AZ

27 ölkənin diplomatına Böyük Qayıdış barədə məlumat verildi - FOTO

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)”çərçivəsində keçirilən sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 27 ölkəni təmsil edən 31-ə yaxın yüksək vəzifəli diplomat üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib.
 
Moderator.az xəbər verir ki, diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Bildirilib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalarda məskunlaşıb.
 
Sədr müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən kompleks dövlət siyasəti barədə məlumat verib. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğı da xüsusi vurğulanıb.
 
Çıxış zamanı qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu istiqamət həm də regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. “Böyük Qayıdış” prosesi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.
 
Diplomatların diqqətinə çatdırılıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. 
 
Bu çərçivədə Dövlət Komitəsi ilə ADA Universiteti tərəfindən “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi haqqında məlumat verilib. Köçkünlərin reinteqrasiya tədbirlərinə cəlb edilməsi, köç prosesinin təşkili, onların maarifləndirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin icrası, xüsusi qaynar xətt xidmətinin yaradılması da komitənin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan fəaliyyətlərdən bir neçəsidir. Ermənistanın uzun illər ərzində işğal altında saxladığı əraziləri mina ilə çirkləndirməsi Böyük Qayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalmaqdadır. 
 
Tədbirdə o da qeyd olunub ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində deyil, eyni zamanda postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma yurdlarında reinteqrasiyası baxımından da dünya miqyasında nümunəvi bir model təqdim etməkdədir.
 
Diplomatlara, həmçinin Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, xalqımıza qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verilib. Dövlətimizin güclü dəstəyi sayəsində Qərbi Azərbaycan İcmasının fəal və səmərəli iş apardığı, Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya hazırlandığı, məcburi köçkünlər və qaçqınlar üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitliyin möhkəm təməlidir və bu baxımdan indiki Ermənistandan öz ata-baba yurdlarından zorla qovulmuş 300 minə yaxın azərbaycanlı qaçqının təhlükəsiz və ləyaqətlə qayıtmaq hüquqları qorunmalı və istənilən uzunmüddətli sülhün bir hissəsini təşkil etməli olduğu vurğulanıb.
 
Mühazirədən sonra Amerikada doğulub boya-başa çatmış, əsli Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan gənc Ceyhun Qarabağlının baba yurduna səfərindən bəhs edən “Bura mənim evimdir” sənədli filmi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini, insanların firavan yaşayını nümayiş etdirən video çarxlar nümayiş olunub,  eləcə də Dövlət Komitəsi tərəfindən hazırlanmış çap materialları iştirakçılara paylanılıb. Təqdim olunan materiallar diplomatlar tərəfindən böyük maraqla qarşılanıb.
 
Tədbirin sonunda sədr müavini iştirakçıların qayıdış prosesi və ümumilikdə dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını cavablandırıb.
Seçilən
4
8
moderator.az

9Mənbələr