AZ

Seyid Abbas Ərağçi: İran nüvə sazişini imzalamağa hazırdır

Bakı, 15 iyun, AZƏRTAC

Bu saatlarda Tehranda keçirdiyi mətbuat konfransında çıxış edən İranın xarici işlər naziri Seyid Abbas Ərağçi bəyan edib ki, rəsmi Tehran İranın nüvə proqramının məhdudlaşdırılması haqqında sazişi imzalamağa hazırdır. Lakin İran dinc və elmi məqsədlər üçün nüvə araşdırmasına son qoymayacaq. Əgər qarşı tərəf İranda dinc məqsədlər üçün nüvə araşdırmasına son qoymağı tələb etsə, rəsmi Tehran bununla razılaşmayacaq.

ABŞ ilə danışıqların 6-cı mərhələsinin başlaması ərəfəsində İranın İsrail tərəfindən bombalanması onu deməyə əsas verir ki, İsrail diplomatik yollarla problemin həll olunmasına qarşıdır.

AZƏRTAC xəbər verir ki, Abbas Ərağçinin sözlərinə görə, İran saziş üzrə hazırladığı planı Amerikaya təqdim etməyə və danışıqları sazişin imzalanması ilə nəticələnəcəyi təqdirdə davam etməyə hazırdır.

Nazir bildirib ki, İran İsraili bombardman etməyi dayandırmağa da hazırdır. Lakin İsrail də dərhal Tehran və digər şəhərlərin bombardman edilməsini dayandırmalıdır. İranın hərbi arsenalında hipersəsli raketlər var və lazım gələrsə bundan yenə də istifadə ediləcək.

Qeyd edək ki, ötən gecə İran İsrailin Hayfa şəhərinə hipersəsli raket atıb və İsrailin hava hücumundan müdafiə qüvvələri bu raketi zərərsizləşdirə bilməyib.

İranın xarici işlər nazirinin mətbuat konfransı davam edir.

Seçilən
29
48
azertag.az

10Mənbələr