AZ

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

Biz heç vaxt müharibə istəməməşik və danışıqları davam etdirib əmin amanlıq yaratmağa çalışmışıq. Lakin buna baxmayaraq, bizə qarşı müharibə başlatdılar.

AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran hökumətinin nümayəndəsi Fatimə Möhacerian Tehranda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İsrailin bombardmanı nəticəsində 30-dan çox uşaq və qadın həlak olub, İranın bütün hava limanlarından uçuşlar dayandırılıb.

Hökumət nümayəndəsinin sözlərinə görə, hazırda ölkə müharibə vəziyyətindədir və lazım olan tədbirlər həyata keçirilir: “Ölkədə dərman və digər tibbi ləvazimatlar, ərzaq, yanacaq, nəqliyyat vasitələrinin qıtlığı yoxdur. Məscidlər və metro stansiyaları sığınacaq üçün hazırlanıb və əhali həyəcan siqnalı zamanı bu məkanlara sığına bilər”.

“Hərbi məkanlarla yanaşı, mülki evlər də raketlə vurulur ki, bunun da nəticəsində şəhid olanların sayı artır” deyən hökumət nümayəndəsi Qərb mətbuatında “İranda yalnız hərbi obyektlər vurulur” xəbərlərini təkzib edib. İran xalqına müraciət edən nümayəndə xaricdə yaşayan iranlılara da xitabən bildirib ki, “Ölkə ağır günlər yaşayır və hamı birlik nümayiş etdirməlidir”.

Fatimə Möhacerian bildirib ki, Tehranda neft anbarının bombalanmasına baxmayaraq, şəhərdə yanacaq çatışmazlığı yoxdur. Yollar və Şəhərsalma Nazirliyinin əməkdaşları ölkənin digər yerlərində yerləşən anbarlardan yanacaq daşıyaraq paytaxtı yanacaqla təmin edirlər.

“Hazırda tibb müəssisələri, banklar və başqa hökumət idarələri çalışmaqda davam edir” deyən Fatimə Möhacerian Allahın köməkliyi ilə bu ağır günlərin öhdəsindən gələcəklərini bildirib.
Seçilən
26
5
sherg.az

10Mənbələr