq verməsi xüsusi əhəmiyyət kəsb edirdi. Çünki o, Naxçıvanın rəhbəri olaraq heç vaxt Azərbaycana hakimiyyətə gəlmək haqqında düşünməmişdi. Bu hərəkat isə partiyanın yaranması və ona rəhbər olmaq xahişini ortaya qoymuşdu. Əgər Heydər Əliyev partiyanın yaranmasına razılıq versə, deməli bu onun ölkə rəhbərliyinə gəlməyə razılıq verməsi demək olacaqdı. Heydər Əliyevi həmin dövrdə də çox adam sevirdi, amma bunu birbaşa deyə bilən az adam tapılardı. Çünki həmin dövrdə hakimiyyətdə olanlar Heydər Əliyevə qarşı ciddi qarayaxma kampaniyası aparırdılar. “91-lər”in aktiv şəkildə Heydər Əliyevi dəstəkləməsi və partiyanın yaradılması dağ seli kimi ölkəyə yayıldı və insanlar Ulu öndəri dəstəkləməyə başladılar. “91-lər”in hərəkatı, həm də bugünkü nəticə ilə qiymətləndirilməlidir. 

“Tək çıxış yolunu Heydər Əliyevi Bakıya çağırmaqda gördülər”
 

- Həmin dövrdə bu addımı atmaq – Heydər Əliyevi hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləmək nə dərəcədə riskli idi?

- O dövrdə Heydər Əliyevin həyatı da riskli idi, baxmayaraq ki, o, Ali Məclisin sədri idi, amma Bakıdakı dövlət rəhbərliyi onu vəzifədən uzaqlaşdırmaq düşüncəsini heç vaxt diqqətlərindən yayındırmamışdılar. Ona görə 1992-ci ilin oktyabrın 4-də Naxçıvanda çevriliş etmək istədilər və respublika rəhbərliyi - Azərbaycan Xalq Cəbhəsi-Müsavat birliyinin dəstələri hücum edib Naxçıvanda telestudiyanı, polis rəhbərliyinin idarələrini tutmuşdular və hazırlaşırdılar ki, Heydər Əliyevin oturduğu iqamətgahı - Ali Məclisi də zəbt etsinlər. Bunun üçün xüsusi polis dəstələri hazırlamışdılar. Heydər Əliyev o dövrdə Naxçıvan vətəndaşlarına və Ermənistandan qaçqın düşüb orada yaşayanlara müraciət etdi. Nəticədə on minlərlə insan Ali Məclisin önünə yığışdı, Heydər Əliyevi müdafiə etdi. Qaldı ki, “91-lər”lə bağlı, kim Heydər Əliyevi müdafiə edirdisə, ona qarşı da bu və ya digər şəkildə aksiya ola bilərdi. Amma böyük bir ziyalı qrupunun müraciətindən sonra hamını həbs etmək mümkün olmazdı.
Mənə müxtəlif adamlar telefon açıb deyirdilər ki, o müraciətə niyə qol çəkmisiniz, nəyinizə lazımdır siyasət, siz ölkədə tanınan akademiksiniz və sair... Mənə deyirdilər ki, sizi də işdən uzaqlaşdıra bilərlər, yoldaşınızı da. O vaxt da həyat yoldaşım Sevda xanım Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının birinin direktoru idi. Hamı deyirdi özünüzü xilas etmək üçün qəzetə müraciət edib yazın ki, "mənim adımdan istifadə ediblər, o müraciətə qol çəkməmişəm". Mən də deyirdim ki, biz bunu düşünərək edirik və başqa yolumuz yoxdur. Həmin dövrdə ölkədə vətəndaş müharibəsinə səbəb olan hakimiyyət nümayəndələrinin özlərinin də həyatı təhlükədə idi. Artıq gördülər ki, öz həyatları da təhlükədədir, tək çıxış yolunu Heydər Əliyevi Bakıya çağırmaqda gördülər.  

- Şahlar Əskərov bizə müsahibəsində demişdi ki, Elçibəy “91-lər”dən olmasa da, Heydər Əliyevi dəstəkləyən və hakimiyyətə gətirən şəxslərdən olub. Bu fikirlə nə dərəcədə razısınız? 

- Bu birmənalı şərh oluna bilməz. Əgər Elçibəy Heydər Əliyevə o qədər etibar edirdisə, onu elə 1 il əvvəl çağırardı da, seçkiyə gedəndə deyərdi ki, gəlin seçkidə iştirak edin, ya da bir vəzifə təklif edərdi, deyərdi gəl Baş nazir ol. O dövrdə Elçibəyin Heydər Əliyevə müraciət etməsi və dövlət rəhbərinin təyyarəsi ilə Bakıya çağırmasının səbəbi özlərini qurtarmaq idi. Elçibəy başa düşdü ki, ölkə rəhbəri kimi heç nəyi idarə edə bilmir. Bütün proseslər onun nəzarətindən kənarda baş verirdi. Sadəcə milli ruhu var idi, başa düşürdü ki, iş ondan keçib. Özünü idarəetmədə təsdiq edən birinin bu proseslərə nəzarət etməsi lazım idi, Elçibəy də məcbur qalıb o addımı atdı. 

- Bir neçə gündür sosial şəbəkələrdə yenə 4 iyun hadisələri barədə danışırlar. Qarşılıqlı ittihamlar, müxtəlif fikirlər səsləndirilir. Həmin vaxtda mövcud olmuş vəziyyət sizcə, necə idi?

- Dövləti necə idarə etmək rəhbər vəzifəyə kimlərin gətirilməsindən aslıdır. Bunlar necə bir adamı rəhbərliyə gətirmişdilər ki, sonradan o, dövlətə hücum etdi. Vəzifəyə gətirdiyin adam sərəncamı, qanunu vecinə almayıb öz istədiyini edirsə, demək dövlət idarəçiliyində kadr siyasəti düzgün qiymətləndirilməmişdi. Bütün problem də elə buradan qaynaqlanırdı.



- Heydər Əliyevlə keçirdiyiniz hansı görüşü heç vaxt unutmursunuz?

- Heydər Əliyev partiya yaranandan sonra Bakıya gəldi. Montin qəsəbəsində yerləşən Energetika İnstitutunda görüşümüz baş tutdu. 1993-cü ilin mart ayı idi. Qardaşı akademik Həsən Əliyevin rəhmətə getdiyi vaxtlar idi, 40 mərasimi üçün gəlmişdi. Bakıya gəlişi ilə bağlı Siyasi Şura üzvlərinin müəyyən hissəsi ilə görüş təşkil etdi. Biz ora yığışdıq ki, fikir mübadiləsi aparaq, partiyanın yerlərdəki fəaliyyətini müzakirə edək. Bu görüş Siyasi Şura üzvlərinin də fikirləri ilə yaxından tanış olmaq istəyi ilə bağlı idi. Biz 30 nəfərdən çox idik. O, 30 nəfərin hamısına sona qədər qulaq asdı və heç kəsin sözünü kəsmədi. Görün nə qədər yüksək səviyyəli, səbirli insandır. Səbirli olmaq ən ali təfəkkürdür. Başqasının fikirlərinə hörmət etməklə qalmır, Heydər Əliyev həm də səslənən bütün fikirləri, iradları partiyanın düzgün istiqamətlənməsi üçün də istifadə edirdi. Bir hadisənin də xüsusi əhəmiyyəti var idi. Bir nəfər belə bir fikir ortaya qoydu ki, Heydər müəllim, siz görürsünüz ki, ayrı-ayrı siyasi partiyaların hərbi dəstələri var, biz də özümüzü müdafiə etmək, qorumaq üçün silahlı dəstə yaradaq. Ulu öndər dedi ki, ağıl olan yerdə o qüvvəyə ehtiyac yoxdur. Sonrakı çıxışlarında da deyirdi ki, “mən sizə, xalqa güvənirəm”. Bütün həyatı boyu da xalqına güvəndi, xalqını sevdi. 

-  Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə kimi hansı əsas ideoloji dəyişikliklərdən keçib?

- İdeya Ulu öndərin ideyası idi və o da davam edir. Bu gün Yeni Azərbaycan Partiyasının rəhbəri cənab İlham Əliyev məhz Heydər Əliyevin siyasətini həyata keçirir. Bu ayrı şeydir ki, dövran, tələblər, şərait dəyişir, nəticədə bu və digər formada ona uyğun fəaliyyət növləri yaradılır. O fəaliyyət növlərinin də biri Heydər Əliyevin yaratdığı sistem, ideologiyasına bağlı Azərbaycanın inkişaf yolu böyük iqtisadi imkanların ölkədə bərqərar olmasına gətirib çıxardı. Heydər Əliyevin qoyduğu əsaslar üzərində Azərbaycan inkişaf etməyə başladı. Xalqımız sonra yenə də ağıllı addım atdı, Ulu öndəri hakimiyyətə gətirən xalqın gözü tərəzidir, o bunu bir daha sübut etdi və İlham Əliyevi prezident seçdi. İlham Əliyev Heydər Əliyevin ideyaları ilə Azərbaycanın imkanlarından çox yaxşı istifadə edib bütün sahələri inkişaf etdirdi. 

"Hər kəs YAP-a üzv ola bilər"

- O vaxt Heydər Əliyevə müxalif olanlar, sonradan YAP-ın üzvü olmaq üçün partiyaya müraciət etdilər. Sizin onlara qarşı münasibətiniz necədir?

- Kim fərqli partiyada, mövqedə gördüklərini düzgün qiymətləndirə bilirsə və bu yola qovuşmaq düşüncəsini qarşısına qoyursa, sağ olsun. Deməli o, vətəninə, millətinə bağlı vətəndaşdır. Görür ki, hər bir proses gözünün qarşısında, xalqının inkişafına yönəlib. Həmin insanlar da nəticə çıxarırlar, praktiki təcrübəsində düzgün fikrə gəlirlər. Onlara yol açıqdır. Biz Yeni Azərbaycan Partiyası olaraq onları bu yola dəvət edirik. Bizimlə olsunlar – vətənlə, xalqla, rəhbərlə birlikdə bu işıqlı yolda davam etsinlər. Onlarda da bu və digər formada vətəndaşlıq mövqeyi var. Axı onlar da insandır, ailələri var. Görürlər əvvəl həyat darmadağın olurdu, indi isə hər şey qaydasına düşüb. Psixoloji və məntiqi olaraq səhv yoldan yayınır. Sovet dövründən böyük vəzifələrdə olan, Heydər Əliyevlə bağlı əsassız çıxışlar edən insanlar Azərbaycanın dağıldığını görüb onun hakimiyyətə gəlməyini istədilər. Düşünərək, analiz edərək gördülər ki, nəyi, necə etmək xalq üçün daha yaxı olar. 

- Deputat olduğunuz dövrdə hansı qanunların qəbulunda xüsusi iştirakınız olub?

- Mən 10 il Milli Məclisin üzvü olmuşam. O dövr yeni yaranan və sarsıntılı müstəqillik illəri idi. Baxmayaraq ki, 1991-ci ildə müstəqilliyimizi elan etmişdik, amma o, Heydər Əliyevin hakimiyyətə gəlməyindən sonra möhkəmləndi. Milli Məclisdə olanda bir çox qanunların qəbulunda iştirak etdik. Əsasən də “Dərman təchizatı haqqında” Qanunun, sosial mühitdə ailələrə yardım, müxtəlif kateqoriyalardan olan şəxslərə müavinətlərin verilməsi ilə bağlı qanunların qəbulunda fikirlərimizi irəli sürürdük. Çətin dövr idi. Həmin dövrdə Azərbaycanda iqtisadi imkanlar o qədər də yüksək deyildi. İndiki zamanla müqayisə oluna bilməzdi. Hamı deyirdi hər şeyimiz olsun, amma vətəni də azad edin. Çalışırdıq insanlara düzgün mövqe tutmaqda kömək edək. Ölkə yeni-yeni formalaşırdı, amma heç kim ayağını yorğanına görə uzatmaq istəmirdi. Hamı deyirdi nəyiniz var, bizə verin. 



- Milli Məclisdə müzakirələrin səviyyəsi və deputat məsuliyyəti baxımından keçmiş dövrlə bu günü necə müqayisə edərdiniz?

- Bu düzgün yanaşma deyil. Dövrə uyğun proseslər də formalaşır. Çox ləyaqətli gənclərimiz var - vəzifəyə hazır, yaxşı savad alan, həyat təcrübəsi olan, müxtəlif sahələrdə özünü təsdiqləyən. Dövlət siyasətinin aparılmasında Milli Məclisin bugünkü dəstəsi də ləyaqətlə öz fəaliyyətini göstərir.

- Keçmiş və indiki deputatlardan kimlərlə əlaqəniz qalır?

- Kimlər vardısa, hələ də onlarla mehriban münasibətdəyik. Dövrün çətin mərhələlərini yaşayan əziz dostlarımız çoxdur. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında çalışan üzvlərlə münasibətimiz çox yaxşıdır. Onların 80 faizini yaxşı tanıyıram. Böyük hörmətim var. Bəzilərini o qədər də yaxşı tanımıram, amma baxırsan savadlı, özlərini hörmətlə aparan adamlardır. 

- Heç peşman olduğunuz bir siyasi mövqe və ya səsvermə olubmu?

- Nə danışırsınız, biz vətənə xidmət etmişik. Heydər Əliyevi nə üçün Azərbaycana gəlməyini istəyirdik? Vətəndaş olaraq düşünürdük ki, elə azərbaycanlı hakimiyyətə gəlməlidir ki, o işi görə bilsin. Dövləti xilas etsin, elə də oldu. 

- Hazırda YAP Veteranlar Şurasında gördüyünüz işlər barədə danışa bilərsinizmi? Əsas prioritetləriniz nələrdir?

- Bizim rolumuz ümumi aparılan dövlət siyasətinin, partiyanın təbliği ilə məşğul olmaqdır. Bu sahədə müxtəlif istiqamətdə respublika ərazisində görüşlər, fikir mübadilələrimiz olur. Əsas məqsədimiz dövlət siyasətini mümkün qədər çox gənclərə ötürməkdir. Gənclər gərək öz tarixini yaxşı bilsinlər, çətinliklər barədə məlumatlansınlar, o çətinliklərdən necə qurtulduq onlar haqda bilgilənsinlər ki, gələcəkdə də bu istiqamətdə işlər görsünlər. 

- Gələn ay 87 yaşınız tamam olur. Maşallah, gümrah qalmısınız. Bunun sirrini bölüşə bilərsiniz?

- Vətənə məhəbbət, Azərbaycan xalqına məhəbbət. Hər şeyin qədrini bilmək. Bu hər şeyi müəyyən edir. Bir azərbaycanlının uğuruna sevinirsənsə, bu çox böyük ruhdur. Söhbət sənin öz övladından getmir, sənin xalqın, ölkən, gənclərin, vəzifədə olan ağıllı idarəçinə qədər hər kəsin uğuruna sevinmək lazımdır. 

Seçilən
47
1
modern.az

10Mənbələr